Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8169/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh ilə "xxxx" QSC arasında 06 fevral 2013-cü il tarixli Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir.
2. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(011)-4590/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini İnternational Legal Services” MMC-yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir.
3. Cavabdeh banka müxtəlif vaxtlarda ödənişlər həyata keçirmiş və bü ödənişlər "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC -yə 157.50 manat məbləğində xidmət haqqı ödənilmişdir.
İddiaçının tələbi:
4. Cavabdeh 157.50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İş materiallarına əlavə edilmiş sənədlər:
6. "xxxx" QSC tərəfindən verilmiş Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə.
7. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4590/2021 nömrəli qətnaməsinə əsasən, Cavabdeh 1.134,95 manat məbləğində kredit kartı borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir.
8. "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət haqqında müqaviləyə əsasən, istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və onların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir.
9. "xxxx" QSC tərəfindən Cavabdeh göndərilmiş pretenziyaya əsasən, 5 iş günü müddətində pretenziyada göstərilən cəmi 157.50 manat məbləği "xxxx" QSC-yə ödənilməsi xahiş edilmişdir.
10. xx.xx.2023-cü il tarixli "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh ilə "xxxx" QSC arasında 06 fevral 2013-cü il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2023-cü ilə təmin edilmiş,1050 manat məbləğində pul vəsaitinə görə "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 157.50 manat məbləğində xidmət haqqı ödəmişdir.
11. 01 noyabr 2021-ci il tarixli, 18 nömrəli təhvil aktına əsasən xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, 15 noyabr 2022-ci il tarixli, 21 nömrəli təhvil aktına əsasən xx.xx.2022-ci il tarixdə 50 manat, "xxxx" MMC-yə ödənilmişdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Azərbaycan Respublikasının İcra haqqında Qanunu: 2.2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, qətnamənin icra edilməsi onun icraya yönəldikdən sonra icra məmuru tərəfindən icraata başlanılaraq müvafiq icra tədbirlərinin görülməsindən ibarətdir. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Hazırki iş materiallarından aydın olur ki, müvafiq qətnamə üzrə verilmiş icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar tərəfindən şikayət verilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə bu hala istinadən qeyd edir ki, tələbkar qətnamənin icra vəziyyəti ilə bağlı hər hansı narazılığını bildirmək məqsədilə qanunda bunun üçün nəzərdə tutulmuş müvafiq hərəkətlər görməmiş, maraq və mənafelərinə toxunan və ya ona hər hansı formada ziyan vuran halın olub-olmamasının aydınlaşdırılmasını, belə bir hal mövcuddursa belə, buna səbəb olmuş hal və şəraitinin aradan qaldırılmasını tələb etməmişdir.
16. Tələbkarın "xxxx" MMC adlı hüquqi şəxslə aralarında olan “Hüquqi xidmət haqqında” müqavilə əsasında müfaviq məhkəmə qərarı üzrə borcun tələb edilməsini ona sifariş etməsi, borcun təmin edilməsi müqabilində isə "xxxx" MMC-yə 15%-i həcmində, yəni 157.50 manat xidmət haqqı ödəməsi onun müvafiq icra qurumu tərəfindən qətnamənin icrasının nəticəsini gözləmədən öz istəyi ilə həyata keçirdiyi tədbir sayılmalıdır.
17. Tələbkarın bu xidmət qarşılığında ödədiyi xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə həm də icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Lakin tələbkar tərəfindən bu tədbirin həyata keçirilməsi zərurətini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Habelə müvafiq qətnamə üzrə verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir ki, bu da hazırda eyni bir qətnamənin icrası üçün eyni şəxsdən, yəni borcludan iki dəfə icra xərclərinin tutulmasına gətirib çıxarar. Bu isə öz növbəsində ədalətlilik prinsipinə ziddir.
18. Bundan başqa məhkəmə qeyd edir ki, icra sənədinin icrasının icra məmuru tərəfindən həyata keçirilməməsi və ya hər hansı səbəbdən mümkün olmaması halında tələbkar zərurətdən irəli gələrək qətnamənin icrasının təmin etdirilməsini müqavilə əsasında hüquqi şəxsə həvalə etməsi və həmin borclunun məhz həmin hüquqi şəxsin vasitəsilə borc öhdəliyini yerinə yetirməsini sübut etmək vəzifəsi daşıyır. İş materiallarına akt, təhvil aktı və hesab fakturalar əlavə edilsə də, borclu tərəfindən həmin sənədlərdə göstərilən məbləğlərin məhz "xxxx" MMC-yə və məhz həmin məbləğdə ödənilməsini təsdiq edən sübut növü təqdim edilmədiyindən bu hal öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
19. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddia tələbi təmin edilməməlidir.
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284- 6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T ET Dİ :
1. İddia rədd edilsin.
2. İddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova