Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1072/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqaviləyə əsasən alınmış torpaq sahəsinin və evin təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqaviləyə əsasən alınmış torpaq sahəsinin və evin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli satış müqaviləsinə əsasən, Cavabdeh MMC-nin Abşeron rayonu, Saray qəsəbəsində “Villa Badam” şəhərciyində yerləşən 890 kv.metr torpaq sahəsinin və bu ərazidə inşa edilmiş 338 kv.metrlik A36 tipli, 061 nömrəli evin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 104 nömrəli satış müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində “Villa Badam” şəhərciyində yerləşən 890 kv.metr torpaq sahəsini və bu ərazidə inşa edilmiş 338 kv.metrlik A36 tipli, 061 nömrəli evi 600000 manata ona satmış və əmlakın dəyəri onun tərəfindən həmin gün tam ödənilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən əmlakın təhvil verilmə tarixi, əmlakın dəyəri tam ödənildikdən sonra inşaatın başlanması və təmirsiz halda 12 ay müddətinə alıcıya təhvil verilməsi müəyyən olunmuşdur. Müqaviləyə əsasən əmlakların dəyəri müqavilə bağlanan gün tam ödənilmiş və ev tam təmir edilmişdir. Cavabdeh MMC-nin rəhbər şəxsi vəfat etdikdən sonra yeni rəhbərlik evləri ona təhvil verməkdən yayınır. Son günlər isə bu ərazidə bir evin bir neçə sahibinin olması halına rast gəlindiyindən hazırki iddianı qaldırmaq məcburiyyətindədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) X1 bildirdi ki, mübahisəli ev hazırda boşdur və İddiaçı məxsusdur. Cavabdeh MMC tərəflər arasında imzalanmış müqaviləni tanıyır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 101 nömrəli satış müqaviləsindən görünür ki, tərəflər arasında Abşeron rayonu, Saray qəsəbəsində “Villa Badam” şəhərciyində yerləşən 890 kv.metr torpaq sahəsinin və bu ərazidə inşa edilmiş 338 kv.metrlik A36 tipli, 061 nömrəli evin 600000 manata satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli, 101 nömrəli satış müqaviləsinə əsasən üzərinə düçən öhdəliyi tam yernə yetirmişdir və Şirkətə borcu yoxdur. Mübahisəli əmlaka məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsində “Villa Badam” şəhərciyində yerləşən 890 kv.metr torpaq sahəsi və bu ərazidə inşa edilmiş 338 kv.metrlik A36 tipli, 061 nömrəli ev hazırda mövcuddur, lakin təmir olunmamışdır. Əmlakdan istifadə olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı ilə MMC arasında bağlanmış müqavilə alqısatqı müqaviləsi kimi görünsə də, əslində evə dair hissədə podrat müqaviləsi hesab olunur və hazırki mübahisə qismən podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən görünür ki, xx.xx.2014-cü il tarixli, 101 nömrəli müqavilə ilə Cavabdeh MMC ilə İddiaçı arasında Abşeron rayonu, Saray qəsəbəsində “Villa Badam” şəhərciyində yerləşən 890 kv.metr torpaq sahəsinin satılması və bu ərazidə 338 kv.metrlik A36 tipli, 061 nömrəli evin 600000 manata inşa edilməsi barədə razılıq əldə edilmişdir. Göründüyü kimi, buradakı mübahisə predmetini 890 kv.metr torpaq sahəsi və bu ərazidə inşa edilmiş 338 kv.metrlik yaşayış evi təşkil edir. Yerli baxış zamanı müəyyən edildi ki, müqavilənin predmetini təşkil edən torpaq sahəsi və oradakı ev mövcuddur, lakin istifadə olunmur. İddiaçıya məxsus əmlakın dəyərinin MMC-yə tam ödənilməsi ilə bağlı maliyyə arayışı verilsə də, həmin daşınmaz əmlaklarla bağlı o, öz mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışdır. Bundan başqa, əmlaka görə ödənilmiş vəsaitin bilavasitə MMC-nin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MMC tərəflər arasında imzalanmış müqaviləni tanıyır və əmlakın məhz İddiaçı məxsus olduğunu qəbul edir. İşin bu hallarına qiymət verərək məhkəmə hesab edir ki, qeyd edilən əmlaklarla bağlı artıq tərəflər arasında mübahisə yoxdur. Bu əmlaklarla bağlı iddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlandığından və həmin müqavilə hazırda qüvvədə olduğundan iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 101 nömrəli müqavilə əsasında iddiaçıya satılmış Abşeron rayonu, Saray qəsəbəsində “Villa Badam” şəhərciyində yerləşən 890 kv.metr torpaq sahəsi və bu ərazidə inşa edilmiş 338 kv.metrlik A36 tipli, 061 nömrəli ev iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 101 nömrəli müqavilə əsasında iddiaçıya satılmış Abşeron rayonu, Saray qəsəbəsində “Villa Badam” şəhərciyində yerləşən 890 kv.metr torpaq sahəsi və bu ərazidə inşa edilmiş 338 kv.metrlik A36 tipli, 061 nömrəli ev İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1072/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1072/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver