Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-996/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbində göstərmişdir ki, "xxxx" ASC ilə cavabdeh Allahverdiyev Rövşən Əmir oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********01 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 Əmir oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Dövlət Notariat Arxivi tərəfindən verilən məlumata əsasən Allahverdiyev Rövşən Əmir oğlunun vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş, Cavabdeh1 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Misar əmlakı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.50 kv.m, yaşayış sahəsi 30.20 kv.m, yardımçı sahəsi 11.30 kv.m. 2 otaqlı olan mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, Allahverdiyev Rövşən Əmir oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2501.98 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 2501.99 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Allahverdiyev Rövşən Əmir oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması haqqında bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 2501.99 manat olduğundan, tərəfimizdən 45.02 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 paylarına nisbətdə iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2501.98 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 2501.99 manat məbləğində kredit borcunun və ödənilmiş 45.02 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırkı məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Allahverdiyev Rövşən Əmir oğlu arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. İş materialında olan "xxxx" ASC tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Allahverdiyev Rövşən Əmir oğlunun 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2501,98 manat əsas, 0.01 manat faiz borcu olmaqla, cəmi 2501,99 manat borcu vardır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 139834 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Allahverdiyev Rövşən Əmir oğlu 15 dekabr 2020-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Allahverdiyev Rövşən Əmir oğlunun sağ qalmış arvadı Cavabdeh3 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh3 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən birgə əmlakı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 34/53a ünvanında yerləşən, ümumi sahəsi 41.50 kv.m, yaşayış sahəsi 30.2 kv.m, yardımçı sahəsi 11.3 kv.m 2 otaqlı mənzildən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 34/53a ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2020-ci il tarixdə vəfat etmiş 15 dekabr 2020-ci il oğlunun vərəsələri arvadı Cavabdeh3, oğlu Cavabdeh2 və onların hər biri miras əmlakdan 1/6 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 34/53a ünvanında yerləşən, ümumi sahəsi 41.50 kv.m, yaşayış sahəsi 30.2 kv.m, yardımçı sahəsi 11.3 kv.m 2 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan "xxxx" ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə elektron kabinet vasitəsilə daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, kredit borcunun ödənilməsinə dair öhdəlik götürməmişdir, ona görə də tələb ona qarşı yönələ bilməz. Bir halda ki, müqavilə üzrə öhdəliklərini icra etmək üçün şəxs müəyyənləşdirilib, onda əlavə cavabdehlərin cəlb olunması müqavilənin və mövcud qanunvericiliyin tələblərinə ziddir. Müqavilədə şəxsin vəfat etməsi nəticəsində öhdəliklərin icrası üsulları nəzərdə tutulmamışdır. Belə bir iddia tələbi mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Müqavilənin 1.1-ci maddəsindən görünür ki, borc alan müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür, razılaşmada tələbin daşınmaz əmlaka yönəldilməsinə dair müddəa yoxdur. Müqavilənin 3.9-cu maddəsində isə, borc verənin tələb hüququnun yarandığı vaxtlar müəyyən edilmişdir. 6.6-cı maddədə tərəflərin müqavilə ilə üzərilərinə götürdükləri öhdəliklərin icra edilməməsinə görə məsuliyyətdən azad edilməsini razılaşdırmışlar. Göründüyü kimi borc alanın vəfatı ilə borc verən müqavilə ilə nəzərdə tutulmuş qanuni hərəkətləri yerinə yetirməli idi. Lakin iddiaçı mövcud qanunvericiliyə uyğun olmayaraq öz vəzifələri üzrə hərəkətsizliyə yol vermişdir. Bundan başqa, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, miras əmlakın 1/6 hissəsində pay açıq saxlanılmışdır. Nəzərə alınmalı məqamlardan biri də mübahisələndirilən daşınmaz əmlakın birgə nikah dövründə alınmasıdır. Sözügedən mənzil alınandan cavabdeh orada yaşayır və hazırda yeni bir şey əldə etməmişdir. Belə olan halda iddia nə dərəcədə qanuni və əsaslıdır? Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göründüyü kimi vərəsələrin məsuliyyətinin həddi miras qoyanın borcuna görə və əldə edilmiş əmlaka görə məhdudlaşır. İddia tələbi qeyri-müəyyəndir və əsaslandırılmamışdır. Məhkəmə isə iş üzrə heç bir araşdırma aparmamış və sübutlar əldə etməmişdir. Hazırkı halda hüquqi varis kimi Cavabdeh2 tərəfindən Allahverdiyev Rövşən Əmir oğlundan hər hansı pul məbləği və yaxud qiymətli əşya vərəsəlik yolu ilə qəbul edilməmişdir. Bu səbəbdən də, cavabdehin iddiaçı olan bank qarşısında öhdəliyi yaranmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi bank işində olan sənədlərdən görünür ki, Allahverdiyev Rövşən Əmir oğlunun vəfat etməsini təsdiq edən ölüm haqqında şəhadətnamənin surəti 2020-ci il tarixdən etibarən şəxsi işə əlavə edilmişdir. Ötən müddət ərzində bank gözləmə mövqeyində durmuş və hərhansı hüquqi addım atmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri olduğu üçün bankın tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Odur ki, iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddiaçının cavabdehin hüquqi varislərinə qarşı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (Maddə 507) Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (1133.1.) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Maddə 1243.2.) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (Maddə 1243.3.) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (Maddə 1306.1.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarında vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd etmişdir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Məhkəmə ilk növbədə Cavabdeh2 iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsinə münasibət bildirməyi məqsədi müvafiq hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki: - Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. - MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. - MM-in 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə belə hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, hazırki iddianın predmeti olan BPM**********01 saylı kredit müqaviləsi "xxxx" ASC ilə Allahverdiyev Rövşən Əmir oğlu arasında 09 dekabr 2019-cu il tarixdə bağlanmış, həmin müqavilədə icra müddəti 48 ay müəyyən edilmiş, həmin müddət 09 dekabr 2023-cü il tarixdə bitmişdir. İddiaçı həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə 19 noyabr 2024-cü il tarixdə müraciət etmişdir və iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Allahverdiyev Rövşən Əmir oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsələri olan arvadı Cavabdeh3 və oğlu Cavabdeh2 kreditor qarşısında öhdəliyini icra etməli olduğu üçün, "xxxx" ASC ilə Allahverdiyev X2 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2501,98 manat əsas, 0.01 manat faiz borcu olmaqla, cəmi 2501,99 manat borc cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh1 miras əmlakı qəbul etməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh3 və Cavabdeh2 2501,98 manat əsas, 0.01 manat faiz borcu olmaqla, cəmi 2501,99 manat borc və 45,02 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 qarşı təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-996/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-996/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver