Məhkəmə qərarları › İş №e-2(011)-9119/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-9119/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9119/2025 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 16 may 2023-cü ildə bağlanmış 142437 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 488.01 manat əsas, 154 manat cərimə borcu, cəmi 642.01 manat, həmçinin 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 16 may 2023-cü ildə bağlanmış 142437 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən,iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 488 manata nisyə səsgücləndirici və telefon satmışdır. Cavabdeh hər ay 40.67 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 16-dək ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıq etmiş həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada 30 avqust 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərərək 488.01 manat əsas, həmin gün üçün hesablanmış 154 manat cərimə, 642.01 manat ümumi borcu tələb etmişdir. Lakin cavabdeh tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 05 dekabr 2025-ci il tarixə, 488.01 manat əsas, 154 manat cərimə, 642.01 manat ümumi borc yaranmışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 142437 saylı 16 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən məlum olur ki, cavabdehə 488 manat məbləğində səsgücləndirici və telefon satılmışdır. İddiaçı MMC tərəfindən verilmiş 05 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 488.01 manat əsas, 154 manat cərimə borcu olmaqla, cəmi 642.01 manat borcu vardır. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə 3 iş günü ərzində borcunun ödənilməsini, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 435-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azəraycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 142437 saylı 16 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış Cavabdeh 488 manat məbləğində səsgücləndirici və telefon satılmışdır. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 488.01 manat əsas, 154 manat cərimə borcu olmaqla, cəmi 642.01 manat borcu vardır. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməməsi iş materialları ilə sübut olunduğundan, Cavabdeh 142437 saylı 16 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 488.01 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği 10%-dək azaldılaraq, cavabdehdən alqısatqı müqaviləsi üzrə 48.8 manat məbləğində dəbbə pulu(cərimə) tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 488.01 manat əsas borc, 48.8 manat cərimə borcu olmaqla, ümumilikdə 536.81 manat borc tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq 30 manat. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 142437 saylı 16 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 488.01 manat əsas, 48.8 manat cərimə borcu olmaqla, cəmi 536.81 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova İş № e-2(011)-9119/2025 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, hakim Abbasova İlahə Namiq Kamal qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada 04 fevral 2026-cı il tarixdə saat 14:10-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etdim. Protokol 04 fevral 2026-cı il tarixdə tərtib olundu. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar