Məhkəmə qərarları › İş №e-2(011)-8890/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8890/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8890/2025 13.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 31000 manat pul vəsaitinin, həmin borc pul vəsaitinin iddiaçıya qaytarılmaması ilə bağlı çəkdiyi xərc 1518 manat, cəmi 32518 manat pul məbləğinin alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 31000 manat məbləğində iddiaçıdan xx.xx.2024- cü il tarixdə notariat qaydasında altı ay müddətinə borc pul götürmüş və xx.xx.2024-cü ilə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh halhazıradək iddiaçıdan aldığı 31000 manat pul vəsaitini isə iddiaçıya ödəməkdən yayınır. İddiaçı bildirir ki, pulu bankdan götürmüşdür . Banka ödəniş etdiyinə görə ailəsi məhrumiyyətlər içində yaşayır. Cavabdehin iddiaçıya olan borcunun qaytarılması ilə bağlı dəfələrlə onun yaşadığı ünvana getmiş, amma buna baxmayaraq o, hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçıya olan borcunun qaytarılmasından yayınmışıdır. Hətta cavabdehdən iddiaçıya olan borcunun qaytarılması barədə onunla telefon vasitəsi ilə danışarkən o, iddiaçıya deyirdi ki, tezliklə borcunu qaytaracaq. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi və bildirdi ki, aralarında notariat qaydasında borc müqaviləsi bağlanmış, 31000 manat tərəfindən cavabdehə verilmişdir, həmin pulu o bankdan götürmüşdür, ödəməkdə çətinlik çəkir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, Cavabdeh 31000 manat pul vəsaitinin, həmin borc pul vəsaitinin iddiaçıya qaytarılmaması ilə bağlı çəkdiyi xərc 1518 manat olmaqla, cəmi 32518 manat pul məbləğinin iddiaçının xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, onun heç kimə borcu yoxdur, onlar birgə notariata getmişlər, müqavilə bağlanmış, 31000 manat verildiyi qeyd edilmiş, lakin ordan çıxdıqdan sonra ona yalnız 9000 manat verilmiş, qalan 16000 manatı iddiaçı öz dostuna vermişdir, 9000 manatıda iddiaçıya ödəmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixli Bakı şəhəri 35 saylı Notariat ofisində bağlanmış borc müqaviləsindən görünür ki, borcverən İddiaçı borc alan Cavabdeh 31000 manat borc pul vermişdir, borc alan borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, TT**********6631000 nömrəli qəbzdən görünür ki, İddiaçı 35 saylı Notariat şöbəsinin hesabına xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən 31000 manat qoyulmuşdur. xx.xx.2025-ci lil tarixdə bağlanmış müqavilədən görünür ki, hüquqi xidmətin göstərilməsinə görə haqq 1500 manat məyyən edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 32 saylı Vəkil bürosuna 1500 manat ödənilmişdir. Bakı şəhəri 21 saylı Notariat ofisində İddiaçı etibarnamə alınmasına görə 17,25 manat rüsum ödəmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən, 179,60 manat məbləğində dövlət rüsumu tərəfindən ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı şəhəri 35 saylı Notariat ofisində bağlanmış borc müqaviləsindən görünür ki, borcverən İddiaçı borc alan Cavabdeh 31000 manat borc pul vermişdir, borc alan borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, TT**********6631000 nömrəli qəbzdən görünür ki, İddiaçı 35 saylı Notariat şöbəsinin hesabına xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən 31000 manat qoyulmuşdur. Göründüyü kimi tərəflər arasında borc müqaviləsi bağlanmış, razılaşma olmuş, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin müqavilədən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən borc pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iclasında cavabdeh tərəf iddiaçıdan yalnız 9000 manat aldığını və qaytardığını bildirsə də, məhkəməyə 31000 manat borc məbləğini almamasına dair əsaslı sübutlar təqdim etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Cavabdeh 31000 manat borcu qaytarmamaqla öhdəliyinin icrasından yayınmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 1500 manat məbləğində vəkil xidmət haqqının ödənilməsi hissəsində də əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasının təmin edilməsi üçün iddiaçının hüquqi yardımdan istifadə etməsi nəticəsində ona qeyd edilən məbləğdə maddi zərər dəymişdir. Məhkəmə iddia tələbinin yalnız 18 manat çəkilmiş xərcin tutulmasına dair hissəsində hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri 21 saylı Notariat ofisində İddiaçı etibarnamə alınmasına görə 17,25 manat rüsum ödəmişdir. İddiaçının dövlət rüsumunun tutulması ilə bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 31000 (otuz bir min) manat pul vəsaiti, hüquqi yardımın alınması üçün ödənilmiş 1500 (min beş yüz) manat və ödənilmiş notariat xərci üçün 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat olmaqla, cəmi 32517,25 (otuz iki min beş yüz on yeddi manat, iyirmi beş qəpik) manat pul məbləği alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar