Məhkəmə qərarları › İş №e-2(011)-9081/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-9081/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9081/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə 4 ədəd diskin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı həmin malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 600 manat, cərimə üzrə 50 manat, cəmi 650 manat borcu vardır.

İddiaçının tələbi:

2. Cavabdeh xx.xx.2023-cü il tarixli “nisyə alğı-satqı” müqaviləsinə əsasən, əsas borc üzrə 600 manat, cərimə üzrə 50 manat, cəmi 650 manat ödənilməmiş borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

3. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İş materiallarına əlavə edilmiş sənədlər:

4. 13 sentyabr 2023-cü il tarixli, RN002043 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, satıcı ümumi dəyəri 1413 manat olan Disk-R18 alıcıya satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

5. 13 sentyabr 2023-cü il tarixli, RN002043 nömrəli müqaviləyə əlavə ödəniş cədvəlinə əsasən, borc 8 ay müddətinə, aylıq 150 manat olmaqla müəyyən edilmişdir.

6. 13 sentyabr 2023-cü il tarixli, RN002043 nömrəli təhvil təslim aktına əsasən, 4 ədəd disk Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir.

7. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 13 sentyabr 2023-cü il tarixli, RN002043 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləği 600 manat, cərimə məbləği 50 manat, ümumilikdə 650 manat məbləğində borcu yaranmışdır.

8. xx.xx.2024-cü il tarixli Pretenziya məktubuna əsasən, Cavabdeh 13 sentyabr 2025-ci il tarixli, RN002043 nömrəli alğı-satqı müqavilələri üzrə cəmi 650 manat məbləğində pulun 3 təqvim günü müddətində ödənilməsi xahiş edilmiş, əks halda “pul tələbinə dair” ərizə ilə müvafiq məhkəməyə müraciət edəcəyini bildirmişdir.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

12. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)

13. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

14. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 600 manat, cərimə üzrə 50 manat, cəmi 650 manat pul İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, əsas borc üzrə 600 manat, cərimə üzrə 50 manat olmaqla cəmi 650 (altı yüz əlli) manat pul məbləği tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar