Məhkəmə qərarları › İş №e-2(012)-1104/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1104/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1104/2025 03.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Əzizova (Şahverdiyeva) Ülkər Şahverdi qızından 5400 (beş min dörd yüz) manat, ödənilmiş 74 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilən 325 manat pulun alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əzizova (Şahverdiyeva) Ülkər Şahverdi qızı ilə yoldaşlıq münasibətləri olmuşdur. O, Xaçmaz şəhərində Ramilə adlı qadından nisyə qızıl alıb 7000 manata nisyə qaydada cavabdehə satmışdır. Bundan sonra cavabdeh ona həmin puldan 1000 manat geri qaytardı, qalan pulu isə qısa vaxtda qaytara biləcəyini bildirdi. Daha sonra ona dəfələrlə pulunu geri qaytarmasını tələb etsə də o pulu əvvəlcə qısa zamanda qaytaracağını söz verdi, daha sonra isə ona həmin pulları onun da, nisyə qızıl aldığı Ramilə adlı şəxsə qaytardığını bildirdi. O, bu barədə Ramilədən soruşduqda Ramilə elə bir şeyin olmadığını bildirdi. Daha sonra onun Ramiləyə borcu olduğundan Ramilə onun barəsində Xaçmaz rayon polis şöbəsinə müraciət etmiş, aparılan araşdırma zamanı cavabdeh ifadə verərək bildirmişdir ki, o, ona ümumilikdə 6400 manat dəyərində qızıl satmışdır. Həmin puldan əvvəlcə 1000 manatını ona geri qaytarmış, daha sonra isə digər 5400 manatı kart hesabına ödəmişdir. Hansı ki, bu belə olmayıb və bu barədə cavabdeh Xaçmaz rayon polis şöbəsinə heç bir sübut təqdim edə bilmədi. Göründüyü kimi cavabdeh onun 6400 manat dəyərində qızıl-zinyət əşyalarını nisyə satdığını etiraf etmiş, lakin həmin pulun ona geri qaytarılması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Hazırda cavabdehin ona 6000 manat borcu olsa da o, həmin pulun yalnız 5400 manat olan hissəsini etiraf edir. Hər dəfə cavabdehə pulunu geri qaytarmaq barədə tələb irəli sürülsə də hazırki vaxtadək pulunu geri qaytarmır və qaytarmaq fikrinin olmadığını verdiyi ifadədə göstərmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, bildirdi ki, əslində cavabdehin borcu 6000 manatdır, lakin polis şöbəsində verdiyi izahatda 5400 manat borcun olmasını etiraf etdiyi üçün, iddiaçı həmin məbləğin qaytarılmasını tələb edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. - İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli ittiham aktının surətindən görünür ki, iş üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, İddiaçı çoxdan tanıyır, aralarında heç bir ədavət olmamışdır. 2023-cü ilin may ayında İddiaçı “Whatsapp” mobil tətbiqi vasitəsi ilə statusa satılıq qızıl-zinət əşyalarının şəkillərini qoymuşdur. Şəkildəki bəzi qızıllardan xoşu gəldiyi üçün o, Elnurə ilə danışmış, ondan həmin qızılları almaq istədiyini demişdir. Beləcə o, Xaçmaz rayonuna gəlmiş və Xaçmaz şəhərində Elnurə ilə görüşüb ondan təxminən 70 qram çəkidə qızılzinət əşyaları almışdır. Həmin qızıllara görə də Elnurəyə 6400 manat pul verməli olmuşdur. Onlar razılaşmışdır ki, o qızılların pulunu 2 ay ərzində ödəyəcəkdir. O, qızıllara görə Elnurəyə nağd min manat vermişdir, Bakı şəhərinə qayıtdıqdan bir müddət sonra isə Elnurənin ona göndərdiyi kart hesabına 1100 manat göndərmişdir. Sonra oğlu cərrahi əməliyyat edildiyi üçün Elnurənin pulunu bir qədər gecikdirmiş, lakin 2023- cü ilin sonunadək Elnurəyə olan bütün borcunu tamamilə bağlamışdır. O, qızılların hamısının pulunu Elnurənin özünə vermişdir. O, Ramiləyə 1 manat da olsun pul verməmiş, çünki o, qızılları Ramilədən deyil, Elnurədən almışdır. Elnurə yalan danışır, o, pulun hamısını Elnurənin özünə vermişdir. Ramiləyə heç bir məbləğdə pul ödəməmişdir. - İddiaçı ilə vəkil Nümayəndə arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, EM-2449VK-15932/24 saylı müqavilənin surətindən görünür ki, vəkil ona həvalə edilən tapşınq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 325 (sözlə: üç yüz iyirmi beş) manat müəyyən olunmuşdur. - 051383 saylı qəbzdən görünür ki, İddiaçı vəkil Nümayəndə hesabına 325 manat pul ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə 70 qr çəkisi olan qızıl vermiş, cavabdeh həmin qızıllarını dəyəri olan 6400 manat pulu qısa zaman ərzində qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcdan 1000 manat qaytarmış, lakin yerdə qalan 5400 manatı üzərindən uzun müddət keçməsinə baxmayaraq qaytara bilməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçıdan 6400 manat dəyərində qızıl aldığını istintaq şöbəsində etiraf etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı bütün borcu qaytardığını və ona heç bir borcunun qalmamasını qeyd etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, işin faktiki hallarından məlum olur ki, tərəflər arasında yaranan münasibətlər borc verilməsi ilə bağlıdır, ona görə də, 5400 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “325 manat məbləğində vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş məbləğin cavabdehdən alınıb iddiaçıya ödənilməsi” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hazırki işin konkret halları nəzərə alınmaqla göstərilən məbləğ ağlabatan məbləğdə olması nəzərə alınmalı və 325 manat pul cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 74 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5400 manat məbləğində pul, hüquqi yardıma görə ödənilən 325 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 74 manat, cəmi 5799 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5400 manat məbləğində pul, hüquqi yardıma görə ödənilən 325 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 74 manat, cəmi 5799 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar