Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-875/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 noyabr 2019-cu il tarixli, EHK5828906-M saylı borc müqaviləsinə əsasən 1.794 manat qalıq borc, müqavilə üzrə hesablanmış 350 manat cərimə borcu və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2.186 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 29 noyabr 2019-cu il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3.480 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1.794 manat qalıq borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 22.604 manat cərimə borcu yaranmışdır (1794 manat x 1260 gün x 1%=22604 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 350 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 29 noyabr 2019-cu il tarixli, EHK5828906-M saylı borc müqaviləsinə əsasən 1.794 manat qalıq borc, müqavilə üzrə hesablanmış 350 manat cərimə borcu və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2.186 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Tərəflərin izahatları: İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Tərəflər arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, EHK5828906-M saylı müqaviləyə əsasən cavabdeh ümumi dəyəri 3.480 manat olan məişət avadanlığını əldə etmiş, ilkin olaraq 6 manat ödəniş etmiş, qalan 3.474 manatı 18 ay müddətinə hər ay 193 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə şərtlərini pozmuş, tam və vaxtında ödəniş etməmişdir. Onun iddiaçıya borcu yaranmışdır. Yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 06 sentyabr 2023-cü il tarixinə 29 noyabr 2019-cu il tarixli, EHK5828906-M saylı müqavilə üzrə iddiaçıya 2.294 manat borcu vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi kimi tərtib edilsə də, iş materialları ilə müəyyən edilir ki, hazırkı müqavilə nisyə alğı-satqı müqaviləsidir. Odur ki, məhkəmə hazırkı mübahisəyə Mülki Məcəllənin alğı-satqı müqaviləsini tənzimləyən normalar çərçivəsində qiymət verilməsini zəruri hesab edir. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş maliyyə arayışı 06 sentyabr 2023-cü il tarixinə hesablanmış borcu nəzərdə tutmuşdur. Odur ki, həmin vaxtdan sonra müqavilə üzrə cərimənin hesablanması ağlabatandır. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 350 manat cərimənin 100 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə həmçinin iddianın 42 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 29 noyabr 2019-cu il tarixli, EHK5828906-M saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1.794 (bir min yeddi yüz doxsan dörd) manat əsas, 100 (bir yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 1.894 (bir min səkkiz yüz doxsan dörd) manat pul vəsaiti və 42 (qırx iki) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-875/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-875/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver