Məhkəmə qərarları › İş №e-2(012)-1249/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1249/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1249/2023 04.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 7158-GF/21 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən kredit müqaviləsi üzrə 6139.08 manat əsas, 1138.47 manat faiz, 1089.44 manat cərimə olmaqla, ümumilikdə, cəmi 8366.99 manat borcun və 103.67 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı ASC-nin “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 7158-GF/21 saylı kredit müqaviləsi üzrə cavabdehə illik faiz dərəcəsi 19.5% olmaqla, 21 ay müddətinə 7000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 6139.08 manat əsas, 1138.47 manat faiz, 1089.44 manat cərimə olmaqla, cəmi 8366.99 manat borcu vardır. Bununla əlaqədar, cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kreditverən İddiaçı ASC ilə kreditalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 7158-GF/21 saylı kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana 21 ay müddətinə, illik 19.5 faiz ödənilmək şərtilə 7000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, kreditalan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2023cü il tarixə kimi hər ay 396.11 manat (sonuncu ay isə 396.16 manat) ödəməklə qaytarmalıdır. -»Turanbank» ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Maliyyə arayışından görünür ki, kreditalanın İddiaçı ASC-yə 6139.08 manat əsas, 1138.47 manat faiz, 1089.44 manat cərimə olmaqla, cəmi 8366.99 manat borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbə ərazi dairəsi, Hökməli qəsəbəsi, S.Aslan küçəsi 3 saylı evdə qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 1089.44 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 6139.08 manat əsas borc üzrə hesablanmış 1089.44 manat cərimənin azaldılaraq 50 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 103.67 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 7158-GF/21 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 6139.08 manat əsas, 1138.47 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 7327.55 manat borc və ödənilmiş dövlət rüsumuna görə 103.67 manat İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 7158-GF/21 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli İK 7158-GF/21 saylı kredit müqaviləsi üzrə 6139.08 (altı min yüz otuz doqquz manat səkkiz qəpik) manat əsas, 1138.47 (min yüz otuz səkkiz manat qırx yeddi qəpik) manat faiz, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə, cəmi 7327.55 (yeddi min üç yüz iyirmi yeddi manat əlli beş qəpik) manat borc və 103.67 (yüz üç manat altmış yeddi qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar