Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8681/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1.517,64 manat əsas, 88,23 manat faiz, cəmi 1605,87 manat pul vəsaitinin və 36,06 manat dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 2.544,31 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərlərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən 1.517,64 manat əsas, 88,23 manat faiz, cəmi 1.605,87 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif edilmişdir, lakin cavabdehlər iddiaya dair etirazını məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (“Kreditor və ya “Bank”) ilə Cavabdeh2 (“Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə RGTK4110309A108 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1.-ci maddəsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək və təminatlılıq şərtilə 2.544,31 manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.5.-ci maddəsinə əsasən kredit 60 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. Həmin müqavilənin 2.1.-ci maddəsinə əsasən kreditdən istifadəyə görə Borcalan illik 20% (faktiki illik faiz dərəcəsi 20,49%) ödəyir. Borcalan əsas və faiz borcunun bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən ödəniş qrafiki üzrə ödənişlər gecikdirildikdə, gecikən əsas borca gündəlik 0,6% dəbbə pulu hesablanır. Müqavilənin 2.3.-ci maddəsinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə gündəlik olaraq əsas borcun qalıq məbləğinə hesablanır. İş materiallarında olan İddiaçı ASC (“Kreditor”) ilə Cavabdeh1 (“Zamin”) və Cavabdeh2 (“Borcalan”) arasında bağlanmış Z- RGTK4110309A108 saylı, xx.xx.2021ci il tarixli zaminlik müqaviləsindən görünür ki, “Zamin” RGTK4110309A108 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Borcalan”nın “Kreditor” qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və “Zamin” “Kreditor” qarşısında “Borcalan”la birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4110309A108 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. xx.xx.2021-ci il tarixli RGTK4110309A108 saylı kredit müqaviləsinə Əlavədə göstərilmiş ödəniş qrafiki Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin ödəniş cədvəlinə əsasən xx.xx.2021-xx.xx.2026-cı il tarixlərində cəmi 4.046,29 manat məbləğində kredit ödənişinin (2.544,31 manat əsas məbləğ, 1.501,98 manat faiz ödənişi olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixli RGTK4110309A108 saylı kredit müqaviləsinə əsasən 1.517,64 manat əsas, 88,23 manat faiz, cəmi 1.605,87 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildiriş məktubun surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borc bildirişi ünvanlanmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 verilmiş kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun, borca hesablanmış faiz məbləğinin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh1 aid hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən, digər Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, kredit müqaviləsi üzrə borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 36,06 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. xx.xx.2021-ci il tarixli, RGTK4110309A108 saylı kredit müqaviləsinə əsasən 1.517,64 (bir min beş yüz on yeddi manat altmış dörd qəpik) manat əsas borc, 88,23 (səksən səkkiz manat iyirmi üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1605,87 (min altı yüz beş manat səksən yeddi qəpik) manat borc məbləği və 36,06 (otuz altı manat altı qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-8681/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8681/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver