Məhkəmə qərarları › İş №e-2(011)-813/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-813/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-813/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı Cavabdeh ilə nikahı xx.xx.2010-cu il tarixdə rəsmi qeyd etdirməklə, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. Əvəllər mehriban ailə münasibətləri olsa da, sonradan aralarındakı münasibət pozulmuşdur. Bunun nəticəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-478/2024 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş və uşaqlar iddiaçının himayəsində qalmışlar. Həmin qətnamə ilə cavabdehdən hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur.

2. Lakin hesab edir ki, həmin məbləğ bu gün üçün yetərli deyil. Belə ki, məhkəmə tərəfindən təyin olunmuş aliment məbləği uşaqların bütün maddi ehtiyaclarını qarşılamır. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İstəyir ki, məhkəmə xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimenti artırsın və hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat məbləğində sabit pul formasında aliment müəyyən etsin. Çünki cavabdeh fərdi əməklə məşğul olur. Maddi imkanı kifayət qədər yüksəkdir. Hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat aliment ödəmək cavabdeh üçün çətin deyildir.

İddiaçının tələbi:

3. Cavabdeh hesabından onun nəfinə cavabdehlə birgə nikahımdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqların saxlanması üçün Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 478/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul formasında alimentin artırılmasına, hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin müəyyən olunmasına, 50 manat mediasiya xərcinin və sabit pul formasında müəyyən olunmuş alimentin cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

4. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, onların boşanmasının səbəbi maddi qazancın az olması ilə əlaqələdir. Vəkil Nümayəndə İsa qızı, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini nəyə görə isə işə təqdim etməyib . Halbuki özü müraciət etmiş və bildirmişdi ki, onun qazancım 3000 (üç min) manatdır. (Hansı mənbələrdən ? Məncə hüquqşünas sözünü əsaslı sübuta dayanaraq söyləməlidir.) Sual olunur , bu qədər məvacib alan insanın ailəsi niyə dağılır, bankdan niyə 2500 ( iki min bey yüz) manat kredit götürür? Möhtərəm hakim, əlavə olaraq məhkəmənin qərarı ilə ona kəsilən alimenti vaxtında ödədiyinə baxmayaraq, icra orqanları yaşadıgı ünvana gəlir, zənglər eləyib söyləyirlər ki, alimenti gecikdirirsən. xx.xx.2024 tarixindən bu günə kimi uşqları ilə görüşməyi və danışmağı hər cür əngəlləyirlər. Böyük oğlu Hüseyn onun üzünə deyir ki, onunla danışandan sonra anası, babası və dayısı onunla soyuq davranırlar, ona görə danışmaq istəmir. Bu nə qədər düzgündür? Bu qədər təzyiqə dözmək sözsüz ki, dözülməzdir. Maddiyyat bu gün, mənəviyyatlarından o qədərmi üstün oldu? Bir hakim və hüquqşünas kimi qərarın ədalətli olmağı ümüdi ilə ərizəsini tamamlamaq istəyir.

İşdə iştirak edən şəxslərin izahatları:

5. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini, iddiaçının maddi imkansızlığını nəzərə alınmasını, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbini təmin etməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2025 tarixində, saat 16:30-da keçirlən iclasda iştirak etməməyini və bu barədə məlumatı gec bildirməyinin üzürlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. Şəmkir Rayon Məhkəməsinin 2(076)-478/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddla qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu ildə nömrəli Bakı şəhəri Xətal, Rayon Qeydiyyat şöbəsində 1131 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqlar İddiaçı yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 150 (bir yüz elli) manat olmaqla, cəmi 450 (dörd yüz olli) manat sabit pul məbləğində allment Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir.

8. Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı nümayəndəsi Nümayəndə mediasiya sessiyasında iştirak etmiş, X8 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. (İddiaçı 50 manat mediasiya xərcini və 5 manat poçt xərci ödəmişdir.)

9. xx.xx.2024-cü il tarixli, № 2759 saylı arayışa əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır.

10. xx.xx.2024-cü il tarixli, № 2759 saylı arayışa əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır.

11. xx.xx.2024-cü il tarixli, № 2759 saylı arayışa əsasən xx.xx.2017-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır.

12. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

14. xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiya:

3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

15. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:

8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1. İddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

25. Belə ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§16). Qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.

26. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (§23)

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§22).

28. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§14). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§15), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən, Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-478/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 150 manat aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla sabit pul məbləğində aliment xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

30. Məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında məhkəmələrə izah edilmişdir ki , məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. (§23)

Məhkəmə xərcləri:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq (MPM-in 112.1.3-cü maddəsinə əsasən (235- 150=85, 85x3=255 255x12=3060), yəni 50,60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin 2(076)- 478/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 150 manat aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin.

3. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın.

4. Cavabdeh 50,60 (əlli manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar