Məhkəmə qərarları › İş №e-2(011)-8680/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8680/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8680/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə BRCB9608640A121 saylı Birbank Cashback kredit xətt müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı (Bank) cavabdehə (Müştəriyə) “Birbank Cashback” kartı verir, həmin kartla bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, həmin kartla bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, cavabdeh isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmtə haqqı, əsas, faiz borcu və dəbbə pulu və s.) habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvədə olan Taarif drəcəsinə əsasən ödəyir. Həmçinin müqaviləyə əsasən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ 4800 manat, kartdan istifadə tarixi isə xx.xx.2016-cı il müəyyən edilmişdir. Həmçinin, bu müqavilə üzrə cavabdeh balansdan kənar məxaric orderini imzalamaqla xx.xx.2023-cü il tarixdə 416973********6352 nömrəli plastik kartı almışdır.

2. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə GTKR1185943B120 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə cavabdehə illik 25% olmaqla, 35 ay müddətinə 10100 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən kreditin aylıq ödənişi 409,32 (sonuncu ay 417,71) manat müəyyən edilmişdir. Bu kredit müqaviləsi tərəflər arasında əvvəllər bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR0986404B121 saylı kredit müqaviləsi üzrə qalıq 8654,94 manat kreditin ödənilməsi məqsədilə bağlanmışdır.

3. Cavabdeh hər iki müqavilə üzrə kredit üzrə öhdəliyini qismən icra etmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı Birbank Cashback kredit xətt müqaviləsinə əsasən 104,35 manat əsas, 23,82 manat faiz, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 7523,85 manat əsas, 313,82 manat faiz və 99,66 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cı il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən cavabdehə illik 27 faiz dərəcəsi ilə 4800 manat kredit xətti ayrılmış,elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cı il tarixli kredit müqaviləsinə əsasən isə ona illik 25 faiz dərəcəsi ilə nəğd qaydada 10100 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2023-cı il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən 104,35 manat əsas; 23,82 manat faiz; xx.xx.2023-cı il tarixli Kredit müqaviləsinə əsasən isə 7523,85 manat əsas; 313,82 manat faiz; borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqavilələri, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, həm pul vəsaitinin, həm də kartın cavabdehə verilməsini təsdiq edən Xəzinə Məxaric orderləri, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

12. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

18. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə BRCB9608640A121 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə illik 27% olmaq şərtilə, 4800 manat kredit xətti açılmış, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik 25% olmaqla, 35 ay müddətinə 10100 manat məbləğində kredit verilmişdir.

19. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

20. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

21. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2024-cü il tarixinə cavabdehin xx.xx.2023-cü ilş tarixli müqaviləyə əsasən əsas borc üzrə 104,35 manat, faiz borcu üzrə 23,82 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 7523,85 manat, faiz borcu üzrə 313,82 manat,kredit borcunun olması göstərilmişdir.

22. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

23. Məhkəmə həmçinin iddianın 99,66 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə 104,35 manat məbləğində əsas, 23,82 manat faiz borcunun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 7523,85 manat əsas, 313,85 manat faiz borcunun, həmçinin ödənilmiş 99,66 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar