Məhkəmə qərarları › İş №e-2(012)-1263/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1263/2023

06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1263/2023 06.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 216 manat zərər, debitor borcu (sayğac vasitəsi ilə istifadə) üzrə 2114.05 manat və 43.31 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 2286.74 manat pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 14/30678 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02110 saylı abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 216 manat maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2021-ci ilin yanvar-dekabr ayları üzrə 914.85 manat və limitdən əlavə 160 manat, 2022-ci ilin yanvar ayı üzrə 165 manat və limitdən əlavə 14 manat sərfiyyat borcu olmaqla, cəmi 1253.85 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, sayğac dəyişikliyindən sonra isə abonentin 1445.70 manat dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (1253.85+1445.70=2699.55). 2021-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh cəmi 585.50 manat ödəniş etmişdir. Qeyd olunanlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2114.05 (iki min bir yüz on dörd manat 05 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda, abonentin saldo və Gasrep üzrə 2330.05 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, abonentə quraşdırıplmış qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Sözügedən ev fərdi yaşayış evi olmaqla kənar yerdə, yəni, həyətdən kənarda, küçə tərəfdə quraşdırılmışdır. Sayğacda olan qüsur plastmas borunun deşilməsindən ibarətdir. Sözügedən dəlik sayğacın daxilində yerləşir və laboratoriyada yoxlama zamanı aşkar olunmuşdur. Plastmas boruya müdaxilə olunmaqla əsas məqsəd qaza qənaət etməkdir. Görünür sayğaca müdaxilə olunması peşəkar şəxslər tərfindən həyata keçirilmiş, ona görə də müdaxilənin olması onlar tərəfindən aşkar edilməsi mümkün olmamışdır. Lakin onda olan məlumata görə ərazidə bu cür müdaxilələr az olmuşdur. Abinent tərəfindən ödənişlər də həyata keçirilməmişdir. Yeni sayğacda da qüsur olmuş, borc olduğundan mənfiyə doğru fırlanma olmuşdur. Sayğaca nəzarət etmək İddiaçı İB-nin səlahiyyəti olmaqla altı aydan bir texniki baxış həyata keçirlir. Lakin hazırda sayğac smart sayğac oluduğöundan kart vətəndaşa verilmiş və ona görə məsuliyyəti abonent daşıyır. Mexaniki sayğac olanda hər ay nəzarətçi nəzarəti həyata keçirir. Lakin hazırda elektron sayğac olduğundan nəzarət həyata keçirilməmişdir. Hesab edir ki, müdaxilə olunmuşdur ki, bu qədər borc yaranmışdır. Beləı ki, elektron smart sayğacın iki göstərticisi vardır: Elektron fərqi nə vaxtsa dayanıbsa sonrakı mexaniki sayğacda göstərilən fərq 1145 manat təşkil edir. Abonent 76 manat ödəniş etmiş olsa da həmin məbləğ çox azdır. Sistemdə həmin ödənişlə bağlı qeyd olunsa da bununla bağlı hər hansı bir tədbir görülməmişdir. xx.xx.2023-cü il tarixini təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, oğurluq mal olan sayğacı onun evinə quraşdırılmış və ona görə ondan 500 manat pul alınmış, üstəlik əlavə olaraq, 2000 manat borc hesablanmışdır. Bununla belə, onun evində 5 qüsurlu şəxs vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini, mülki iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -»Azəriqaz» İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli, 14/30678 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cavabdeh yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1902AZ**********97 saylı sayğaca baxış keçirilmiş, sayğacın klapanı sınmış, çıxış plastmas borusunda dəlik olduğundan sayğac Zenner markalı G-4 tipli **********1 nömrəli sayğacla əvəz olunmuşdur. -xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı evə baxış keçirilən zaman MSK-29/1710-01141-2 saylı rəyə əsasən, 1502AZ**********97 saylı sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən klapan sınıq vəziyyətində olmuşdur. -»Azəriqaz» İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 2160 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2021-ci il tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********02110 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G4 smart tipli **********848 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Qənaətli su qızdırıcı (1/1), Kombi (su qızdırıcı) (1/1) abonentin aktlara görə 216 manat, debitor borcuna görə isə 2021-ci ilə 914.85 manat, 2022-ci ilə görə isə 165 manat olmaqla, cəmi 1079.85 manat borc hesablanmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2021-ci il tarixli MSK-29/1710-01141-2 saylı aktından görünür ki, sayğac yararsız hesab olunmuşdur. -Mədaxil qəbzindən görünür ki, İddiaçı İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 43.31 manat dövlət rüsumu ödənilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti dalan-1, 7A saylı evdə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq) 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli, 14/30678 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. Həmin ünvana İddiaçı İB tərəfindən **********02110 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G4 markalı smart tipli, **********848 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə ona akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ona təbii qazdan istifadəyə görə tərtib olunmuş akt əsasında cəmi 216 manat, debitor borcuna görə isə 2114.05 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin təbii X2nın pozulması haqqında aktlarından görünür ki, istehlakçı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə təbii X2nı pozmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Borclu Cavabdeh onunla bağlanmış xx.xx.2017-ci il tarixli, 14/30678 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçının bu müqavilənin və “X2”nın tələblərinə əməl etməsi onun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanının 3cü bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9cu bəndinə əsasən, İddiaçı İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Fərmanın 3.10-cu bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllənin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X2»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «X2»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş iş materiallarından və iddiaçının nümayəndəsinin izahatından müəyyən edilir ki, cavabdehə məxsus sayğac onun mənzilindən kənarda, qapıdan çöldə quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə xx.xx.2021-ci il tarixli ******* saylı aktla bağlı qeyd edir ki, cavabdehdən ödənilməsi tələb olunan 216 manat borc məbləği yuxarıda qeyd olunan aktlar əsasında təbii X2nın pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktı sübut növü kimi nəzərə almışdır. Belə ki, qeyd olunan akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2021-ci il tarixli ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də İddiaçı İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktların doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş “Təbii X2nın pozulması haqqında” aktlar qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Ona görə də məhkəmə təbii X2nın nəticəsi kimi tərtib olunmuş akt əsasında hesablanmış 216 manat borcu nəzərə almır. Abonent saldosundan göründüyü kimi, abonent barəsində debitor borcuna görə 2021-ci ilə 914.85 manat, 2022-ci ilə görə isə 165 manat borc hesablanmışdır Məhkəmə tədqiq olunmuş sübutlar əsasında cavabdehdən iddiaçının xeyrinə qazdan istifadəyə görə debitor borcu olaraq cəmi 1079.85 (914.85+165=1079.85) manat borcun tutulması qənaətinə gəlir. Ona görə də iddia ərizəsi debitor borcunun tutulması hissəsində əsaslı hesab edilərək qismən təmin edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, tərəflərin izahatını və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, cavabdehin sözügedən ünvanda daimi şəkildə yaşamadığı halda təbii qazdan qeyriqanuni istifadə etməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbləri aktlar üzrə 216 manat pul vəsaitinin tutulması hissəsində əsaslı olmadığından təmin edilməməlidir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 43.31 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdeh tərəfindən ödənilməli olan 22 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməli, qalıq qalan 21,31 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Abonent Cavabdeh debitor borcuna görə 1079.85 (min yetmiş doqquz manat səksən beş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 22 (iyirmi iki) manat olmaqla, ümumilikdə, cəmi 1101.85 (min yüz bir manat səksən beş qəpik) manat pul vəsaiti İddiaçı İB-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar