Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-92/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi , Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızının iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Səyyad qızına qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair ilkin iddiasına, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Səyyad qızının cavabdeh İddiaçı qarşı “mülkiyyətdə olan torpaq sahəsinin üzərində olan tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Səyyad qızına qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı ilə aralarında bağladıqları xx.xx.2019-cu il tarixli alqı-satqı razılaşmasına əsasən Cavabdeh2 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi ev 2A ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən 0.05 ha torpaq sahəsini ümumi dəyəri 100000 manat olmaqla iddiaçıya satmışdır. Həmin alqısatqı razılaşmasına və aralarındakı şifahi razılaşmaya əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı müqavilə bağlandığı (xx.xx.2019-cu il) tarixdən etibarən 2 ay ərzində ona məxsus torpaq sahəsinin özəlləşdirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış almağı öhdəsinə götürmüşdür. Aralarındakı alqı-satqı razılaşmasına əsasən Cavabdeh2 torpaq sahəsinin ümumi dəyərindən 20000 manat məbləği beh kimi almış, qalan 80000 manat məbləği isə torpaq sahəsinə Çıxarış aldıqdan sonra aralarındakı bağlanacaq notarial qaydada alqı-satqı müqaviləsi üzrə cavabdehə verəcəyinə dair iddiaçı öhdəlik götürmüşdür. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya satdığı torpaq sahəsini hasara ala biləcəyini və həmin topaq sahəsindən istədiyi zaman və istədiyi kimi tikinti apara biləcəyini bildirmişdir. İddiaçı alqı-satqı razılaşmasından sonra həmin torpaq sahəsində ailə üzvləri ilə birlikdə yaşamağı üçün fərdi yaşayış evi tikdirməyə başlamışdır. Cavabdehlərdən Cavabdeh2 ilə aralarındakı bağlanmış alqı-satqı razılaşması zamanı cavabdehin kürəkəni (qızının əri) X11, vasitəçi (makler) X7 və X13 şahid olmuş və həmin müqaviləni onların iştirakı ilə bağladıqlarını öz imzaları ilə təsdiq etmişlər. Alqı-satqı müqaviləsindən bir müddət sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı onlara əlavə 10000 manat məbləğində təcili vəsait lazım olduğunu bildirmişlər. xx.xx.2019-cu il tarixli Razılaşma aktına əsasən İddiaçı Cavabdeh2 kürəkəni X8 Cavabdeh2 razılığı və iştirakı ilə 10000 manat məbləğində pul vermiş və nəticədə aralarında 70000 manat borc qalmışdır. Həmin xx.xx.2019-cu il tarixli Razılaşma cavabdehlərdən Cavabdeh2, cavabdehin qardaşı X9 və iddiaçının qardaşı X3 iştirakı ilə bağlanmış və həmin razılaşmanı onların iştirakı ilə bağladıqlarını öz imzaları ilə təsdiq etmişlər. Həmin müddət ərzində isə iddiaçı ona verilmiş torpaq sahəsində tikinti işləri aparmaqda davam etmişdir. Razılaşmadan bir müddət keçdikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı yenə təcili olaraq torpağın özəlləşdirilməsi üçün onlara 12000 manat məbləğində vəsait lazım olduğunu bildirmişlər. xx.xx.2020-ci il tarixli Razılaşma aktına əsasən cavabdehlərdən Cavabdeh2 kürəkəni X8 iddiaçı cavabdehlərin razılığı və iştirakı ilə 12000 manat məbləğində pulu vermiş və nəticədə aralarında 58000 manat borc qalmışdır. Həmin xx.xx.2020-ci il tarixli Razılaşma cavabdehlər Cavabdeh2, bacısı Cavabdeh1 Səyyad qızı və iddiaçının qardaşı X3 iştirakı ilə bağlanmış və həmin razılaşmanı onların iştirakı ilə bağladıqlarını öz imzaları ilə təsdiq etmişlər. İddiaçı cavabdeh ilə aralarındakı razılaşmaya uyğun olaraq cavabdehin uzun müddət DƏDRXdan Çıxarış əldə edərək torpaq sahəsini özəlləşdirməsini gözləmişdir. Həmçinin aralarındakı razılaşmadan əlavə olaraq iddiaçı cavabdeh tərəfindən tələb olunan istənilən vaxtda onlara torpağın dəyərindən çıxmaq şərtilə istədikləri məbləği vermişdir. Cavabdehlər isə alqı-satqı müqaviləsinin şərtlərini pozaraq 2 ay əvəzinə təxminən 2 il sonra ona məxsus torpağın bir hissəsinə Çıxarış almışdır. Halbuki aralarındakı razılaşmaya əsasən cavabdeh iddiaçıya satdığı 0.05 ha torpaq sahəsinin hamısının özəlləşdirəcəyinə və iddiaçının mülkiyyətinə keçirəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehlər alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və tam yerinə yetirməmələrinə baxmayaraq iddiaçı yenə də torpağın qalıq dəyərini onlara aralarındakı razılaşmaya uyğun olaraq notarial qaydada alqı-satqı etdikdən sonra verməyi dəfələrlə təklif etmişdir. Cavabdeh isə iddiaçının bütün təkidlərinə baxmayaraq alqı-satqı müqaviləsinin şərtlərini pozaraq torpaq sahəsini notarial qaydada alqı-satqısından səbəbsiz olaraq qəsdən yayınır. İddiaçı cavabdehlərlə aralarındakı bağladıqları razılaşmaya və razılaşdıqları şərtlərə uyğun olaraq, müqaviləyə və cavabdehlərin vədlərinə etimad edərək həmin torpaq sahəsində dəyəri təxminən 950000 manat olan fərdi yaşayış evi tikdirmişdir və hal-hazırda həmin ünvanda yaşayır. İlkin iddia tələbi üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızının hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya dəymiş ümumilikdə 992000 manat məbləğində maddi zərər, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 1414 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, onlar İddiaçı ilə ünvan 1 ünvanında 42.7 kv.m xüsusi mülkiyyətində olan 0.0725 ha istifadəsində olan torpaq sahəsinin 0.05 ha satılması barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən 100000 manat pul məbləğini ödəməli və eyni zamanda cavabdehlərin mənzilinə dəyən ziyanı da ödəməyi öz öhdəsinə götürmüşdür. İlkin bağlanmış yazılı müqavilədə onlar İddiaçı çıxarış yox, torpağın sənədini verməyi göstərmişdir. İlkin sənədlərlə alqı-satqı müqaviləsi etmək olardı. Ümumilikdə qarşılıqlı iddia üzrə iddiaçılara 42000 manat pul ödəmiş, qalan pulu ödəməkdən imtina etmişlər. Heç bir tikinti normasına riayət etmədən, rəsmi dövlət orqanından icazə almadan qeyri-qanuni tikinti işləri aparmışlar. Aparılan tikinti işləri nəticəsində qarşılıqlı iddia üzrə iddiaçıların yaşadıqları mənzilə ciddi ziyan vurulmuşdur. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçıların mülkiyyətində olan qaraj da sökülmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçılar göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında onların istifadəsində olan 0.05 ha torpaq sahəsində tikilmiş yaşayış sahəsinin cavabdehin hesabına sökülməsini və əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, qarşı tərəflə 5 sot torpağ sahəsini hər sotu 20 000 manat olmaqla 100000 manata razılaşmışlar və ona müəyyən torpaq sahəsi verilmiş, Cavabdeh2 ümumilikdə 42 000 manat ödənilmişdir. Sonradan Daşınmaz Əmlakın işçiləri ölçüləri aparanda müəyyən edimişdir ki, Cavabdeh2 məxsus torpaq sahəsindən ona faktiki 3.8 sot torpaq sahəsi verilmiş, 1.2 sot torpaq sahəsi verilməmişdir. Onun evinin tikildiyi torpaq sahəsinin ölçüsü 5.77 sot təşkil edir. Qalan torpaq sahəsi Cavabdeh2 məxsus olan torpaq sahəsinə daxil edilməmişdir. Yəni cavabdeh həmin torpaq sahəsinə dair çıxarış ala bilməmişdir. İddiaçı bildirmişdir ki, Cavabdeh2 ümumilikdə 42 000 manat ödəmişdir və qalan torpaq sahəsinə görə də ilkin müqavilə bağlayaraq əlavə 72000 manat ödəməyə hazırdır, lakin iddiaçılar qəbul etmirlər. Belə ki, cavabdehlərin vəkili ilə əlaqə saxlamış, ona təklif etmişdir ki, 3.8 sot torpaq sahəsinə görə faktiki vəziyyətdə pulunu ödəyirik, razılaşaq. Lakin cavabdehlərin vəkili bildirmişdir ki, tərəflər razılaşmır, pulu indiki qiymətlə hər sotu 30000 manat hesablanmaqla istəyirlər. Bu qiymət isə həqiqətə uyğun və ağlabatan deyil. İlkin iddia tələbi üzrə iddiaçı məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan ev ona vərəsəlik qaydasında atasından keçmişdir. Həmin torpaq sahəsinin 0.05 ha sahəsi əslində İddiaçı deyil, Xətai rayonunun voyenkomu Ədib Bağruyevə satılmışdır. Bununla bağlı İddiaçı ilə razılaşma imzalanmışdır. Həmin Razılaşmaya əsasən İddiaçı 0.05 ha sahəsi hər sotu 20 000 manat olmaqla 100000 manat pul məbləğini ödəməli və eyni zamanda cavabdehlərin mənzilinə dəyən ziyanı da ödəməyi öz öhdəsinə götürmüşdür. Sonra həmin torpaq sahəsinə çıxarış almaq üçün müraciət etdikdə, onun yalnız 0.0725 ha sahəyə dair mülkiyyət hüquqları tanınmışdır, qalan hissəyə dair çıxarış verilməmişdir. Buna baxmayaraq o, Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı məhkəmədə iddia qaldırmamışdır. Cavabdeh2 təsdiq etmişdir ki, ümumilikdə ona 42000 manat pul ödənilmiş, razılaşmaya görə vəd olunan torpaq sahəsindən 1.2 sotu iddiaçıya verilməmişdir. Sənədləşdirdiyi 0,0725 ha torpaq sahəsindən İddiaçı faktiki sahibliyinə 3.8 sot verilmişdir. Hazırda İddiaçı tikdirdiyi evin yerləşdiyi torpaq sahəsinin 1.2 sotuna dair sənədləşdirmə aparılmamışdır. İddiaçı heç bir tikinti normasına riayət etmədən, rəsmi dövlət orqanından icazə almadan qeyri-qanuni tikinti işləri aparmışdır. Aparılan tikinti işləri nəticəsində qarşılıqlı iddia üzrə iddiaçıların yaşadıqları mənzilə ciddi ziyan vurulmuş, həmin sahədə olan qaraj da sökülmüşdür. İddiaçı ağacları kəsmiş, ona məxsus olan materialları satıb cibinə qoymuşdur. Cavabdeh2 bildirmişdir ki, artıq heç nə istəmir, onun həyətinin boşaldılmasını xahiş edir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 məhkəmədən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı razılaşmasının surətindən görünür ki, Bakı şəhəri Nazim Şükürov 2A ünvanında yaşayan Cavabdeh2 aşağıda adları qeyd olunan şəxslərin iştirakı ilə öz həyətyanı sahəsindən 5 sot torpağın müqabilində İddiaçı 20000 manat almışdır. Qalıq 80000 manatı torpaq sənədini verdikdə almalıdır. İmzalarla razılaşmanı aşağıdakı şəxslər təsdiq etmişdirlər: Cavabdeh2, İddiaçı, X11, X7 və X13. İş materiallarında olan xx.xx.2019-cu il tarixli razılaşma aktının surətindən görünür ki, İddiaçı, X12, X9 və Cavabdeh2 iştirakı ilə X1 Şükürov 2A ünvanında yerləşən torpağın alqı-satqısı üçün nəzərdə tutulmuş ümumi məbləğin qalıq 80000 manat pul vəsaitindən 10000 manat əlavə olaraq ödəyişi almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli razılaşma aktının surətindən görünür ki, İddiaçı, Cavabdeh2, X10 və Cavabdeh1 Səyyad qızının iştirakı ilə X1 Şükürov 2A ünvanında yerləşən torpağın alqı-satqısı üçün nəzərdə tutulmuş ümumi məbləğin qalıq hissəsindən 70000 manat məbləğində pul vəsaitindən 12000 manat əlavə olaraq almışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 2A (yeni qaydalarla: AZ 1074, Bakı şəhəri, ünvan 1) fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5846 nömrəli 02 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 1 (köhnə qaydalarla ünvan 4 ünvanında yerləşən torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hazırkı vəziyyətdə olan tikintisinə və təmirinə 2019-2020-ci illər üçün mövcud olan orta bazar qiymətləri ilə çəkilmiş xərclərin ümumi dəyəri təqribən 951835,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin hər hansı konstruktiv elementlərinin üzərində, eləcə də yerinə yetirilmiş tikinti işləri üzrə fiziki aşınma və köhnəlmə müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi 2A saylı, fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi, ev46) və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli X-726 nömrəli vərəsəlik məktubuna, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-1464/2019 nömrəli qətnaməsinə, sözügedən əmlaka dair 1973-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ilkin olaraq xx.xx.2019-cu il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-9 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müvafiq maddələrinə istinad olunacaq) 402.1-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.(Maddə 402.2.) İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. (Maddə 402.3.) İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. (Maddə 402.4.) Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. (Maddə 402.5.) Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Maddə 425.1.) Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Maddə 425.2.) Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. (Maddə 441.1.) Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (Maddə 441.2.) Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. (Maddə 441.3.) Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. (Maddə 441.4.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin qərarın 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-in 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-in 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Beləliklə, mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi 2A saylı, fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi, ev46) və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli X- 726 nömrəli vərəsəlik məktubuna, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-1464/2019 nömrəli qətnaməsinə, sözügedən əmlaka dair 1973-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ilkin olaraq xx.xx.2019-cu il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-9 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Həmin daşınmaz əmlak faktiki olaraq X4 məxsus olduğu dövrdə Cavabdeh2 İddiaçı ilə yazılı razılaşma imzalayaraq, ona məxsus (razılaşmada belə qeyd edilmişdir) Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi ev 2A ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən 5 sot torpaq sahəsi müqabilində 20000 manat aldığını qeyd etmiş, qalan 80000 manatın torpağın sənədini verdikdə alacağını qeyd etmişdir. İş materialarında olan sübutlarla təsdiq edilir və Cavabdeh2 tərəfindən etiraf edilmişdir ki, qalıq məbləğdən xx.xx.2020-ci il tarixdə 12 000 manat, xx.xx.2019-cu il tarixdə 10 000 manat pul vəsaiti qəbul edilmişdir. Razılaşdırılmış torpaq sahəsi İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilmiş, həmin sahədə fərdi yaşayış evinin tikintisi üçün şərait yaradılmışdır. Lakin torpaq sahəsi xx.xx.2020-ci il tarixdən Cavabdeh2 adına qeydiyyatdan keçdiyinə baxmayaraq bu günə qədər sonuncu İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinə dair mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün tələb olunan hərəkətləri həyata keçirmədiyinə görə tərəflər arasında mübahisə yaranmışdır. Belə ki, iddiaçının qeyd etdiyinə görə Cavabdeh2 borcdan qalıq məbləğin torpaq sahəsinin hər sotunun 20000 manatdan deyil 30000 manatdan hesablanmasını tələb etmişdir. Məhkəmənin baxış iclasında da İddiaçı Cavabdeh2 qalan torpaq sahəsinə görə də ilkin müqavilə bağlayaraq 72000 manat ödəməyi təklif etsə də, Cavabdeh2 bu təklifi qəbul etməmişdir. Həmçinin tərəflərin izahatları və müki işdə olan sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh2 faktiki sahibliyində olan torpaq sahəsinin yalnız 0,0725 ha hissəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış ala bilmişdir. Həmin 0,0725 ha torpaq sahəsindən İddiaçı faktiki sahibliyinə 3.8 sot verilmişdir. Hazırda İddiaçı tikdirdiyi evin yerləşdiyi torpaq sahəsinin 1.2 sotuna dair sənədləşdirmə aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5846 nömrəli 02 dekabr 2022-ci il tarixli rəyi ilə ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hazırkı vəziyyətdə olan tikintisinə və təmirinə 951835 manat xərc çəkildiyi təsdiq edilmişdir. Beləliklə, Cavabdeh2 mülkiyyətində olmayan torpaq sahəsi ilə bağlı ilkin müqavilə bağlayaraq, torpaq sahəsinin alqı-satqı qiymətini razılaşdırmış, həmin məbləğdən müəyyən məbləğ qəbul etmişdir. Qalan məbləği torpaq sahəsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair sənədlərin təqdim edilməsi müqabilində ödənilməsini razılaşdırsa da, həmin öhdəliyi icra etməmiş, razılaşdırdığı məbləğdən daha çox məbləğin ödənilməsini tələb etmişdir. Bununla yanaşı Cavabdeh2 İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə şərait yaratsa da, iddiaçı tərəfindən həmin tikintiyə 951835 manat xərc çəkilsə də, hazırda Cavabdeh2 torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsindən imtina edərək, həmin evin sökülməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, ilkin müqavilə üzrə öhdəliklərin Cavabdeh2 tərəfindən pozulması təsdiq edildiyindən, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5846 nömrəli 02 dekabr 2022-ci il tarixli rəyi ilə ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hazırkı vəziyyətdə olan tikintisinə və təmirinə 951835 manat xərc çəkildiyi təsdiq edildiyindən, hazırda Cavabdeh2 öhdəliyin icrasından imtina etməklə iddiaçıya maddi zərərin vurulmasına səbəb olduğundan, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh2 951935 manat məbləğində maddi ziyan tutularaq ilkin iddia tələbi üzrə İddiaçı ödənilməlidir. İlkin iddia tələbi digər Cavabdeh1 Səyyad qızına qarşı əsaslandırılmadığından, Cavabdeh1 Səyyad qızı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmadığından, ilkin müqavilə üzrə onun tərəfindən hər hansı öhdəlik qəbul edilmədiyindən ona qarşı ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar cavabdeh İddiaçı tərəfindən aparılan tikinti işləri nəticəsində qarşılıqlı iddia üzrə iddiaçıların yaşadıqları mənzilə ciddi ziyan vurulduğuna istinad etsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. Bununla yanaşı məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia tələbində sökülməsi tələb edilən ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evinə çəkilmiş xərc - 951835 manat Cavabdeh2 tutulduğundan, həmin fərdi yaşayış evinin sökülməsi ədalətsiz olmaqla evin tikildiyi torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2 mənafeyinə uyğun deyil. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 Səyyad qızı həmin iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Odur ki, qarşılıqlı iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh2 951835 (doqquz yüz əlli bir min səkkiz yüz otuz beş) manat məbləğində dəymiş maddi zərər tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia tələbi Cavabdeh1 Səyyad qızına qarşı təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Səyyad qızının cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan torpaq sahəsinin üzərində olan tikintinin sökülməsi və sahibliyinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-92/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-92/2023
12.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver