Məhkəmə qərarları › İş №e-2(011)-843/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-843/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-843/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-si Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstəmişdir ki, "xxxx" ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, CL-EE000010985 nömrəli kredit müqaviləsinə əsasən onlayn olaraq sms təsdiq olunmaqla Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə hesablanmaqla 15000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka borcu 15000 manat əsas, 2552.25 manat faiz borcu olmaqla, cəmi 17552.25 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 15000 manat əsas, 2552.25 manat faiz borcu olmaqla, cəmi 17552.25 manat məbləğində kredit borcunun və ödənilmiş 142.66 manat dölət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, bankla arasında hər hansı bir kredit müqaviləsinin bağlanmadığını, ümumiyyətlə ona bank tərəfindən sms göndərilmədiyini, eşitdiyinə görə həmin kredit məbləğinin götürülməsində təqsiri olan şəxs barəsində cinayət işinin aparıldığını əsas gətirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh və "xxxx" ASC-si arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli, CL-EE000010985 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 18.9% olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Müqavilə elektron qaydada tərtib edildiyindən əsli məhkəməyə tədim edilməmiş, eyni zamanda müqavilədə tərəflərin imzaları öz əksini tapmamışdır. Həmin müqavilədə xüsusi şərt: “borc alan **********32 nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir” göstərilmişdir. İş materiallarında olan "xxxx" ASC-si tərəfindən verilmiş maliyyə arayışının surətinə əsasən məlum olur ki, Cavabdeh 20 dekabr 2021-ci il tarixinə kredit müqaviləsi üzrə 15000 manat əsas borc, 2552.25 manat faiz borcu olmaqla, cəmi 17552.25 manat borcu vardır. İş materiallarında olan Cavabdeh və "xxxx" ASC-si arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli, CL-EE000010985 nömrəli Bank hesabının açılması və xidmət göstərilməsinə dair müqavilədən görünür ki, tərəflər arasında bank hesabının açılmasına və hesab üzrə əməliyyatların aparılmasına dair xüsusi şərtləri tənzimləyən müqailə bağlanmışdır. Həmin müqavilədə tərəflərin imzaları öz əksini tapmamışdır. Beləliklə, iddiaçı tərəf "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli, CL-EE000010985 nömrəli kredit müqaviləsinə əsaslanaraq iddia qaldırsa da, cavabdeh tərəfindən sms vasitəsilə elektron qaydada tərtib edilmiş kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 18.9% olmaqla 15000 manat məbləğində kreditin götürülməsinə razılıq verilməsi, eyni zamanda sms vasitəsilə cavabdeh tərəfindən həmin məbləğin götürülməsinə razılıq verməsi və həmin vəsaitin cavabdehə (cavabdehə aid bank hesabına köçürülməsi) verilməsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CL-EE000010985 nömrəli kredit müqaviləsinə əsaslanaraq, iddia qaldırsa da, həmin müqavilə üzrə kredit məbləğinin cavabdeh tərəfindən şəxsən və ya onun hesabına köçürülməsi yolu ilə qəbul edilməsini və onun borcunun mövcud olmasını sübut edə bilməmiş və məhkəmə tərəfindən sübutların təqdim edilməsi üçün kifayət qədər banka vaxt verilsə də, həmin sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 142.66 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar