Məhkəmə qərarları › İş №e-2(011)-969/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-969/2024

25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-969/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhər Xətai Rayon məhkəməsinin 27.092018-ci il tarixli 2(011)-6758/2018 saylı qətnaməsi ilə Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş aliment artırılmaqla Cavabdeh ilə birgə nikahdan olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla 2 uşağa 308 manat məbləğində alimentin və oğlu Harunun müalicəsi üçün 50 manat maddi yardımın tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə 1 uşağın saxlanılması minimumunda bir neçə dəfə artımlar olmuş və məhkəmənin qət etdiyi məbləğ hazırda uşaqlarının maddi tələbatlarını ödəmir. Cavabdeh 1 valideyn kimi uşaqların maddi xərclərinin və tələblərinin ödənilməsində iştirak etməlidir. O, uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yüksək qazanc və gəlirə malikdir, rayon qeydiyyatında olsa da uzun illərdir ki, Bakı şəhərində yaşamaqla ticarət mərkəzində işləyir, lakin iddiaçı işləmir və qət edilmiş alimentlə uşaqlarının maddi ehtiyaclarını qarşılamaq çətindir. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-6758/2018 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılmaqla Cavabdeh birgə nikahdan olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 300 manat olmaqla 2 uşağa 600 manat sabit pul məbləğində alimentin tutulması, 50 manat mediasiya xərcinin ondan alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçıya lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının xeyrinə cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 300 manat olmaqla, 2 uşağa görə cəmi, 600 manat sabit pul məbləğində aliment miqdarının artırılması tələbi ilə razı deyiləm, iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh xx.xx.2020-ci ildə X3 ilə nikaha daxil olmuş və ümumi nikahdan xx.xx.2020-ci il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçı tərəfindən cavabdehin işi və qazancı ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Cavabdeh heç bir vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, gündəlik günəmuzd fəhlə işləməklə ayda orta hesabla 500-550 manat civarında pul qazanır. Ayda qazandığı 500-550 manat pulla xx.xx.2020-ci il təvəllüdlü oğlu X6 və arvadı X1 güc bəla ilə saxlayır. Ona görə də iddiaçının xeyrinə ondan hər uşağa görə hər ay üçün 180 manat olmaqla, 2 uşağa görə cəmi, 360 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6758/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı alimenin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-38/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək müalicə olunması üçün əlavə olaraq hər ay 50 manat əlavə xərc tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 458958 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikaha 24 oktyabr 2018-ci il tarixdə xitam verimişdir. İş materiallarında olan Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 356903 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Mürsəlova (Nuriyeva) Zülfiyyə Eldəniz qızı 08 oktyabr 2020-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahları 139 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 526106 nörməli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası Mürsəlova (Nuriyeva) Zülfiyyə Eldəniz qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, cavabdehin iddiaçı tərəfindən tələb etdiyi miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazancı ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün, eyni zamanda cavabdehin himayəsində olan ikinci nikahından olan övladını da saxlamaq öhdəliyi nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6758/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Cavadeh Cavabdeh 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar