Məhkəmə qərarları › İş №e-2(011)-9083/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-9083/2025

06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9083/2025 06.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2813,4 manat məbləğində pul vəsaitinin və 49 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus olan “BYD,SONG PLUS DM-İ” markalı, 77YJ442 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixli M0787/24-1 ”Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən Cəmiyətdə sığortalanmışdır. Cavabdeh “Mercede Benz C180” markalı, 90DS165 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində, “BYD,SONG PLUS DM-İ” markalı, 77YJ442 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. “BYD,SONG PLUS DM-İ” markalı, 77YJ442 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7000 manat məbləğində müəyyən edilmiş, həmin məbləğdən 300 manat azadolma məbləği çıxıldıqdan sonra 6700 AZN sğortalı "xxxx" MMC-yə Cəmiyyət tərəfindən ödənilmişdir. Təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən 3886,60 manat vurulmuş zərər Cəmiyyətə ödənilmişdir. Dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 2813,4 pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan iş üzrə yekun qərar çıxarılmasını mümkün hesab edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Sığorta şəhadətnaməsindən görünür ki, “BYD Song Plus” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. İnzibati tənbeh vermə haqqından qərardan görünür ki, “Mercedes Benz C 180” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olduğundan cərimə edilmişdir. Sığorta hadisəsi barədə raportdan görünür ki, "xxxx" ASC-də sığortalanmış “BYD Sing Plus” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobiləxx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Qüsur aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “BYD Song Plus” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7000 manat məbləğində ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli sığorta ödəniş aktından görünür ki, "xxxx" ASC . xx.xx.2024cü il tarixdə baş vermiş sığorta hadisəsinə görə 6700 manat sığorta ödənişi etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmənin mövqeyi: İşin halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə maddi ziyan dəymiş və hadisədə cavabdeh təqsirli olmuşdur. Qüsur aktı ilə müəyyən edilmişdir ki, hadisə nəticəsində avtomobilə dəyən zərər 7000 manat olmuşdur. Hazırda iddiaçı zərər dəymiş avtomobil üçün onlar tərəfindən 6700 manat sığorta ödənişi edildiyini bildirərək, mülki məsuliyyətin icbari sığortası üzrə ödənilmiş 3886,60 manat çıxıldıqdan sonra yerdə qalan 2813,4 manat məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə işin qeyd edilən hallarına və yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC onun tərəfindən sığortalanmış avtomobilə cavabdehin təqsiri nəticəsində dəymiş ziyana görə etdiyi sığorta ödənişi üçün cavabdehin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilmiş məbləğ çıxılmaqla yerdə qalan məbləğin subroqasiya qaydasında cavabdehdən tələb edilməsində haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2813,4 manat və 49 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar