Məhkəmə qərarları › İş №e-2(011)-8622/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8622/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8622/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2023-ci il tarixdə 469nkNAR/23 saylı kredit müqaviləsi bağlanmışdır (Müqavilənin giriş hissəsində qeyd edilir ki, bu müqaviləni imzalamaqla borcalan Bankım internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli kütləvi ofertasını qəbul (aksept) etmiş hesab edilir). Cavabdeh tərəfindən Müqaviləyə əsasən iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixədək, illik 15% olmaq şərtilə, 1915 manat kredit verilməsi, bank hesabı açmağı və ödəniş kartı təqdim etməyi, cavabdeh isə kreditdən məqsədli istifadə eməklə müəyyən edilmiş müddətdə krediti faizi ilə birlikdə qaytarmağı öhdələrinə götürmüşdür. Cavabdeh aldığı kredit üzrə qismən ödəniş etmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən 1879,20 manat məbləğində əsas borc, 279,31 manat faiz borcu, 188,43 manat cərimə olmaqla, cəmi 2346,94 manat məbləğində borc və 43,47 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulmasına barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 4 ay müddətinə illik 25% ödəmək şərtilə, 1915 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il, çərşənbə axşamı tarixinə iddiaçıya 1879,20 manat əsas, 279,31 manat faiz, 188,43 manat cərimə borcu olmaqla, cəmi 2346,94 manat borcu yaranmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

12. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

13. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

14. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

21. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 25% olmaqla, 1915 manat məbləğində kredit cavabdehə verilmişdir.

22. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

23. İşin mübahisəsiz halıdır ki, Bank ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

24. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 1879,20 manat, faiz borcu üzrə 279,31 manat, 188,43 manat məbləğində cərimə, ümumilikdə 2346,94 manat kredit borcunun olması göstərilmişdir.

25. Məhkəmə qeyd edir ki, Bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh Bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

26. Məhkəmənin qənaətinə görə, iddia tələbi 188,43 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

27. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 188,43 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 50 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

28. Məhkəmə həmçinin iddianın 43,47 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 1879,20 manat məbləğində əsas, 279,31 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 2208,51 manat pul, ödənilmiş 43,47 manat dövlət rüsumu Cavabdeh tutularaq “X1” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar