Məhkəmə qərarları › İş №e-2(011)-8748/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8748/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8748/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən 8.996,29 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 109.97 manat pulun alınıb ididaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ididaçı cavabdeh hüquqi şəxsin təsisçisi Ali Akşun adlı şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Sonuncu, sosial şəbəkədə bizneslə bağlı reklamlar yerləşdirirdi. Sonra Bakı şəhərində onlar görüşmüşlər və iddiaçı onun ofisinə getmişdir. Orada cavabdehin hüquqi şəxsi olduğunu bilmişdir. Bundan sonra iddiaçı onun şirkətinə yatırımlar etməyə başlamış və sonuncu, iddiaçıya qazancından faizlər verməyi vəd etmişdir. 02 mart 2024-cü ildə 4.300 manat və 16 mart 2024-cü ildə cavabdehin hesabına 7.000 manat pul köçürmüşdür. 02 aprel 2024-cü ildə 20.000 manat pul ödəmişdir. Nəticədə balansda 34.040 manat oturmuşdur. Həmin tarixdə yəni 02 aprel 2024-cü ildə tərəflər kredit müqaviləsi bağlamışlar. Müqavilənin 1.2-ci bəndinə görə borclu kreditora aldığı borcu 15 günün sonunda ödəyəcəkdir. Həmin müqavilənin 1.3-cü bəndinə görə, borcun əsas məbləğindən qalan 34.040 manatı isə 15 günün sonunda və ya borc alanın şirkəti www.azerbirja.az saytında kreditor üçün açılan hesabına istədiyi vaxt gün tamam olmadan da ödəyə bilər. Həmin müqavilənin 1.4-cü bəndinə görə, bu müqavilənin 1.1-ci bəndində göstərilmiş məbləğ borcluya onun kart və www.azerbirja.az sayt olan hesabına köçürülməklə və ya nağd qaydada verilir. Göründüyü kimi, iddiaçı cavabdehin hesabına 02 aprel 2024-cü il tarixə 34.040 manat manat köçürmüşdür. Lakin borclu müəyyən edilmiş 15 gün keçdikdən sonra iddiaçıya həmin pulu tam qaytarmamış, nəticədə cavabdehin iddiaçıya 8.996,29 manat borcu qalmışdır. Yalandan vədlər versə də bu günə kimi pulu qaytarmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan 02 aprel 2024-cü il tarixli xxxxxxx-2 nömrəli kreditor müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, müqavilə şərtlərinə əsasən iddiaçı Cavabdeh MMC-yə şirkətin böyüməsi və inkişaf etdirilməsi üçün 35.742 manat məbləğində kredit vermiş, həmin vəsaiti cavabdehin hesabına köçürmüşdür. Müqavilənin 1.2-ci bəndinə görə borclu kreditora aldığı borcu 15 günün sonunda ödəyəcəkdir. Həmin müqavilənin 1.3-cü bəndinə görə, borcun əsas məbləğindən qalan 34.040 manatı isə 15 günün sonunda və ya borc alanın şirkəti www.azerbirja.az saytında kreditor üçün açılan hesabına istədiyi vaxt gün tamam olmadan da ödəyə bilər. Həmin müqavilənin 1.4-cü bəndinə görə, bu müqavilənin 1.1-ci bəndində göstərilmiş məbləğ borcluya onun kart və www.azerbirja.az sayt olan hesabına köçürülməklə və ya nağd qaydada verilir. Cavabdeh iddiaçının ona verdiyi məbləği qaytarmasına dair öhdəliyi lazımi şəkildə icra etməmiş, həmin puldan 8.996,29 manatı qaytarmamışdır. İş materiallarında olan sms yazışmalardan görünür ki, iddiaçının mövcud balansı 8.996,29 manat təşkil etmiş, lakin həmin məbləğ ona verilməmişdir. Cavabdehin iddiaya etirazı məhkəməyə daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə görə borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək hesab edir ki, iddia ərizəsi əsaslıdır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı şirkətin böyütməsi və inkişaf etdirməsi üçün cavabdehə 35.742 manat məbləğində kredit vermişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh həmin pulu qaytarmaqla bağlı üzərinə öhdəlik götürsə də öhdəliyini lazımınca icra etməmiş, 8.996,29 manat pulu iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 110 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı 109.97 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh MMC-dən 109.97 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 02 aprel 2024-cü il tarixli xxxxxxx-2 nömrəli müqaviləyə əsasən, 8.996,29 (səkkiz min doqquz yüz doxsan altı manat iyirmi doqquz qəpik) manat pul vəsaiti və 109.97 (bir yüz doqquz manat doxsan yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar