Məhkəmə qərarları › İş №e-2(012)-1124/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1124/2023

31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1124/2023 31.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Oqtay oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Oqtay oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Oqtay oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3554 manat dəymiş ziyan və hüquqi yardıma görə ödənilmiş 100 manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 3654 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Oqtay oğlunun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" MMC ilə İddiaçı Oqtay oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ALY-1694 saylı “Daxili lizinq müqaviləsi” əsasında lizinqə verilmiş “Ravon Nexia R3” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmişdir. Digər Cavabdeh1 həmin sürücünü iddiaçı ilə tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh2 hərəkətləri nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə avtomobili geri qaytarmaq istədiyini deyərək iddiaçıya təqdim etmiş, iddiaçı həmin vaxt avtomobildə nasazlıqlar olduğunu aşkarlamış, daha sonra avtomobili təmir olunması üçün “RS Avtoservis”-ə aparmış, avtomobilə baxış keçirilərkən avtomobilin su radiatoru, kollektor, kompressor, geridönüşün sensoru, sükangücləndiricisi, ön gücləndirici, təkərləri, motorun hava kəpənəyi, alt tor, arxa sol stop və digər bir neçə detalların yararsız vəziyyətdə olduğu, həmçinin, avtomobildə dəmirçi, rəngsaz, plastmasçı, çilingər işlərinin görülməli olduğu müəyyən edilmişdir. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 3554 manat tələb olunmuşdur. Lakin cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı avtomobili “RS Avtoservis”-də 3554 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Göründüyü kimi, Cavabdeh2 hərəkətləri nəticəsində avtomaşına 3554 manat zərər dəymişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD № 110066 saylı, xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2017-ci il buraxılışlı “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. -»Azevrocar» MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı Oqtay oğlu arasında bağlanmış xx.xx.2017ci il tarixli CAR-1715 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinqə verilmiş “Ravon Nexia R3” markalı, ** PL *** qeydiyyat nişanlı avtomobil Cavabdeh2 xx.xx.2022-ci il tarixədək etibarnaməli idarə edilməsinə verilmişdir. -Lizinq verən "xxxx" MMC ilə lizinq alan İddiaçı Oqtay oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ALY-1694 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Müqavilənin 1.5-ci bəndinə əsasən, bu müqavilənin ümumi məbləği 13800 manat təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Müqavilənin 9.3-cü bəndinə əsasən, lizinq verənin yazılı razılığı ilə lizinq alan lizinq obyektinə dair aşağıdakı hərəkətləri həyata keçirə bilər. 9.3.1. lizinq obyektini sublizinqə və ya kirayəyə vermək, 9.3.2 bu müqavilə ilə müəyyən edilmiş hüquq və vəzifələrini üçüncü şəxslərə vermək. Müqavilənin 11.1-ci bəndinə əsasən, qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir. Müqavilənin 11.2-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin, səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Müqavilənin 11.4.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən, ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. Lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu müqavilə öz qüvvəsini itirir, lizinq obyekti isə lizinq alanın mülkiyyətinə keçir. -Daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq obyektinin dəyəri 13800 manat olan “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. -“RS Avtoservis” tərəfindən verilmiş qüsur aktından görünür ki, “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 3554 manat hesablanmışdır. -İcarəyə verən İddiaçı Oqtay oğlu ilə icarəyə götürən Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 40 saylı icarə müqaviləsindən görünür ki, nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini idarəetmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: 1.1. ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılması və təhlükəsizliyinin təmin edilməsi, 1.3. nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət edilməsi, 1.4. nəqliyyat vasitəsinin kənar şəxslərin idarə edilməsinə yol verilməməsi, 1.5. nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrinin (təkər, akkumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz edilməsi, 1.6 hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanın öz hesabına ödənilməsi, 1.7. yol-nəqliyyat, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi. Müqavilənin 1.9-cu bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və ya bədbəxt hadisə baş verərsə nəqliyyat vasitəsini icarəyə verən şəxs heç bir məsuliyyət daşımır. Müqavilənin 3-cü bəndinə əsasən, müqavilə bağlandğı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 900 manat depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Müqavilənin 10-cu bəndinə əsasən, müqavilə üzrə öhdəlikləri nəqliyyat vasitəsini icarəyə götürən şəxs tam yerinə yetirdikdən sonra nəqliyyat vasitəsini icarəyə verən şəxs öhdəliyində olan nəqliyyat vasitəsini gündəlik 25 manat plan verməklə 36 ay müddət bitdikdən sonra avtomaşının bağışlanması barədə müqavilə bağlaya bilər. -xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, İddiaçı Oqtay oğlu avtomobilin təmirinə görə 3554 manat pul vəsaiti ödəmişdir. -Ödəniş qəbzindən görünür ki, mülki iş üzrə hüquqi yardımın göstərilməsinə görə 100 manat xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Abutalıbov X2 rayonu, K.Marks küçəsi, 1A saylı evdə, Cavabdeh2 Bərdə rayonu, Xanağalı kəndində, Cavabdeh1 isə Abşeron rayonu, Aşağı Güzdək qəsəbə ərazi dairəsi, Aşağı Güzdək qəsəbəsi, 7 saylı evin, 8 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1954 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3175 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 747.1. maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli, ALY-1694 saylı daxili lizinq müqaviləsinə əsasən, “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi lizinq verən "xxxx" MMC tərəfindən lizinq alan İddiaçı Oqtay oğlunun müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq alan isə dəyəri 13800 manat dəyərində müəyyən edilmiş lizinq obyektinə görə hər ay lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 747-2. maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1. maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olaraq “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verilmiş, iddiaçı isə həmin avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında eyni zamanda, müəyyən olunmuşdur ki, İddiaçı Oqtay oğlu "xxxx" MMC ilə bağladığı daxili lizinq müqaviləsinə əsasən, “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq obyekti kimi müvəqqəti sahiblik və istifadəsinə götürmüş, eyni zamanda, müqavilənin 9.3.1-ci bəndinə əsasən, lizinq verənin yazılı razılığı ilə həmin avtomobili sublizinqə və ya kirayəyə vermək hüquqlarını əldə etmişdir. Mülki Məcəllənin: 363.1. maddəsinə əsasən, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. 363.3. maddəsinə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Mülki iş materiallarına əlavə olunmuş etibarnamənin surətindən göründüyü kimi, həmin etibarnamə əsasında lizinq obyekti olan “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilmək üçün Cavabdeh2 "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixədək etibar edilmişdir. Mülki Məcəllənin: 700.1. maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki iş materiallarına əlavə olunmuş icarəyə verən İddiaçı Oqtay oğlu ilə icarəyə götürən Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 40 saylı icarə müqaviləsinə əsasən, cavabdeh lizinq obyekti olan “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 900 manat depozit ödənilmək şərtilə icarəyə götürmüş və icarəyə götürdüyü andan avtomobilin saxlanılmasına, eyni zamanda, baş verəcək yol nəqliyyat hadisələri, həmçinin, bədbəxt hadisələr nəticəsində avtomobilə dəymiş zərərə görə də məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin mülkiyyətində olan, lizinq obyekti kimi iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verilmiş “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Oqtay oğlu tərəfindən icarə müqaviləsi əsasında Cavabdeh2 icarəsinə verilmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 nəqliyyat vasitəsini icarəyə götürən şəxs olaraq ona etibar edilmiş nəqliyyat vasitəsinin idarəetmə məsuliyyətini öz üzərinə götürmüş, eyni zamanda, ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, istifadə və istismar qaydalarına riayət edilməsi, yol nəqliyyat, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi və digər öhdəliklərin icra edilməsinə görə məsuliyyət daşımışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddia tələbindən müəyyən olunur ki, lizinq obyekti olan “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 3554 manat hesablanmışdır ki, bu da mülki iş materiallarına əlavə olunmuş qüsur aktı ilə öz təsdiqini tapmışdır. Avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyərinin qeyd olunan tarixə bazar qiymətinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1954 saylı rəyi ilə “Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən, 3175 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mülki iş materialları ilə paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi qəbul edir və avtomobilə 3175 manat zərərin dəyməsi qənaətinə gəlir. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, Cavabdeh2 icarə müqaviləsi əsasında icarəyə götürdüyü “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri ödəməməsi öz təsdiqini tapdığından, iddia ərizəsi avtomobilə dəymiş zərər olaraq 3175 manat maddi ziyanın Cavabdeh2 iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə digər Cavabdeh1 münasibətdə isə qeyd edir ki, iddiaçı həmin cavabdehin vasitəçilik qismində çıxış edərək onu digər cavabdehlə tanış etdiyini və bu səbəbdən də, həmin cavabdehin də məsuliyyət daşımalı olduğunu qeyd etsə də, məhkəmə bildirir ki, Cavabdeh1 ilə iddiaçı arasında rəsmi hüquq münasibətlərindən irəli gələn hər hansı bir öhdəlik yaranmamış və yaxud dəymiş zərərin ödənilməsinə dair həmin cavabdeh hər hansı bir öhdəlik götürməmişdir. Bu səbəbdən də, iddia ərizəsi həmin cavabdehə münasibətdə əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Eyni zamanda, mülki iş materiallarından görünür ki, iddiaçı onun tərəfindən hüquqi yardıma görə ödənilmiş 100 manat pul vəsaitinin də cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 100 manat və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaiti cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh2 dəymiş ziyana görə 3175 manat və hüquqi yardıma görə 100 manat olmaqla, ümumilikdə, cəmi 3275 manat pul vəsaiti tutularaq İddiaçı Oqtay oğlunun xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 dəymiş ziyana görə 3175 (üç min yüz yetmiş beş) manat və hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat olmaqla, ümumilikdə, cəmi 3275 (üç min iki yüz yetmiş beş) manat pul vəsaiti tutularaq İddiaçı Oqtay oğlunun xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar