Məhkəmə qərarları › İş №e-2(011)-970/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-970/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-970/2025 27.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 16536,29 AZN əsas, 3179,87 AZN faiz, 8,24 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 19724,40 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 149,18 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ilkin izahat verərək bildirmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 18500 manat məbləğində kredit xətti açılmışdır. X1 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 30 oktybabr 2024, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 16536,29 AZN əsas, 3179,87 AZN faiz, 8,24 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 19724,40 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul edir, belə ki, "xxxx" Kommersiya Bankı ASC-yə 16536,29 AZN əsas, 3179,87 AZN faiz, cəmi 19724,40 AZN borcu olmasını etiraf edir. İddiaçı, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsinə görə, bu oferta (gələcəkdə həm müqavilə, həm də oferta kimi təsvir oluna bilər) üzrə Müştəriyə fərqli valyutalarda bir neçə hesablar açıla bilər (VİSA karta bağlı AZN, USD, EUR, GBP valyutasında, Mastercard-a bağlı AZN, USD, EUR valyutasında), bir və ya bir neçə ödəniş kartı (sonradan “kart”) təqdim edilə bilər. Bankın texniki imkanları nəzərə alınmaqla, gələcəkdə Müştəri tərəfindən internet bankçılıq və ya mobil əlavə vasitəsilə müxtəlif bank hesabları açıla bilər. Müştəri tərəfindən hər bir karta bağlı olan bank hesabları fərqli müəyyən edilə bilər. Bu oferta üzrə Müştəri Banka məxsus mobil əlavə üzərindən və ya istənilən filiala yaxınlaşmaqla karta bağlı bir daimi bərkidilmiş hesab seçir. Bank tərəfindən xidmət aktivləşdirildikdən sonra Müştəriyə mobil əlavə vasitəsilə və ya mümkün olan digər elektron üsullarla (bundan sonra “elektron üsul”) məlumat verildikdən sonra Müştəri Banka məxsus mobil əlavə və ya istənilən filiala yaxınlaşmaqla əlavə olaraq bir müvəqqəti bərkidilmiş hesab seçə bilər. Daha sonra, Müştəri, fərqli valyutadan istifadə etmək istədikdə mobil əlavə üzərindən hesabı manual (əlavədə “valyutanı dəyiş” funksiyasını seçməklə) olaraq dəyişərək əməliyyatlar edə bilər. Yalnız mobil tətbiqdə nəzərdə tutulan əməliyyatlardan Bank tərəfindən texniki imkanlar yaradıldıqda digər elektron üsulla istifadə edilə bilər. Müştəri kartdan debet, kredit/kredit xətti, əmək haqqı kartı kimi istifadə etmək hüququ əldə edir. Həmçinin, kart müştəriyə nağd qaydada rəsmiləşdirilən kredit vəsaitinin əldə edilməsi üçün bir alət kimi (yəni POS/ATM terminaldan nağdlaşdırmaqla) istifadə hüququ verir. Kartı ancaq debet kart kimi əldə edən müştəri mobil tətbiq vasitəsilə kredit üçün müraciət edərsə, "xxxx" MMC-dən və Asan-Finans dövlət portalından Müştəri haqqında olan bütün məlumatların Bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə dair müvafiq sənədləri analoq imza vasitəsilə təsdiq edir. Bu oferta ilə Müştəriyə təqdim edilən kart əmanət üçün hesablanan faiz gəlirlərinin əldə edilməsi üçün istifadə edilə bilər. Bu oferta üzrə Müştəri ilə Bank arasında bütün münasibətlər yazılı qayda ilə yanaşı, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə də tənzimlənə bilər. Tərəflər razılaşırlar ki, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə və bu müqavilədə nəzərdə tutulmuş istənilən digər qaydada təqdim edilən və təsdiq edilənlər onların həqiqi imzasının analoqudur. Bu oferta 25 (iyirmi beş) il müddətinə Bank və Müştəri arasındakı münasibətləri əhatə edir. Bu müddət ərzində Bank elektron üsulla və ofertanın şərtlərinə uyğun dəfələrlə kredit verə və bu oferta ilə müəyyən olunmuş digər bank xidmətlərini təqdim edə bilər. Müştəri, bu müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt Azərbaycan Kredit Bürosundan və Asan-Finans dövlət portalından Müştəri haqqında olan bütün məlumatların Bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə, həmçinin beynəlxalq kart təşkilatlarının (VİSA, Mastercard və s.) təqdim etdiyi xidmətlərə qoşulmaq və həmin xidmətlərdən istifadə etmək məqsədilə ona aid zəruri məlumatların ötürülməsinə əvvəlcədən öz razılığını bildirir və bu razılığını birtərəfli qaydada geri götürə bilməz. Müştəri bu müqavilə üzrə ona təqdim edilmiş ödəniş kartından debet kartı kimi istifadə edə bilər. Ödəniş kartının cari hesabındakı şəxsi vəsaitlərin gündəlik qalığına tariflərə uyğun faiz dərəcəsi ilə faiz hesablanır və hər təqvim ayının sonuncu iş günü Müştərinin istifadəsindəki kartın cari hesabına köçürülür. Bank, bu ofertaya və Müştəri ilə ayrıca bağlanan və bu ofertanın şərtləri tətbiq edilən müqavilələrə birtərəfli qaydada dəyişiklik edə bilər və bu ofertanı və həmin müqavilələri Müştəriyə münasibətdə birtərəfli qaydada ləğv edə bilər. Bu müqavilə üzrə gələcəkdə Müştərinin Bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə və ya Müştərinin Banka bildirdiyi elektron poçt ünvanına, həmçinin mobil bankçılıq vasitəsilə və ya mümkün olan digər formada Bank tərəfindən istənilən məzmunda yeniliklər, dəyişikliklər, yeni məhsullar barədə məlumatlar, kredit barədə təkliflər, kredit borcu üzrə məlumat, öhdəliklərin icrası, o cümlədən bank qarşısında icra edilməmiş öhdəlikləri barədə bildiriş, reklam xarakterli məlumatlar göndərilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, Cavabdeh aşağıdakı məzmunda ərizəni imzalamaqla təsdiq edir ki, o, "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 ümumi ofertası ilə tanış olmuş, onun bütün şərtləri ilə razıdır, bütün öhdəliklərini vaxtlı-vaxtında, düzgün, qeydşərtsiz yerinə yetirəcək. Nağd kredit və ya kredit xətti üzrə şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul edir. Ona ayrılacaq kredit xətti limitinin Bankın mülahizəsinə görə azaldılması və çoxaldılmasına razılıq verir. Tərəfındən kredit limitinin azaldılması və artırılması, həmçınin nağd kredit ilə bağlı Banka müraciət edəcəyi halda bu barədə Bankın qəbul edəcəyi müvafıq qərarla razıdır. Bütün bu məlumatlandırmaların ona SMS (7********), mobil əlavə vasitəsilə və ya ofertada göstərilən digər elektron üsullarla göndərilməsinə razıdır, "xxxx" KB ASC tərəfindən tələb edildiyi kimi münasibət bildirəcək. Bütün bank hesabları və Müqavilə ilə bağlı butün yazışmaları yazılı qaydada və ya ofertanın şərtlərinə uyğun olaraq Bankın mülahizəsi ilə SMS və ya digər məsafədən istifadə olunan kanallar vasitəsilə edilməsini xahiş edir və razıdır. Bank qarşısındakı istənilən öhdəliyinin icrasının təminatı olaraq, vaxtında yerinə yetirilməyən öhdəliyinin icrası məqsədilə ona məxsus bütün bank hesablarından, eləcə də digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silinmə aparılmasına etiraz etmir, əksinə razılığını bildirir. Onun ödəniş kartı ilə aparacağı əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmənin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyini qəbul edir. İş materiallarından görünür ki, Cavabdeh məxsus ********* mobil nömrəsinə 10239nkNFTb/23 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə “Sizə xx.xx.2028ci il tarixədək, illik 26%-lə 18500 AZN Nağd kredit (Komissiya 560 AZN. Aylıq ödəniş 554 AZN) və Ucard kartınıza illik 25%-lə, 600 AZN-lik kredit xətti açmağı təklif edirik. Təsdiqləmək üçün YES yazıb 8117-ə göndərin” və “Vəsait kartınıza köçürüldü, Unibank ATM-lərindən nağdılaşdıra bilərsiniz. Ödəniş tarixi: hər ayın 30. Kredit: 10239nkNFTb/23, Ucard kredit kartı hər ayın 30-9. Müqavilə: kod:xxxxxxx məzmunda SMS-lər göndərilmişdir. İş materiallarında olan 30 oktyabr 2024-cü il tarixli BANK/PİKMD/1235321 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 10239nKFTb/23 saylı kredit müqaviləsi üzrə 30 oktyabr 2024-cü il, çərşənbə tarixinə iddiaçıya borcu 16536,29 AZN əsas, 3179,87 AZN faiz, 8,24 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 19724,40 AZN təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 149,18 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsinə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən, ona istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 18500 manat məbləğində kredit xətti açılmasına dair tərəflər arasında xx.xx.2023cü il tarixdə 10239nkNFTb/23 saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda onun iddiaçıya 16536,29 manat əsas, 3179,87 AZN manat, 8,24 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 19724,40 manat borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur, cavabdeh iddia tələbini qəbul edərək, 16536,29 AZN əsas, 3179,87 AZN faiz borcu olmasını etiraf edir. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən iddiaçı "xxxx" ASC-nin iddia tələbinə dair cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 746-2.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Həmin Məcəllənin 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10239nkNFTb/23 saylı kredit müqaviləsinə əsasən, 16536,29 AZN əsas, 3179,87 AZN faiz, 8,24 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 19724,40 AZN borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilmiş hissəsi (19724,40 manat) nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 149.18 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 10239nkNFTb/23 saylı müqaviləyə əsasən 16536,29 manat əsas, 3179,87 manat faiz, 8,24 manat cərimə borcu olmaqla, cəmi 19724 (on doqquz min yeddi yüz iyirmi dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 149 (yüz qırx doqquz) manat 18 (on səkkiz) qəpik alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar