Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-886/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İşin halları:
2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2022-ci il tarixli ZH001 saylı Borc müqaviləsinə əsasən cavabdehə 31 dekabr 2023-cü il tarixinə qədər qaytarılmaq şərtilə, 13557.4 (on üç min beş yüz əlli yeddi manat dörd qəpik) manat məbləğində borc pul vəsaiti verilmişdir. Borc müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 13557.4 (on üç min beş yüz əlli yeddi manat dörd qəpik) manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq,cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir.
Tərəflərin izahatı:
3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, iddia tələbini müdafiə edir. Mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məsələsinə dair iddiaçının nümayəndəsi (vəkili) bildirmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsində borcun mebellə, digər əşyalarla qaytarılması, sahibkarlıq fəaliyyəti ilə bağlı məsələnin göstərilməsi yalnız pul vəsatinin geri qaytarılmasını təmin etmək məqsədi daşıyır. Çünki cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan borcu qaytara bilmədiyi təqdirdə onun sahibkarlıq fəaliyyəti göstərdiyi mağazadan qiymətli əşyalar borc qarşılığında əldə edilə bilər.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə baxmağı mümkün hesab edir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM):
1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;
6. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəfin izahını dinləyib hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
8. Belə ki, iddia ərizəsinə və mülki iş materiallarına əsasən, hazırki iddia tələbi sahibkarlıq fəaliyyətindən irəli gəlir. İddia tələbinin ümumi və yaxud kommersiya məhkəmələrində baxılmalı olması ilə bağlı qeyd etmək lazımdır ki, bu tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, mübahisənin xarakterindən irəli gəlir. Yuxarıda qeyd edilən mülki prosessual qanunvercilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
9. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır.
10. Məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini yoxlamalıdır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı hər üç xüsusiyyət yoxlanmalıdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 13-cü bəndində qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. (§6)
12. Mülki işin materiallarından müəyyən edilir ki, mübahisə borc müqaviləsi ilə bağlıdır. Tərəflər arasında bağlanmış 31 oktyabr 2022-ci il tarixli ZH001 nömrəli borc müqaviləsinin 2.4-cü maddəsinə əsasən müəyyən edilmişdir ki, “borc alan” borc məbləği üzrə ödənişləri nağd və ya mebel məhsulları ilə geri qaytara bilər. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi şəxs – MMC-dir, Cavabdeh isə X1 Nömrəsinə malikdir və VÖEN məhz “mebellərin pərakəndə satışı və s.” məqsədilə əldə edilmişdir (Elektron məhkəmə sisteminin çıxarışa əsasən müəyyən edilmişdir).
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarın 20-cı bəndində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
14. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyət qaydalarına uyğun olaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair 2(011)-886/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova