Məhkəmə qərarları › İş №e-2(011)-971/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-971/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-971/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın mənzilə yönəldilməsi, əmlakın satılması, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın mənzilə yönəldilməsi, əmlakın satılması, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 126.000 manat əsas borc və 162.470 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 288.470 manat məbləğində kredit borcunun və ödənilmiş 579 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Əli Quliyev küçəsi, 1130cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 4-cü mərtəbəsində yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı 9 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2011- ci il tarixli, 148 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 180 ay müddətinə, illik 10% faiz ödənilmək şərtilə 126.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 181/R saylı müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Əli Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 4-cü mərtəbəsində yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı 9 saylı mənzili İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə Bank və Cavabdeh arasında 29 dekabr 2011-ci il tarixli, 148/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 126.000 manat əsas borc və 162.470 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 288.470 manat məbləğində kredit borcu mövcuddur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək müdafiə etdiyi şəxsin mənzili təhvil verdiyini, tərəflər arasında hər hansı müqavilə münasibətlərinin olmadığını bildirmiş və bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, o, əvvəllər LPO İddiaçı ASC-də informasiya texnologiyaları sahəsində mütəxəssis vəzifəsində çalışıb. O, bankda çalışan zaman bankla belə bir müqavilə bağlamış, müqavilə əsasında "xxxx" MTK-da yerləşən mənzili almışdır. Daha sonra o, fikrini dəyişdiyi üçün mənzili təhvil vermiş və bank rəhbərliyi tərəfindən onun müqaviləsinə xitam verilməsi ona bildirilmişdir. Bu səbəbdən o, uzun illər ərzində müqavilənin qüvvədən düşməməsi ilə bağlı məlumatlı olmamışdır. Müqavilənin qüvvədə olduğunu bilsəydi, aidiyyəti qurumlara müraciət etməklə müqavilənin ləğvinə nail olardı. Odur ki, hazırda onun mənzilə sahib olmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında 29 dekabr 2011-ci il tarixdə 148 saylı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə Bakı şəhəri, Əli Quliyev küçəsi, 1130-cu məhəllə, ev 1 ünvanında yerləşən binanın A blokunda 9 saylı mənzilin alınması üçün illik 10% dərəcəsi ilə 180 ay müddətinə qaytarmaq şərtilə 126.000 manat məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün bankla Cavabdeh arasında 29 dekabr 2011-ci il tarixdə 148/1 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən verilmiş 126.000 manat məbləğində kreditin təminatı olaraq Cavabdeh Bakı şəhəri, Əli Quliyev küçəsi, 1130-cu məhəllə, ev 1 ünvanında yerləşən binanın A blokunda 4-cü mərtəbəsində istifadədə olan 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı 9 saylı mənzil ipotekaya qoyulmuş, mənzilin ümumi dəyəri tərəflər arasında 136.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə bağlanan zaman mənzilin ipoteka ilə yüklü olmağı qeyd edilsə də qanunvericiliyin tələblərinə əsasən mənzilin dövlət qeydiyyatında olmaması səbəbindən ipoteka yüklülüyü ilə bağlı prosedur həyata keçirilməmişdir. Cavabdeh tərəfindən öhdəlik tam və vaxtında icra olunmamış, bank tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Bakı şəhəri, Əli Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 4-cü mərtəbəsində yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı 9 saylı mənzilin hüquqi statusu ilə bağlı müvafiq məlumatın təqdim edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, həmin qurum tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh adına Bakı şəhəri, Əli Quliyev küçəsi, 1130-cu məhəllədə 1ci yaşayış binasının A blokunda 4-cü mərtəbəsində yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı 9 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən binanın A blokunda 4-cü mərtəbəsində istifadə olan 163.50 kv.m olan 4 otaqlı 9 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının 1 nömrəli xx.xx.2021-ci il tarixli protokoldan çıxarışa və AZ-020-01 nömrəli xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı tərəfindən təqdim edilmiş 17 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29 dekabr 2021-ci il tarixli ******************** saylı kredit müqaviləsi üzrə 12 sentyabr 2024-cü il tarixinə olan əsas borcu 126.000 manat, faiz borcu 162.470 manat, cərimə borcu 0 manat olmaqla, ümumilikdə 288.470 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: 27.3-cü madddəsinə əsasən, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh LPO İddiaçı ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 126.000 manat əsas borc və 162.470 manat faiz borcu olmaqla, cəmi 288.470 manat məbləğində kredit borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Əli Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 4-cü mərtəbəsində yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı 9 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş məktublardan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Əli Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 4-cü mərtəbəsində yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı 9 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, istinad olunan mənzil ipoteka müqaviləsi bağlanan zaman dövlət qeydiyyatına alınmamış, qanunvericiliyin tələblərinə əsasən ipoteka ilə yüklülük reyestrə daxil edilməmişdir. Belə olan halda ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığından hər hansı hüquqi nəticə də doğurmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 29 dekabr 2011-ci il tarixli 148 saylı kredit müqaviləsi üzrə 126.000 manat əsas borc, 162.470 manat faiz borcu olmaqla, ümumilikdə 288.470 manat məbləğində kredit borcu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 579 manat dövlət rüsumu ödəmişdir. Odur ki, iddia tələbi pul məbləğinə münasibətdə təmin edildiyindən cavabdehdən 579 dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29 dekabr 2011-ci il tarixli 148 saylı kredit müqaviləsi üzrə 126.000 manat əsas borc, 162.470 manat faiz borcu olmaqla, ümumilikdə 288.470 (iki yüz səksən səkkiz min dörd yüz yetmiş) manat məbləğində kredit borcu və ödənilmiş 579 (beş yüz yetmiş doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar