Məhkəmə qərarları › İş №e-2(012)-1021/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1021/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1021/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.506,76 manat əsas, 1.251,04 manat faiz, 1.559,37 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 208,53 manat faiz borcu olmaqla, cəmi 4.525,70 manat borcun və ödənilmiş 65,26 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İçərişəhər filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı, 05 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə illik 20,5% dərəcəsi ilə 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 330007136/ZM saylı, 05 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 18 yanvar 2017-ci il tarixli əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5.265,70 manat təşkil etmişdir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən 05 yanvar 2020-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********659 saylı, 01 sentyabr 2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Sonuncu dəfə 19 dekabr 2018-ci il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 07 oktyabr 2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 4.525,70 manat təşkil edir. Bundan 1.506,76 manat əsas, 1.251,04 manat faiz, 1.559,37 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 208,53 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən 1.506,76 manat əsas, 1.251,04 manat faiz, 1.559,37 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 208,53 manat faiz borcu olmaqla, cəmi 4.525,70 manat borcun və ödənilmiş 65,26 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 09 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 12 dekabr 2022-ci il tarixdə məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildirişlər göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh2 və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2015ci il tarixli, ********* saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor borcalana 7.000 ABŞ dolları olan krediti illik 20,5 faizlə 24 ay müddətinə vermiş, borcalan isə razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 05 avqust 2015-ci il tarixli, 330007136/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 05 avqust 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 05 avqust 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 bankdan 7.000 ABŞ dolları məbləğində pul götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18 yanvar 2017ci il tarixli “330007136 saylı, 05 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 saylı əlavə saziş”dən və həmin müqaviləyə əlavədən (ödəniş cədvəli), "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli “330007136 saylı, 05 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə saziş”dən görünür ki, əsas borc üzrə qalığ konvertasiya edilməklə 5.265,70 manat müəyyən edilmiş, kreditin müddəti 05 yanvar 2020-ci il tarixədək uzadılmışdır. 01 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 banka olan borcun 3 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar olunmuşlar. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, **********968 saylı arayışdan görünür ki, Cavabdeh2 07 oktyabr 2022-ci il tarixə kredit müqaviləsi üzrə 1.506,76 manat əsas borcu, 1.251,04 manat faiz borcu, 1.559,37 manat cərimə borcu, 208,53 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 4.525,70 manat borcu vardır. 07 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 65,26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 05 avqust 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 20,5% olmaqla, 24 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 7.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 avqust 2015-ci il tarixli, 330007136/ZM saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyini tam icra etməsi üçün öhdəlik götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli “330007136 saylı, 05 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 saylı əlavə saziş”ə, həmin müqaviləyə əlavəyə (ödəniş cədvəli), "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli “330007136 saylı, 05 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişə əsasən əsas borc üzrə qalığ konvertasiya edilməklə 5.265,70 manat müəyyən edilmiş, kreditin müddəti 05 yanvar 2020-ci il tarixədək uzadılmışdır. Hazırda cavabdehlərin borcu əsas borcu üzrə 1.506,76 manat, faiz borcu üzrə 1.251,04 manat, cərimə borcu üzrə 1.559,37 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 208,53 manat olmaqla, cəmi borc 4.525,70 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu Cavabdeh2 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır və buna görə iddia tələbi eyni zamanda zaminlik müqaviləsi üzrə zaminə qarşı da təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdehlər tərəfindən müqavilə şərtləri pozulduğuna görə 1.559,37 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onların vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehlərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1.559,37 manat məbləğində cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 208,53 manat faiz tələbi hissəsi ilə bağlı qeyd edir ki, ləğv prosesində olan bankın bu cür iddiası əsaslı hesab edilə bilməz, çünki bu tələb əldən çıxmış fayda ilə bağlıdır. Ləğv prosesində olan bankın isə kredit vermək səlahiyyəti yoxdur, halbuki əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (Mülki Məcəllənin 443.4-cü maddəsi). İddiaçı hazırda ləğv prosesində olduğu vəziyyətdə kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq gəlir əldə etmək) imkanı olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair sübutlar təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 208,53 manat faiz məbləği hissəsində əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.506,76 manat əsas borc, 1.251,04 faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 2.807,80 manat tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 65,26 manat məbləğində pul vəsaitinin 40 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 - 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.506,76 (min beş yüz altı manat, yetmiş altı qəpik) manat əsas borc, 1.251,04 (min iki yüz əlli bir manat, dörd qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 2.807,80 (iki min səkkiz yüz yeddi manat, səksən qəpik) manat tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 65,26 (altmış beş manat, iyirmi altı qəpik) manat pul vəsaitinin 40 (qırx) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar