Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8756/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X2, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1808,27 manat əsas borc, 87,99 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan 71,25 manat faiz borcu, cərimə borcu 0,05 manat olmaqla, cəmi 1967,56 manatın və 40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan və zamin müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cəriməni ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmişlər. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehlərə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan iş üzrə yekun qərar çıxarılmasını mümkün hesab edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 1808,27 manat kredit verməyi, Cavabdeh1 isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini, o cümlədən, 1808,27 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra olunması üçün borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 8.1-ci bəndində göstərilən müqavilə üzrə borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir. Cavabdehlərə göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, onların əsas borc məbləği 1808,27 manat, faiz borcu 87,99 manat, cərimə borcu 0,05 manat olmaqla, cəmi 1896,31 manat məbləğində borcu yaranmışdır. Cavabdehlərdən borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1808,27 manat əsas, 87,99 manat faiz borcu, 0,05 manat cərimə borcu, 71,25 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla cəmi 1967,56 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.(xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan).
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2025-ci il tarixdə başa çatdığından və kreditor MM-nin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmədən məhkəmədə iddia qaldırdığından hazırki halda zaminliyə xitam verilməmişdir. Odur ki, iş materialları ilə borcalanın müqavilə üzrə öhdəliyini tam icra etmədiyi təsdiq olunduğundan, eləcə də, zaminlik müqaviləsində zaminin borcalanın iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirənədək onunla birgə kreditor qarşısında məsuliyyət daşıması nəzərdə tutulduğundan iddiaçı maliyyə arayışına əsasən hesablanmış 1808,27 manat əsas borc məbləğini, müqavilə müddətində hesablanmış 87,99 manat faiz borcunu, 0,05 manat cəriməni, eləcə də, MM-nin 445.7-ci maddəsinə əsasən borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün hesablanmış 71,25 manat faiz borcunu, ümumilikdə 1967,56 manat borcu müştərək qaydada cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən ümumilikdə 1967,56 manat borc və 40 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli