Məhkəmə qərarları › İş №e-2(011)-9044/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9044/2023

04.12.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9044/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçılar məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan mübahisəli mənzilə dair Cavabdeh ilə "xxxx" MMC arasında 303 saylı xx.xx.2010-cu ildə bağlanmış müqavilənin və ona əlavə "xxxx" MMC arasındakı xx.xx.2012-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi və onların mənzilə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.

İşə baxan məhkəmənin mövqeyi:

3. Mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir.

4. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən, müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.

5. İddia ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5394/2019 nömrəli 29 may 2019-cu il tarixli Qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı2 qarşı (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC) cavabdeh İddiaçı2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.m olan bir otaqlı mənzildən çıxarılmaları və mübahisə olunan mənzilin ona təhvil verilməsi tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2019 saylı 14 fevral 2019-cu il tarixli Qətnaməsi ilə rədd edilmişdir. İddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2019 saylı 14 fevral 2019-cu il tarixli Qətnaməsi ləğv edilmişdir. Cavabdeh İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.m olan bir otaqlı mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. Qətnaməyə əsasən, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh İddiaçı2 ailə üzvlərinin dəqiq siyahısı göstərilmədiyindən, yəni həmin tələb qeyri-müəyyən olduğundan cavabdehin ailə üzvlərinin mənzildən çıxarılması hissəsində iddia tələbi rədd edilmişdir.

6. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli Qərardadın 53-cü bəndinə əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

7. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması və həmin tələb üzrə təkrarən məhkəməyə müraciət edilməsinin yolverilməzliyi səbəbindən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.

8. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153.2, 263-264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar