Məhkəmə qərarları › İş №e-2(012)-1137/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1137/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1137/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilən 7230 manat əsas borc məbləği, ödənilmiş 93 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 7323 manat məbləğindəki pul vəsaitinin Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilən 5230 manat əsas borc məbləğinə mütənasib olaraq 3530 manat məbləğində pulun Cavabdeh1 və 1700 manat məbləğində pulun Cavabdeh2 tutulması, həmçinin ödənilmiş 93 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 3530 manat məbləğində pul tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı Cavabdeh1 tərəfindən sonuncunun dələduzluq əməlləri nəticəsində ziyan dəymişdir. Belə ki, iddiaçı həyat yoldaşının vəfatından sonra mərhumun qəbrini ziyarətə görə getdiyi Mehdiabad qəsəbəsində boş torpaq sahələrinin olduğunu görmüş və həmin sahələrin hər hansı birini almaq istəmişdir. Hadisələr cərəyan edən zaman həmin ərazidə Cavabdeh1 iddiaçıya torpaq alışının həyata keçirilməsində köməklik edəcəyini bildirmişdir. Lakin İddiaçı sonuncunun əməllərinin dələduzluq olduğunu əvvəlcədən görməmişdir. İddiaçı cavabdeh ilə birlikdə torpaq sahəsinə baxış keçirmiş, cavabdeh həmin torpağın müəyyən hissəsini iddiaçıya satacağını bildirsə də bugünki günə qədər nə ödənilmiş vəsait geri qaytarılmış, nə də alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, Cavabdeh1 7230 manat məbləğində iddiaçıya maddi zərər vurmuşdur. Bildirir ki, cavabdeh satışını həyata keçirmək istədiyi torpaq sahəsinin özünə məxsus olduğunu demiş, həmin torpağın sənədlərinin hazırlanması üçün iddiaçı tərəfindən aybaay pul ödənilməsini və pul ödəndikcə torpağın sənədlərini hazır vəziyyətə gətirib torpağın satışını reallaşdıracağını vəd etmişdir. Lakin hər ödənişdən sonra yenidən hansısa sənədin çatmadığını deyərək satışı yubatmışdır. Pul tamamilə ödənildikdən sonra isə hər dəfə notariat ofisində görüş təyin edilsə də müxtəlif bəhanələrlə gəlməkdən boyun qaçırmışdır. Lakin bir müddət sonra cavabdeh həmin ərazinin qardaşı Cavabdeh2 məxsusluğunu iddia edərək, paylı mülkiyyətdə olduğu üçün qardaşının da ondan pul istədiyini demişdir. Cavabdeh qardaşına almış olduğu pulu xərclədiyinə görə pul verə bilməmiş, yenidən iddiaçıdan pul istəmişdir. İddiaçı da müxtəlif vaxtlarda cavabdehin bank hesabına pul mədaxil etmişdir. Əvvəllər sadəcə mülkiyyətin Cavabdeh2 məxsus olduğu və halallıq olması üçün pul istədiyini hesab etsə də sonda aydın olmuşdur ki, Cavabdeh2 də qardaşı olan Cavabdeh1 kimi iddiaçının pulunu mənimsəmək üçün bəhanələr gətirmişdir. Belə ki, torpaq sahəsinin girovda olması səbəbilə satışını həyata keçirə bilmədiyini deyib girovdan azad olunması üçün əlavə vəsait istəmişdir. Cavabdeh2 əmlakın həbsdən azad edilməsi üçün icra hakimiyyəti binasının önündə cavabdehin iştirakı olmaqla iddiaçı ilə danışıqlar apardıqdan sonra guya icra hakimiyyətinə girərək, müvafiq rəsmiləşdirmə işlərini həll etdiyini, bir müddət sonra satışı reallaşdıra bildirəcəyini vəd etmişdir. Cavabdeh həqiqi niyyəti əmlakın satışını həyata keçirmək olmadığı üçün iddiaçıya məxsus pul vəsaitini yalan vədlərlə mənimsəmişdir. İddiaçı tərəfindən cəmi 7230 manat məbləğində pul vəsaiti müxtəlif vaxtlarda cavabdehə ödənilmişdir. iddia ərizəsində cavabdeh qismində əlavə etmiş olduğu fiziki şəxs Cavabdeh1 Füzuli oğlu barəsində şikayət ərizəsi üzrə Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsində material mövcuddur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda barəsində şikayət edilən şəxs özü və qardaşı Cavabdeh2 tərəfindən, həqiqətən də İddiaçı müxtəlif vaxtlarda pul vəsaitinin alınmasını təsdiq etdiyini etiraf etmişdir. İstintaq zamanı, yəni 14 fevral 2025-ci il tarixdə cavabdeh iddia tələbinin həcmini təşkil edən 7230 manatdan 2000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəmişdir. Cavabdeh qalan məbləği ödəyə bilməsi üçün istintaqdan vaxt istəmiş, lakin vurulmuş zərəri tam həcmini ödəməmişdir. Müstəntiq şəxsin vurduğu zərərin bir qismini ödəməsi əsası ilə, halbuki bu hal kifayət qədər əsaslandırılmamışdır, şəxsin niyyətinin, həqiqətən də dələduzluq olmadığı qənaətinə gəlmiş, tərəflər arasında olan münasibəti mülki xarakterli olduğunu bildirərək materialı rədd etmişdir. Hesab edir ki, şəxsin vurulan zərərin bir hissəni ödəməsi şəxsin əməlində dələduzluq faktının olmaması kimi qiymətləndirilə bilməz. Buna baxmayaraq, həmin qərarda bir daha cavabdeh qismində cəlb edilən şəxsin öz izahatı ilə təsdiq edir ki, həqiqətən də müxtəlif vaxtlarda iddiaçıdan nağd formada pul almışdır. Cavabdeh1 izahatında bildirib ki, İddiaçı ilə Mehdiabad qəbiristanlığında mərhum həyat yoldaşının məzarını ziyarət edərkən tanış olmuş və bir müddət sonra İddiaçı həmin ərazidə torpaq sahəsi olarsa, torpaq sahəsi almaq istədiyini demişdir. Cavabdeh1 İddiaçı torpaq sahəsinin olduğunu və müəyyən razılıq əsasında onu satmağa razı olduğunu bildirmişdir. Toplamda Cavabdeh1 İddiaçı 5530 manat özü üçün, qalan 1700 manat pulu isə qardaşı Elnurun mənafeyi üçün əldə etmişdir. Lakin İddiaçı istintaqda verdiyi izahatda bildirir ki, Cavabdeh1 ilkin olaraq özünəməxsus torpaq sahəsinin satışı üçün sotu 1000 manat olmaqla ümumilikdə 10000 manat olmaqla razılığa gəlmiş, lakin bir müddət sonra torpaq sahəsinin sənədləşməsində problem yarandığı üçün sənədləşmənin aparılmasında müxtəlif vaxtlarda hissəhissə pul vəsaiti almışdır. Lakin 5000 manatlıq məbləğ ödəndikdən sonra Cavabdeh1 həmin torpaq sahəsinin guya əmisioğluna məxsus olduğu, onun satışını həyata keçirə bilməməsi səbəbilə başqa bir özünəməxsus torpaq sahəsi təklif etmiş, 7 sot üçün razılıq əldə etmişdirlər. Lakin yenə bir müddət sonra Cavabdeh1 qardaşı Cavabdeh2 İddiaçı ilə əlaqə saxlayaraq, torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, torpağı satmaq üçün əlavə pul istəmişdir. Cavabdeh1 ona verilən pulları xərclədiyindən qardaşına guya pul verə bilmədiyi üçün qalan pulun Cavabdeh2 verilməsi üçün razılığa gəlmişdirlər. Barəsində söhbət gedən torpaq sahəsinin üzərində cərimə olduğu üçün onun alqı-satqısını reallaşdıra bilmədiyindən aldığı pulları cərimənin ödənməsi, bir sıra hüquqi sənədləşmələrin aparılması məqsədilə əldə etmişdir. Amma Cavabdeh2 də qardaşı olan Cavabdeh1 kimi iddiaçının etibarından sui-istifadə edərək iddiaçını aldatmışdırlar. Belə ki, müxtəlif vaxtlarda torpaq sahəsinin alqı-satqısını həyata keçirmək üçün notariat ofisində görüş təyin etsələr də gah notariat ofisinə gəlməmiş, gah da sənəddə hər dəfə bir problem çıxma bəhanəsi ilə alqısatqını həyata keçirməkdən yayınmışdırlar. Məhkəməyə təqdim edilən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılan danışıqlarda da sübuta yetirilmiş olur. İddiaçı izahatında torpaq sahəsinin sənədlərinin 2024-cü ilin axırlarında hazır olmasını və alqı-satqının həyata keçirilməsi üçün İddiaçı təklif etdiyini bildirsə də bu hal baş verməmişdir. Belə ki, təhqiqatda hər iki tərəfin izahatı alınarkən üzləşməsi həyata keçirilmiş və Cavabdeh1 torpaq sahəsinin sənədlərinin hazır olduğunu, gedib indi alqı-satqı edə biləcəklərini desə də nə təhqiqatda, nə də istintaqda torpaq sahəsinin mülkiyyət sənədini təqdim edə bilmişdir. Qeyd edir ki, “cinayət işinin rədd edilməsi barədə” qərarda qeyd edildiyi kimi Cavabdeh1 öz izahatında iddiaçıdan pul aldığını etiraf etmişdir. Həmçinin cavabdehin qardaşı Cavabdeh2 istintaq zamanı müstəntiq tərəfindən işə cəlb edilməsə belə cavabdeh öz izahatında qalan pulun Cavabdeh2 ödənildiyini təsdiq etmişdir. Əlavə olaraq istintaq zamanı 2000 manat pul ödənildiyi üçün iddia tələbinin həcmi azaldılaraq, hal-hazırda 5230 manat məbləği təşkil edir, hansı ki qeyd edilən məbləğə münasibətdə 3530 manat məbləğində pul Cavabdeh1, 1700 manat məbləğində pul isə Cavabdeh2 tutulmalıdır. Lakin hazırda cavabdehin qardaşı Cavabdeh2 barəsində müvafiq polis orqanında istintaq aparıldığından yalnız 3530 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutulmasını istəyirlər. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 15 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək Cavabdeh1 ona torpaq sahəsi satmaq adı ilə onun 7230 manat pulunu ələ keçirməsi barədə məlumat vermiş, bu barədə qanuni tədbir görülməsini xahiş etmiş, araşdırma zamanı Cavabdeh1 alınan pul vəsaitlərinin bir hissəsini İddiaçı geri qaytardığı müəyyən edilmiş, bunun da qeyd olunan şəxsin həmin məbləği əvəzsiz olaraq ələ keçirmək niyyətinin olmadığını göstərdiyi, belə olan halda material üzrə tərəflər arasında olan mübahisənin mülki xarakterli münasibətlər olmaqla öz həllini məhkəmə yolu ilə tapmalı olduğu qeyd edilərək, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış HK-1/46 saylı material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Həmin qərardan göründüyü kimi Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı müraciəti ilə tanış olmuşdur. 4-5 ildir ki, Mehdiabad qəsəbə qəbiristanlığında yerləşən İddiaçı mərhum həyat yoldaşının məzarına qulluq edirmiş ki, bu əsasla İddiaçı ona aylıq 20-30 manat pul verirmiş. 2022-ci ilin yay aylarında İddiaçı qəbiristanlığa gəldikdə söhbət etdikləri zaman Mehdiabad qəsəbəsində torpaq sahəsi almaq istədiyini ona bildirmişdir. Özünə məxsus 0,074 ha torpaq sahəsinin olmasını, razılığa gələ bilsələr, həmin torpaq sahəsini satmağa razı olmasını bildirmişdir. Bundan sonra onlar həmin torpaq sahəsinə gedib baxmışlar və İddiaçı ona bir neçə gündən sonra qərarını bildirəcəyini demişdir. Təqribən 15 gündən sonra İddiaçı yenidən Mehdiabada gəlmiş və həmin torpaq sahəsinin 1 sotunu 1500 manata satacağını və ümumilikdə 0,044 ha torpaq üçün 6500 manat pul alacağı barədə razılaşmışdırlar. Bundan sonra İddiaçı ona 500 manat beh olaraq vermişdir. Xuramana qeyd olunan torpaq sahəsinin mərhum atası X1 adına olmasını və torpağı ona sataraq adına keçirə bilmək üçün əvvəlcə torpağı öz adına sənədləşdirməli olmasını və bununla bağlı olaraq müəyyən qədər xərclər olmasını bildirmişdir. İddiaçı razılaşdıqları məbləğdən hissə-hissə ödəniş etməli və o həmin pulla torpağı ilk olaraq öz adına sənədləşdirməlidir. Bu minvalla İddiaçı ona aylıq 200-300 manat olmaqla ödəniş etməyə başlamışdır. Həmin müddətlər ərzində təqribən 6-7 ay torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi üçün sənədləşmə prosesi ilə məşğul olmuşdur. Sonuncu dəfə 2024-cü ilin yanvar ayında Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda İddiaçı ona 1000 manat pul vermiş, beləliklə, ona ümumilikdə 5530 manat pul vermişdir. Lakin o, torpağın sənədlərini həll edə bilmədiyi üçün Xuramana vəd etdiyi müddətdə torpağı ona verə bilməmişdir. Torpağın sənədləşməsini 2024-cü ilin 28 noyabr tarixində yekunlaşdırmışdır. Bu barədə İddiaçı bildirmək üçün əlaqə saxlamağa çalışsa da onun zənginə cavab verməmişdir. Bundan sonra İddiaçı onun barəsində polisə müraciət etdiyi ona məlum olmuşdur. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh1 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsini almaq üçün pul verməsi faktı iddiaçının vəkilinümayəndəsinin məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarında olan Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 15 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə də tam təsdiq olunur. Belə ki, Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 15 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi Cavabdeh1 izahatında İddiaçı həyat yoldaşının məzarını ziyarət etmək üçün qəbiristanlığa gəldikdə söhbət etdikləri zaman Mehdiabad qəsəbəsində torpaq sahəsi almaq istədiyini söylədiyini, onun iddiaçıya özünə məxsus 0,074 ha torpaq sahəsinin olduğunu və razılıq əldə edilə biləcəyi halda həmin torpaq sahəsini satmağa razı olduğunu bildirdiyini, daha sonra iddiaçı ilə aralarında sözügedən torpaq sahəsinin 6500 manat pul müqabilində satılması barədə razılıq əldə edildiyini bildirmiş və İddiaçı ona, ümumilikdə, 5530 manat məbləğində pul ödədiyini etiraf etmişdir. Bundan əlavə məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi istintaq zamanı 5530 manat məbləğində pulun 2000 manatının cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Beləliklə, cavabdeh ödəməli olduğu qalan 3530 manat məbləğində pulu iddiaçıya geri qaytarmamış və heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 3530 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 55 manat 30 qəpik də cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 3530 manat məbləğində pul vəsaiti və 55 manat 30 qəpik dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar