Məhkəmə qərarları › İş №e-2(011)-839/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-839/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-839/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 100.000 manat borc məbləğinin və 390 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bank sahəsində işləmişdir. Cavabdeh ilə 2009-cu ildən bankda işləyən zaman tanış olmuşdular. Həmin ərəfədə Cavabdeh pul qazanmaq məqəsdi ilə ona biznes ortaqlığı təklif etmişdir. Cavabdeh maddi dəstək olduğu halda iddiaçını öz biznes ortaqlığına şərik edəcəyini demişdir. Cavabdehlə aralarında Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış xx.xx.2015-ci il tarixli borc müqaviləsinə əsasən 01 il müddətinə qaytarmaq şərti ilə ona 171.000 ABŞ dolları borc pul verilmişdir. Cavabdeh bağlanmış müqavilədə göstərilən öhdəliklərini icra etmədiyi üçün Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofisində saziş bağlanaraq xx.xx.2015-ci il tarixli borc müqaviləsinin ikinci bəndində qeyd edilən 1 il müddətin 3 il müddətinə dəyişdirilməsi, yəni borcu tam olaraq xx.xx.2023-cü il tarixədək tam ödəniş etməsi barədə razılığa gəlmişdilər. Amma buna baxmayaraq, cavabdeh borc müqaviləsi üzrə öhdəliyini bu günədək icra etməkdən boyun qaçırmışdır. Cavabdeh ümumi 171.000 ABŞ dolları borcundan xx.xx.2016-cı il tarixdə 1.467 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 647 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1.000 ABŞ dolları və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 500 manat pul qaytarmışdır. Lakin əlavə ödənilməmiş borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Tərəfindən onun barəsində etmiş olduğu şikayət Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-də araşdırılmış və xx.xx.2024-cq il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərardan da görünür ki, cavabdeh qeyd olunan məbləğdə borcu iddiaçıdan aldığını özü də səmimi etiraf etmişdir. Təhqiqat şöbəsində iş araşdırılarkən o, borcunu 2024-cü ilin sentyabr ayında tam ödəyəyəcəyini söz vermiş olsa da, o, borcunu ödəməmiş və nəticədə iddiaçı məhkəməyə müraciət edərək borcun ondan məhkəmə qətnaməsi əsasında alınaraq ona verilməsi məcburiyyətində qalmışdır. Hazırki vaxtda cavabdehin də maddi imkanını nəzərə alaraq iddiaçı ondan ümumi hesablanmış borcun 100.000 manat hissəsini cavabdehdən tələb etmək qərarına gəlmişdir. Kredit müqaviləsinin 2-ci bəndindən göründüyü kimi, cavabdeh bu günədək borcunu qaytarmamışdır. Yuxarıda qeyd etdiyi kimi iddiaçı həmin pul məbləğini dostu Hafiz Səlimovdan 2023-cü ilin fevralayınadək qaytarmaq şərti ilə almışdır. Bu gün də Hafiz Səlimov haqlı olaraq həmin borcu ondan tələb edir, amma buna baxmayaraq həmin borc pul cavabdehə verildiyindən cavabdeh həmin borcu ona qaytarmaqdan qərəzli olaraq boyun qaçırır. Hər dəfə onunla görüşüb və ya telefonla danışıb borcu ondan tələb etsə də heç bir nəticəsi olmur, o müxtəlif bəhanələr gətirərək borcu qaytarmaq istəmir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, iddiada qeyd olunduğu kimi Cavabdeh ümumi 171.000 ABŞ dolları borcundan xx.xx.2016-cı il tarixdə 1.467 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 647 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1.000 ABŞ dolları və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 500 manat pul qaytarmışdır. Sual-cavab zamanı o bildirmişdir ki, cavabdehin öz qeydiyyat dəftərində qeyd etməklə İddiaçı qaytardığı 7.441 ABŞ dollarının qaytarılmasına dair cavabdehin izahatlarının həqiqiliyini qəbul edir. Yəni ümumilkdə 7.441 ABŞ dolları məbləğinin qaytarılmasını qəbul edir. Buna baxmayaraq, cavabdehin borclu olduğu məbləğ iddiada göstərilən məbləğdən də artıq olduğundan, iddiaçı 100.000 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, o, iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə faizə borc pul alıb. İddiaçı borcu cavabdehə 5 faizlə vermişdir. Elə pul məbləğləri vardır ki, iddiaçıya qaytarsa da öz qeyd dəftərinə yazmamışdır. İddiaçının hesabatın düzgün gəlmədiyini görəndə qaytardığı pulların öz dəftərində qeydiyyatını aparmağa başlamışdır və iddiaçıdan da dəftərdə imza etməsini istəmişdir. Dolların devolvasiyasınadək hər zaman pulu vaxtında qaytarmışdır, devolvasiyadan sonra isə ziyana düşərək işləyə bilməmişdir. O, ticarətlə məşğul olurdu. İndiyədək iddiaçıya qaytardığı pullar hesablanılarsa, onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçının tələb etdiyi faiz puludur. O, iddiaçıdan ümumilikdə 30.000 manat borc götürmüşdür. O, iddiaçıdan pulu dollarla deyil, manatla almışdır. Onlar arasında bir neçə müqavilə imzalanmışdır. İddiaçı müqavilələrin bağlanmasına onu hədə-qorxu ilə məcbur etmişdir. Həmin tarixdə yazdığı əlyazma müqavilə də hədə təsiri altında yazılmışdır. Uzun müddət keçdiyi üçün müqavilələri saxlamamışdır və işin bu həddə çatacağını gözləməmişdir. O qeyd etmişdir ki, iddiaçıya dəftərdə qeyd etdiyi pullardan xx.xx.2017-ci il tarixdə 1.500 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 1.000 ABŞ dolları, sonra qeyd etmədiyi tarixdə 1.000 ABŞ dolları, sonra qeyd etmədiyi tarixdə 1.000 ABŞ dolları, sonra qeyd etmədiyi tarixdə 1.000 ABŞ dolları, sonra qeyd etmədiyi tarixdə 1.941 ABŞ dolları olmaqla, ümumilikdə 7.441 ABŞ dolları qaytarmışdır. Qalan qaytardığı xeyli məbləğdə pul vəsaitlərini özündə qeydiyyatını aparmamışdır. Sual-cavab zamanı Cavabdeh bildirmişdir ki, ona möhlət verilərsə o iddiaçının tələb etdiyi məbləği qaytaracaqdır. O bildirmişdir ki, əslində tərəflərin borc münasibətləri 2010-cu ildən başlamışdır. O, iddiaçını vasitəçi vasitəsilə tanımışdır və ondan ticarət üçün faizlə 10.000 manat borca pul almışdır. Daha sonra iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə faizə borclar alırdı. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: -İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 171.000 ABŞ dolları pulu bir il müddətinə qaytarmaq şərti ilə vermiş və sonuncu həmin pul vəsaitini qəbul etmişdir. Müqavilə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmişdir. -İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Sazişin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilməklə bağlanılmış xx.xx.2015-ci il tarixli borc müqaviləsinin 2-ci bəndinədə qeyd edilən 1 il müddət (borcun qaytarılması müddəti) 3 il müddətinə dəyişdirilmişdir. -Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı Əsqər oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, Cavabdeh 171.100 ABŞ dolları məbləğində pul borcu vardır. 2015-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdə 1467 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 647 ABŞ dolları, xx.xx.2021-cü il tarixdə 1000 ABŞ dolları və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 500 manat pul qaytarmışdır. - Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış əlyazma müqavilədə qeyd edilmişdir ki, Cavabdeh uşaq və qadın ayaqqabılarının satışı üçün 1 il müddətinə hissə-hissə qaytarmaq şərti ilə 171.100 ABŞ dolları məbləğini İddiaçı almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, xx.xx.2015-ci il tarixdən tərəflər arasında 171.100 ABŞ dollarının borc verilməsinə dair mülki hüquq münasibətləri yaranmışdır. Borcun qaytarılması vaxtı ilk dəfə 1 il müddətinə müəyyən edilmiş, sonrakı yazılı razılaşmaya əsasən həmin müddət 3 il müddətinə dəyişdirilmişdir və borc müqaviləsi üzrə son icra müddəti xx.xx.2019-cu il tarixi olmuşdur. İş materialları ilə müəyyən edilir ki, yaranmış borcla bağlı polis orqanlarında araşdırma aparılarkən cavabdeh iddiaçıdan 171.000 ABŞ dolları borc aldığını, həmin borcdan xx.xx.2016-cı il tarixdə 1.467 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 647 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 500 manat olmaqla, cəmi 4.114 ABŞ dolları və 500 manat pul qaytarmışdır. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə 1.500 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 1.000 ABŞ dolları, sonra qeyd etmədiyi tarixdə 1.000 ABŞ dolları, sonra qeyd etmədiyi tarixdə 1.000 ABŞ dolları, sonra qeyd etmədiyi tarixdə 1.000 ABŞ dolları, sonra qeyd etmədiyi tarixdə 1.941 ABŞ dolları olmaqla, ümumilikdə 7.441 ABŞ dolları qaytarmışdır. Qalan qaytardığı pul vəsaitlərinin qeydiyyatını aparmamışdır. Cavabdeh dəqiq rəqəmləri deməmişdir, lakin bir tərəfdən demişdir ki, iddiaçıdan faizlə aldığı 30.000 manat məbləğində pulu faizlə qaytarmışdır. O qeyd etmişdir ki, qediyyatını aparmadığı məbləğləri dəqiqliyi ilə səsləndirə bilmir. Digər tərəfdən, o qeyd etmişdi ki, ona vaxt verilərsə o iddiaçının iddiada qeyd etdiyi borcu qaytara bilər. Belə ki, tərəflərin izahatları ilə təsdiq olunduğundan, işin mübahisəsiz halı ondan ibarətdir ki cavabdeh iddiaçıya aldığı borc üzrə 7.441 ABŞ dolları məbləğini qaytarmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan xx.xx.2015-ci il tarixli müqavilə üzrə 171.100 ABŞ dolları borc alması halı da iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh bu halı notarial qaydada tədiqlənməklə tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilədə və polis araşdırması zamanı verdiyi izahatında təsdiq etmişdir. İddiaçının hədə-qorxu və təzyiqlərlə bağlı fikirlərinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq edilməklə bağlanılmış həmin müqavilənin bağlanılması zamanı Cavabdeh həqiqi iradə ifadəsinin hədə-qorxu və ya təzyiqin təsiri altında zədələnməsi iş materialları ilə öz təsdiqini tapmır. Bununla bağlı məhkəmə qeyd edir ki, ümumi qaydalara əsasən iradəsi zədələnmiş tərəf (cavabdeh) əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır. Əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Bu müddət kəsici müddətdir və tərəf (cavabdeh) bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirir. xx.xx.2015-ci il tarixli əqdin bağlanılması, həmin müqavilədə qeyd olunmuş halları əks etdirən cavabdehin həmin tarixli “müqavilə” adlı əlyazması, daha sonra isə xx.xx.2019-cu il tarixdə birinci qeyd edilmiş müqavilə üzrə borc öhdəliyinin icra müddətinin 3 illik müddətə uzadılması barədə müqavilənin imzalanmasından 1 il müddət (kəsici müddət) keçdiyindən, iddiaçının zorakılıq və ya hədə ilə bağlı olan iradəsinin zədələnməsinə dair dəlilləri əsaslı hesab edilə bilməz. Bununla da, xx.xx.2015-ci il tarixli borc müqaviləsi etibarlı sayılmalı, iddia tələbləri təmin edilərək, xx.xx.2015-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehdən iddia tələbləri həddində 100.000 manat pul məbləği tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borcun verilməsi öz təsdiqi tapdığından, cavabdeh tərəfindən isə borcun tam şəkildə geri qaytarılması sübuta yetirilmədiyindən, 100.000 manat məbləğində borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbləri təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 390 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 100.000 (bir yüz min) manat pul məbləği və 390 (üç yüz doxsan) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar