Məhkəmə qərarları › İş №e-2(012)-1266/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1266/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1266/2023 27.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı "TBC Kredit” Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "TBC Kredit” Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış 31 mart 2022-ci il tarixli BAKU1-50117-20605 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 1062.36 manat əsas borc, 163.35 manat cari faiz borcu, 347.93 manat cari dəbbə borcu olmaqla, cəmi 1573.64 manat kredit borcunun və 36.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "TBC KREDİT” Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh2 arasında ikinciyə illik 36% faizlə 12 ay müddətinə 1500 (min beş yüz) manat kredit verilməsini nəzərdə tutan 31 mart 2022-ci il tarixli BAKU1-50117-20605 saylı Kredit müqaviləsi imzalanmış və kreditin aylıq 150.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh2 və Cavabdeh1 arasında 31 mart 2022-ci il tarixdə BAKU1-50117-20605+BAKU1-50522 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" bank olmayan kredit X2 cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 05 yanvar 2023-cü il tarixinədək verilmiş kredit üzrə 1062.36 manat əsas borc, 163.35 manat cari faiz borcu və 347.93 manat cari dəbbə borcu olmaqla, cəmi 1573.64 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh2 ilə bağlanmış 31 mart 2022-ci il tarixli BAKU1-50117-20605 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 1062.36 manat əsas borc, 163.35 manat cari faiz borcu, 347.93 manat cari dəbbə borcu olmaqla, cəmi 1573.64 manat kredit borcunun və 36.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyi, əvvəllər ödəniş etməsinə baxmayaraq sonradan işi ilə əlaqədar ödənişləri davam etdirə bilmədiyini, iddia tələbində qeyd olunan faiz borcu ilə razı olmadığını bildirərək nəzərə alınmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“TBC Kredit“ BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 31 mart 2022-ci il tarixli BAKU1-50117-20605 saylı Kredit müqaviləsindən görünür ki, “Kredit verən” “Borcalan”a məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 1.500,00 (min beş yüz manat 00 qəpik) manat məbləğində 12 ay müddətinə kredit verməyi, “Borcalan” kredit üzrə əsas borcun və hesablanmış faizlərin bu müqavilədə göstərilmiş qaydada ödənilməsini öz öhdəsinə götürmüş, kredit “Borcalan”a Yaşayış təyinatlı daşınmaz əmlakının təmiri məqsədi ilə verilmişdir. -Müqaviləyə əlavə olunmuş 31 mart 2022-ci il tarixli BAKU1-50117-20605 saylı Kredit müqaviləsinin ödəniş qrafikindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 150 (yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə isə 161,58 (yüz altmış bir manat əlli səkkiz qəpik) manat ödəniş etməli idi. - "xxxx" BOKT MMC, zaminlər X1 İntiqam Bəhrəm oğlu və borcalan Cavabdeh2 arasında 31 mart 2022-ci il tarixli BAKU1-50117-20605+BAKU1-50522 saylı Zaminlik müqaviləsindən görünür ki, “ZAMİN” və “BORCLU” kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda “KREDİTOR” qarşısında birgə məsuliyyət daşıyırlar. -xx.xx.2022-ci il tarixli 4084-HO-OUT saylı xəbərdarlıqdan görünür ki, cavabdehlərə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, 5 gün ərzində borcun qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 31 mart 2022-ci il tarixli BAKU1-50117-20605 saylı Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək cəmi 681 (altı yüz səksən bir) manat ödəniş etmişdir, ondan 437,64 manat əsas borc məbləği, 175,77 manat faiz borcu məbləği və 67,59 manat dəbbə borcu məbləği olmuşdur, borclunun 1062.36 manat əsas borcu, 163.35 manat faiz borcu və 347.93 manat dəbbə borcu olmaqla cəmi 1573.64 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 36 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 472.1. maddəsindən də görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.1.maddəsinə görə Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İşin müəyyən edilən hallarına əsasən əsas borclu, Cavabdeh2 müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə Cavabdeh1 cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Eyni zamanda işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, zamin Cavabdeh1 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən müəyyən olunur ki, müştəri müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə, bankın müqavilənin müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır və müqavilənin vaxtından əvvəl xitam verilməsi müqavilə şərtlərinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 347.93 manat cərimənin məbləği azaldılmalı və 34 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36.40 manat dövlət rüsumunun 30 manat məbləğində hissəsi iddia qismən təmin edildiyindən cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada 30 (otuz) manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 31 mart 2022-ci il tarixli BAKU1-50117-20605 saylı Kredit müqaviləsi ləğv edilməli, iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ümumilikdə 1062.36 manat əsas borc, 163.35 manat cari faiz borcu, 34 manat cari dəbbə borcu olmaqla, cəmi 1259.71 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 31 mart 2022-ci il tarixli BAKU1-50117-20605 saylı Kredit müqaviləsi ləğv edilsin. "xxxx" BOKT MMC-nin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ümumilikdə 1062.36 manat əsas borc, 163.35 manat cari faiz borcu, 34 manat cari dəbbə borcu olmaqla, cəmi 1259.71 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar