Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1262/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049858-F saylı kredit müqaviləsi və BK-00026136 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4406,79 manat, faiz borcu üzrə 2530,52 manat və cərimə borcu üzrə 34,96 manat olmaqla, cəmi 6972,27 manat məbləğində kredit borcunun və ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh1 BOKT "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq, onunla BOKT "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049858-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, ev təmiri məqsədilə borcluya 36 ay müddətinə illik 29 % olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq digər Cavabdeh2 ilə BK- 00026136 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas borc üzrə 593,21 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1661,03 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 92,76 manat olmaqla, cəmi 2347 manat məbləğində pul ödənilmişdir. Hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 4406,79 manat, faiz borcu üzrə 2530,52 manat və cərimə borcu üzrə 34,96 manat olmaqla, cəmi 6972,27 manat məbləğində kredit borcu var. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etdikləri məhkəmə iclasında bildirdilər ki, iddiaçının hazırda tələb etdiyi borc şişirdilib və həqiqəti əks etdirmir. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, L-BK-0049858-F saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 illik 29 % hesablanması şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin təminatçısı kimi Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 BOKT "xxxx" MMC-yə 4406,79 manat, faiz borcu üzrə 2530,52 manat və cərimə borcu üzrə 34,96 manat olmaqla, cəmi 6972,27 manat borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2876 saylı rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 BOKT "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 4402,65 manat, faiz borcu üzrə 2195,46 manat olmaqla, cəmi 6598,11 manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, bank tələbin məbləğini özünün verdiyi maliyyə arayışı ilə müəyyən etmişdir. Mübahisənin daha ədalətli və obyektiv araşdırılması məqsədilə Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müqavilə üzrə 4402,65 manat məbləğində əsas borcun və 2195,46 manat məbləğində faiz borcunun olduğu müəyyənləşdirilmişdir. Məhkəmə ekspertin bu rəyini daha mötəbər sübut kimi qəbul edərək belə hesab edir ki, müqavilə üzrə tutulmalı olan əsas və faiz borcu məhz bu məbləğdədir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 34,96 manat dəbbənin məbləği azaldılmalı və 1,89 manat müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında məlum kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh1 müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, habelə zaminlik müqaviləsi də qüvvədə olduğundan, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə 4402,65 manat əsas, 2195,46 manat faiz, 1,89 manat cərimə borcu olmaqla, cəmi 6600 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 90 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, ekspertizanın xərci kimi 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Mərkəzin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə 4402,65 manat əsas, 2195,46 manat faiz, 1,89 manat cərimə borcu olmaqla, cəmi 6600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90 manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1262/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1262/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver