Məhkəmə qərarları › İş №e-2(012)-116/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-116/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-116/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi Nümayəndə3, cavabdehlər Cavabdeh2, Cavabdeh4 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, "xxxx" MMCyə, Cavabdeh4 və Cavabdeh3 Qurban qızına qarşı kredit borcunun cavabdehlərdən tutulması, mənzil üzərində cavabdehə məxsus sahiblik və istifadə hüquqlarına xitam verilməsi və həmin hüquqların iddiaçıya keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, "xxxx" MMCyə, Cavabdeh4 və Cavabdeh3 Qurban qızına qarşı kredit borcunun cavabdehlərdən tutulması, mənzil üzərində cavabdehə məxsus sahiblik və istifadə hüquqlarına xitam verilməsi və həmin hüquqların iddiaçıya keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və "xxxx" MMC-dən müştərək qaydada 15 iyul 2013-cü il tarixli 7382 nömrəli kredit müqaviləsi üzrə 58941,67 manat əsas borcun, 38620,13 manat faiz borcunun, cəmi 97561,80 (doxsan yeddimin beş yüz altmış bir manat səksən qəpik) manat borc məbləğinin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh2 tərəfindən girov qoyulmuş ünvan 1 ünvanda “AAAF-Park yaşayış massivinin 21 saylı küçəsindəki 8 saylı binanın 19 saylı 3 otaqlı mənzilinə yönəldilərək, həmin mənzil üzərində cavabdehin sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehin həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarının İddiaçı QSC-yə keçirilməsi, iddianın verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 382,68 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh2 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli S-DİPK-404 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 iyul 2013-cü il tarixli 7382 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “AAAF-PARK” yaşayış massivindəki 21 saylı küçəsində 8 saylı, 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 121,3 kv. metr olan 3 otaqlı 19 saylı mənzilin alınması üçün 113 ay müddətinə illik 12 faizlə 65080,0 (altmış beş min səksən) manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC ilə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və "xxxx" MMC arasında 15 iyul 2013-cü il tarixli 715, 715/1 və 715/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Verilmiş krediti təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 iyul 2013-cü il tarixli 251/13 nömrəli Girov müqaviləsinə əsasən ünvan 1 ünvanda “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində 8 saylı 4 mərtəbəli yaşayış binasının 19 saylı mənzil üzərində istifadə və sahiblik hüquqları banka girov qoyulmuşdur. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda, Cavabdeh2 tərəfindən buna əməl olunmamışdır. Hazırda cavabdehin İddiaçı QSC-yə olan əsas borcu 58941,67 manat, faiz borcu 38620,13 manat, cəmi borcu 97561,80 (doxsan yeddimin beş yüz altmış bir manat on üç qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdeh2 ilə bağlanmış 15 iyul 2013-cü il tarixli Kredit müqaviləsinin 14.7-ci bəndinə görə Borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh2 və "xxxx" MTK arasında A(b) 020 nömrəli 06 iyul 2013-cü il tarixli müqavilənin predmeti olan Xırdalan şəhəri, H.Əliyev prospekti, ”AAAF-PARK” yaşayış massivindəki 21 saylı küçəsində 8 saylı 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 121,3 kv. metr olan 3 otaqdan ibarət 19 saylı mənzil üzərində olan hüquqlar Borc verənə keçir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-nın nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək qismən təmin edilməsini xahiş etdi. Bildirdi ki, maddi durumu aşağı olduğundan banka ödəniş edə bilməmiş, bununla bağlı banka müraciət etmişdir. Öhdəlik İddiaçı QSC BOKT-a keçdikdən sonra ona heç bir məlumat verilməmişdir. Müəyyən miqdarda pul vəsaiti ilə İddiaçı QSC BOKT-a getməyinə, yeni qrafik tərtib olunmasını təklif etməyinə baxmayaraq onunla razılığa gəlinməmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qismən qəbul edərək qismən təmin edilməsini xahiş etdi. Bildirdi ki, dəfələrlə müraciət etməsinə baxmayaraq aralarında razılıq əldə olunmamışdır. Bu da kredit borcunun artmasına səbəb olmuşdur. Odur ki, faiz borcu silinərsə kredit borcunun ödənilməsinə etirazı yoxdur. Məhkəmənin əvvəlki iclasında "xxxx" MMC-nın nümayəndəsi X1 iddia tələbini qismən qəbul edərək iddia tələbinin borcun girov qoyulan əmlaka yönəldilməsinə razı olduğunu, kredit borcu hissəsində isə iddianın onlara aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər Cavabdeh3 Qurban qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.5-ci maddələrinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq və iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq məhkəmə, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan “borc verən” "xxxx" ASC Mərkəzi filialı ilə “borcalan” Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 7382 saylı kredit müqaviləsinin surətindən görünür ki, “borcverən” “borclana”a illik 12 %-lə 113 ay müddətinə 65080 (altmış beş min səksən) manat məbləğində kredit vermişdir. Mülki iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 251/13 saylı girov müqaviləsinin surətindən görünür ki, 2.1. Girovsaxlayanla Girovqoyan arasında bağlanmış “15" iyul 2013-cü il tarixli 7382 №-li Kredit Müqaviləsinə əsasən 65.080.00 (altmış beş min seksən,00) Azərbaycan manatı məbləğində 120 ay müddətinə verilmiş kreditin və qeyd olunan kreditlərə hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş hüquqların girovla yüklü edilməsi barədə razılığa gəlmişlər. 2.2. Girovun predmeti: Girovqoyanla AAAF-inşaat MMC arasında bağlanılan alqı-satqı müqaviləsi əsasında yaranan və Xırdalan şəhəri H.Əİiyev prospekti ünvanda inşa edilən (ediləcək, edilmiş) yaşayış sahəsinin üzərində istifadə və sahiblik hüquqlarıdır (girov predmeti). 3.3. Girovla yüklü edilmiş hüquq F A(b)/ 020 №-li “06” iyul 2013-ci il tarixli müqavilənin predmeti olan Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-PARK" yaşayış massivindəki 21 saylı küçəsində, 8 saylı 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 121,3 kv.metr olan, 3 otaqdan ibarət 19 saylı mənzil 66.715,00 (altmış altı min yeddi yüz on beş.00) Azərbaycan manatı məbləğində qiymətləndirilir. 4.1. Girovla təmin edilmiş öhdəliyin mahiyyəti Girovsaxlayanla Girovqoyan arasında Bakı şəhərində bağlanmış “15” iyul 2013-cü il tarixli 7382 №-li Kredit Müqaviləsinə əsasan 65.080.00 (altmış beş min saksan,00) Azərbaycan manatı məbləğində 113 ay müddətinə verilən kreditin və qeyd olunan kreditə hesablanmış faizlərin qaytarlmasından ibarətdir. Mülki iş materiallarında olan kreditor "xxxx" ASC ilə zamin Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 715/1 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 borc alanın kreditor qarşısında öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. Mülki iş materiallarında olan kreditor "xxxx" ASC ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 715/2 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 borc alanın kreditor qarşısında öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. Mülki iş materiallarında olan kreditor "xxxx" ASC ilə zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 715 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC borc alanın kreditor qarşısında öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. Mülki iş materiallarında olan AAAF İnşaat MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli A(B)/068 saylı Maliyyə Arayışından görünür ki, Cavabdeh2 tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-PARK" yaşayış massivindəki 21 saylı küçəsində, 8 saylı 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 121,3 kv.metr olan, 3 otaqdan ibarət 19 saylı mənzilin pay dəyərindən 66715 (altmış altı min yeddi yüz on beş) manat məbləğində ödəmişdir. Mülki iş materiallarında olan xx.xx.2013-cü il tarixli A(b)-/20 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında Müqavilədən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki 21 saylı küçəsində inşa edilən (inşa edilmiş), 8 saylı 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 121.3 kv.m. olan 3 otaqdan ibarət 19 saylı mənzili Cavabdeh2 satmağı, Cavabdeh2 isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. (Mənzilin dəyəri 66715 manat, 120 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür). Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4622 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları 15 iyul 2013-cü il tarixli 7382 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 "xxxx" ASC-nə olan borcu 107.741,82 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas kredit borcu - 60.054,3 manat, faiz borcu- 47.687,52 manat. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/8351/2023 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş xəzinə mədaxil qəbzləri və hesabdan çıxarış məlumatları 15 iyul 2013-cü il tarixli 7382 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 "xxxx" ASC-nə olan borcu 107.741,82 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas kredit borcu - 60.054,3 manat, faiz borcu- 47.687,52 manat. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh2 bankdan tələb olunan məbləğində pul götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında, digər borclular "xxxx" MMC, Cavabdeh4 və Cavabdeh3 Qurban qızı ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar, ona görə də iddia tələbi onlara münasibətdə əsaslıdır və təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 iyul 2013-cü il tarixli 7382 nömrəli kredit müqaviləsinin təminatı olaraq həmçinin, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 iyul 2013-cü il tarixli 251/13 nömrəli Girov müqaviləsinə əsasən ünvan 1 ünvanda “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində 8 saylı 4 mərtəbəli yaşayış binasının 19 saylı mənzil üzərində istifadə və sahiblik hüquqları banka girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 281.1. maddəsinə görə girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Məhkəmə hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013cü il tarixli 251/13 saylı girov müqaviləsinə əsasən girovun predmeti: Girovqoyanla AAAFinşaat MMC arasında bağlanılan alqı-satqı müqaviləsi əsasında yaranan və Xırdalan şəhəri H.Əİiyev prospekti ünvanda inşa edilən (ediləcək, edilmiş) yaşayış sahəsinin üzərində istifadə və sahiblik hüquqlarıdır. Lakin girov predmeti olan əmlak dövlət qeydiyyatına alınmadığından, girov müqaviləsi də qeydə alınmadığından iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və "xxxx" MMC-dən müştərək qaydada 15 iyul 2013-cü il tarixli 7382 nömrəli kredit müqaviləsi üzrə 58941,67 manat əsas borcun, 38620,13 manat faiz borcunun, cəmi 97561,80 (doxsan yeddi min beş yüz altmış bir manat səksən qəpik) manat borc məbləği İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 382,68 manat məbləğində pul vəsaitinin 300 manat hissəsi bərabər qaydada cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Həmçinin, iş üzrə 200 manat məhkəmə ekspertizası xərci vardır ki, onun 100 manat hissəsi iddiaçıya, 100 manat hissə isə cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və "xxxx" MMC-dən müştərək qaydada 15 iyul 2013-cü il tarixli 7382 nömrəli kredit müqaviləsi üzrə 58941,67 manat əsas borcun, 38620,13 manat faiz borcunun, cəmi 97561,80 (doxsan yeddi min beş yüz altmış bir manat səksən qəpik) manat borc məbləği İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və "xxxx" MMC-dən bərabər qaydada hər birinin payı 75 (yetmiş beş) manat olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və "xxxx" MMC-dən bərabər qaydada hər birindən 25 (iyirmi beş) manat olmaqla, cəmisi 100 manat, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatından isə 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar