Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8360/2025 24.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdeh Şirinova (Qasımova) Aysel Mehti qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı QSC cavabdeh Şirinova (Qasımova) Aysel Mehti qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirinova (Qasımova) Aysel Mehti qızından İddiaçı QSC-nin xeyrinə 8115,71 manat məbləğində kredit bоrcu, 1156,61 manat məbləğində faiz bоrcu və 204,51 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9476,83 manat məbləğində bоrcun və ödənilmiş 114,77 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirinova (Qasımova) Aysel Mehti qızına İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Şirinova (Qasımova) Aysel Mehti qızı aylıq faiz dərəcəsi 2% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9500 (doqquz min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1384,29 manat ödəniş etmiş və onun iddiaçıya 8115,71 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün cavabdehin xx.xx.2025-ci il tarixə 207 gün üçün hesablanmış cərimə borcu 204,51 manat təşkil edir. Tərəflərin mövqeləri: İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Şirinova (Qasımova) Aysel Mehti qızı izahatında kredit borcu ilə razı olduğunu, lakin maddi imkanı olmadığı üçün ödəniş edə bilmədiyini bildirmişdir. Sübutların tədqiqi: İş materiallarındandan görünür ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh Şirinova (Qasımova) Aysel Mehti qızı arasında xx.xx.2024-cü il tarixdə imzalanmış ərizə əsasında kredit razılaşmasının (müqaviləsinin) bağlanması təsdiq edilmişdir. Ərizə ilə təsdiq edilmiş kredit razılaşmasına əsasən kredit limiti 40.000 manat, kredit limitinin müddəti 48 ay, keditin maksimum faiz dərəcəsi 2% müəyyən edilmiş, 48 ay müddətinə 9500 manat məbləğində kredit verilmişdir. Ödəniş planına əsasən kredit razılaşması üzrə Şirinova (Qasımova) Aysel Mehti qızı tərəfindən aylıq ödənilməli məbləğ 313 manat təşkil edir. İddiaçı "xxxx" QSC tərəfindən cavabdeh Şirinova (Qasımova) Aysel Mehti qızına xx.xx.2025-ci il tarixdə ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 056A********** nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixinə 8115,71 manat əsas, 1156,61 manat faiz, 204,51 manat cərimə borcu olmaqla, cəmi 9476,83 manat borcu yarandığı bildirilmiş, banka olan bütün borc məbləğinin xx.xx.2025-ci il tarixədək ödənilməsi təklif edilmiş, əks təqdirdə ümumi kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024 – xx.xx.2025-ci il tarix aralığını əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, cavabdeh Şirinova (Qasımova) Aysel Mehti qızı tərəfindən, xx.xx.2025-cı il tarixində 28,22 manat məbləğində ödəniş edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixli 056A********** nömrəli kredit razılaşması üzrə əsas borcu 8115,71 manat, faiz borcu 1156,61 manat, cərimə borcu 204,51 manat olmaqla, cəmi borcu 9476,83 manat təşkil edir. İşin müəyyən edilən halları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 056A********** nömrəli kredit razılaşması bağlanmışdır. Razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, aylıq 2% olmaq şərtilə, 9500 manat kredit verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə hər ay 313 manat ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqaviləyə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 744.3. Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Maddə 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin şərtlərinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı istehlak məqsədilə veridiyi borc pulu, aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə verməklə (onun mülkiyyətinə keçirmklə) özünün müqavilə ilə müəyyən edilmiş öhdəliyini icra etmişdir. Lakin cavabedeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini qismən icra etməklə, yəni aldığı krediti və ona hesablanmış faizləri iddiaçıya tam qaytarmamaqla öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər icra edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin, iddianın 204,51 manat dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh Şirinova (Qasımova) Aysel Mehti qızı tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, həm əsas borc və cərimə borcunun nisbəti, həm də cavabdehin ödənişlərin cəriməyə silinmiş məbləğlər nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu ağlabatan həddə azaldılaraq xx.xx.2024-cü il tarixli 056A********** nömrəli kredit razılaşması üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alındıqdan sonra, iddia tələbi qismən təmin edilməli və xx.xx.2024-cü il tarixli 056A********** nömrəli kredit razılaşmasına əsasən 8115,71 manat məbləğində əsas borc, 1156,61 manat faiz borcu və 100 manat cərimə borcu cavabdeh Şirinova (Qasımova) Aysel Mehti qızından tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Lakin, cavabdehdən tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 113,72 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Şirinova (Qasımova) Aysel Mehti qızından 8115,71 manat əsas borc, 1156,61 manat faiz borcu, 100 manat cərimə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 113,72 manat dövlət rüsumu olmaqla, cəmi 9486,04 manat (doqquz min dörd yüz səksən altı manat dörd qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 1,05 manat (bir manat beş qəpik) hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-8360/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8360/2025
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver