Məhkəmə qərarları › İş №e-2(012)-103/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-103/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-103/2025 10.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması və həmin əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəmədiyi halda qalan məbləğin tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 saylı kredit müqaviləsi üzrə banka olan 20347,16 manat əsas, 841,71 manat faiz, 2109,22 manat cərimə borcu olmaqla, cəmi borcu 23298,09 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəflərindən ödənilmiş 51 manat məbləğində rüsumun, 159,90 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,6 m2 olan 36 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi və xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 20 faiz olmaqla, 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, MK 133/F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 16186003 saylı ipoteka müqaviləsinə əsasən DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,6 m2 olan 36 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Hazırda Cavabdeh1 xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 saylı kredit müqaviləsinə əsasən yaranmış borc üzrə ödənişlər etməyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. İddia tələbinin yönəldilə biləcəyi əmlak - Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilin ümumi sahəsi 61,6 m2-dir və ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığına əsasən 50000 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh1 banka 20347,16 manat əsas, 841,71 manat faiz, 2109,22 manat cərimə borcu olmaqla, cəmi borcu 23298,09 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Artıq bir ildir ki, cavabdehlər banka olan borca görə heç bir ödəniş etmirlər. Bu səbəbdən hesab edirlər ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Qeyd edir ki, ekspert rəyində mübahisə predmeti olan mənzilin orta bazar dəyəri kimi müəyyən edilmiş məbləğ onları qane edir, belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi real bazar dəyərinə uyğun olaraq verilmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, vaxtilə xırda biznes ilə məşğul olmuşdur. Həmin vaxt o, bankdan pul götürmüş, borca görə evini ipotekaya qoymuşdur. İşində problem olmadığı üçün 2023-cü ilin sentyabr ayına qədər sözügedən müqavilə üzrə borca görə hər ay vaxtı-vaxtında ödənişlər etmiş, borcun müəyyən hissəsini banka ödəmişdir. Lakin o, sonradan maddi cəhətdən çətinlik çəkdiyi üçün ödəniş edə bilməyəcəyi barədə banka müraciət etmiş, bank da bu halı nəzərə alaraq ona güzəşt etmiş və müəyyən olunmuş aylıq ödəniş məbləğini 1500 manatdan 1000 manata endirmişdir. Bildirir ki, o, İddiaçı ASC ilə əlaqə saxlayaraq banka olan borcunu kiçik məbləğdə olmaqla hissə-hissə ödəmək istədiyini söyləmiş, lakin bank tərəfindən ona hazırki mübahisə ilə bağlı mülki işin məhkəmədə baxıldığını bildirilmişdir. O, kredit borcuna görə banka hər ay təxminən 250-300 manat məbləğində ödəniş edə bilər. Odur ki, qeyd edilənlərə əsasən o, xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 saylı kredit müqaviləsi üzrə hesablanmış cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər - Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,6 m2 olan 36 nömrəli mənzil dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MK 133/F-22 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC (bank) ilə Cavabdeh1 (borcalan), Cavabdeh2 və Cavabdeh3 (zaminlər) arasında zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 və Cavabdeh3 (zaminlər) Cavabdeh1 (borcalanın) xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən (bankdan) 24 ay müddətinə, illik 20 faiz olmaqla aldığı 30000 manat məbləğində kreditin, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə xərclərinin İddiaçı ASC-yə (banka) ödənilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 16186003 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə İddiaçı ASC arasında ipoteka müqaviləsi bağlanmış və DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,6 m2 olan 36 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,6 m2 olan 36 nömrəli mənzilin İddiaçı ASC-nin xeyrinə ipoteka yüklülüyü dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci, 385.1-ci, 421.1-ci, 421.2-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2-ci, 445.2.1-ci, 445.2.2-ci, 448.1-ci, 448.2-ci, 472.1-ci, 472.2-ci maddələri, həmçinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı şirkətin nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilmiş və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 nömrəli kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi xx.xx.2022-ci il tarixli, 16186003 saylı ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1137/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2024-cü il tarixli, 9/27xx-xx/2720 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilin təmirli olduğu nəzərə alınaraq 2024-cü il tarixə orta bazar dəyəri təqribən 90244,00 (61,6 x 1465,00 man) manat, likvid dəyəri isə 81220,00 manat (90244,00 m – 10 %) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 saylı kredit müqaviləsi üzrə hesablanmış 2109,22 manat məbləğində cərimə borcu 100 manat məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,6 m2 olan 36 nömrəli mənzilin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin borc tələbinə yönəldilməsinin qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 16186003 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,6 m2 olan 36 nömrəli mənzil 50000 manat qiymətləndirilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2024-cü il tarixli, 9/27xx-xx/2720 saylı ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 81220 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələb həmin hissədə mücərrəd olduğundan, həmçinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti tələb olunan pul məbləğindən çox olduğundan həmin hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 159,90 manat dövlət rüsumunun 146 manat və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində rüsum da cavabdehlərdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 10 oktyabr 2024-cü il tarixli, 9/27xx-xx/2720 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 saylı kredit müqaviləsi üzrə 20347,16 manat əsas, 841,71 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 21288,87 manat borc, dövlət rüsumuna görə 146 manat və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində rüsum tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma xx.xx.2022-ci il tarixli, BK № MK 133/F-22 saylı kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,6 m2 olan 36 nömrəli mənzilə yönəldilsin, həmin ev hərracda satılsın və ipoteka predmetinin ilkin satış qiyməti 81220 (səksən bir min iki yüz iyirmi) manat müəyyən edilsin. İddia tələbi ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində rədd edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2024-cü il tarixli, 9/27xx-xx/2720 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar