Məhkəmə qərarları › İş №e-2(012)-1267/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1267/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1267/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6000 manat pul, ödənilmiş 83 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 300 manat pul vəsaiti olmaqla, cəmi 6383 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2015-ci ildən tanışlıq münasibətləri yaranmışdır. 2018-ci ildə söhbət zamanı cavabdeh yoldaşı Fuad Əliyevin torpaq sahəsində ev tikib satmaqla məşğul olduğunu bildirmiş və istəsə, ona da ev təşkil edə biləcəyini söyləmişdir. Yaşayış evinə ehtiyacı olduğuna görə iddiaçı həmin təklifi dəyərləndirmiş və müəyyən sövdələşmələrdən, iki torpaq sahəsinə baxış keçirdikdən sonra cavabdeh ilkin ödəniş 6000 manat olmaqla, cəmi 28000 manata (22000 manatı 36 ay ərzində hissə-hissə verməklə) yaşadıqları həyətdə ev tikib verəcəklərinə dair iddiaçını inandırmış və iddiaçı bununla razılaşmışdır. Odur ki, bu sövdələşmədən sonra Xırdalan şəhərində yerləşən “Səmra” gözəllik salonunun yanında cavabdehin rəfiqəsi Zemfiranın iştirakı ilə iddiaçı cavabdehə 6000 manat pul vermişdir. Lakin bundan sonra cavabdeh vədinə əməl etməmiş, əri Fuadla aralarında problem olduğunu və ayrı-ayrı yaşadıqlarını bəhanə gətirmiş, pulu qaytarmamışdır. Bu səbəbdən də, iddiaçı Abşeron rayon Polis İdarəsinə şikayət etmək məcburiyyətində qalmış və şikayəti əsasında araşdırma aparılmışdır. Həmin araşdırma zamanı göstərilən hallar öz təsdiqini tapmış və araşdırmanın nəticəsi olaraq “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, 6000 manat pul vəsaitini cavabdehə pandemiyadan əvvəl vermiş və dəfələrlə pulunu istəmişdir. Cavabdehin də atasına bu barədə məlumat vermiş, lakin cavabdeh pulu ona qaytarmamışdır. Bildiyi qədərilə, cavabdehin yoldaşı ilə münasibəti pozulmuş və cavabdehin yoldaşı cavabdehin acığına evi ona verməmiş və başqasına satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zemfira Məmmədova ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh onun yaxın rəfiqələridir. Cavabdeh yoldaşı ev satırdı, İddiaçı isə ev almaq niyyətində olmuşdur. Bu barədə ona rəfiqələri söhbət etmişdir. İddiaçı 6000 manat vermiş, qalan məbləği 36 ay müddətinə ödəniş etmək şərtilə razılaşmışdır. Ev Cavabdeh evinin yaxınlığında yerləşirdi və onlar gedib həmin evə baxmışlar. Pul vəsaitini Cavabdeh özü şəxsən almışdır və həmin vaxt o, özü də orada olmuşdur. Torpaq sahəsi onların özlərinin idi və həmin torpaq sahəsində ev tikilirdi. İddiaçı satılması nəzərdə tutulan əmlak ev idi. İddiaçı polisə şikayət etmiş və o, özü də izahat vermişdir. Cavabdeh həmin puldan onun yanında hər hansı bir məbləğ geri qaytarmamışdır. Cavabdeh hazırda, yoldaşı ilə ayrı yaşayır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı 2015-ci ildən tanıyır və rəfiqə olmuşlar. Kəmalə Xırdalan şəhərindən torpaq sahəsi alıb ev tikdirmək istədiyini dedikdə ona əri Fuadın torpaq sahəsi alıb ev tikdirərək satdığını, istəyirsə qaynanasının yaşadığı evin 1 sot həyətinin içində Fuadla danışaraq ona ev tikə biləcəklərini demiş, Kəmalə ilə birlikdə torpaq sahəsinə baxmış, Kəmalə həmin torpaq sahəsini bəyənməmiş, bundan sonra ona öz həyətindəki torpaq sahəsini göstərmişdir. Aralarında olan bu söhbətlər 2018-ci ildə olmuşdur. Bu barədə Fuada bildirmiş, Kəmalənin ilkin ödəniş kimi 6000 manat vermək istəməsini, qalan pulu isə kreditlə verə biləcəyini demiş, Fuad bir evi tikib başa çatdırmaq üçün 28000 manat pul tələb olunduğunu, Kəmalənin 6000 manatı əvvəldən verməsini, qalan 22000 manatı isə 34 ay ərzində hər ay 600 manat ödəməklə verməsini bildirmiş, bu barədə Kəmaləyə bildirdikdə o, razılaşmışdır. Kəmalə Abşeron rayonu, Xırdalan şəhərində “Səmra” gözəllik salonunun yanında 6000 manat pulu rəfiqəsi Zemfiranın yanında ona vermiş, o da həmin məbləğdə pulu yaşadıqları evdə Fuada vermişdir. Fuad ev tikməyə başlamışdır. Bundan bir müddət sonra Fuadla aralarında problem yaranmış, Fuad onu evdən qovmuş, Fuada Kəmalənin evini təhvil vermək lazım olduğunu demişdir. Lakin Fuad nə Kəmalənin evini vermiş, nə də pulunu qaytarmışdır. Fuad həmin pulları onun özünün ehtiyacı üçün xərcləməsini deməsini bildirdiyindən onun sözlərini demiş, Fuad da onu telefona çəkmişdir. 2019-cu ildən Fuadın yanından çıxaraq atası evində yaşayır. Kəmalənin 6000 manat pulunu Fuad ələ keçirmişdir. Qərardan daha sonra görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 6000 manat pulun X4 tərəfindən ələ keçirildiyini bildirsə də bu xüsusat onun öz izahatından başqa digər sənədlərlə sübuta yetirilmir. Belə ki, alınmış izahatlardan görünür ki, İddiaçı ilkin 6000 manat ödəniş etməklə qalan məbləği 36 aya ödəməyi öhdəliyinə götürmüş və ümumilikdə, evin 28000 manata tikilib başa çatacağına razılaşmışlar. Lakin Cavabdeh X1 ayrılması səbəbi ilə evin satıldığını bildirmişdir. X2 izahatından isə görünür ki, o, Cavabdeh ilə 2019-cu ilin oktyabrında ayrılmışdır. Buradan görünür ki, Kəmalə 2018ci ildə Fuad və Günaya 6000 manat ilkin ödəniş etsə də bundan sonrakı tarixlərdə aylıq ödənişi etməmişdir. Belə olduqda, Kəmalənin izahatında göstərdiyi evin tikilməsi, lakin daha sonra satılması xüsusatı şübhə doğurur. Çünki İddiaçı tərəfindən pulun aylıq olaraq davamlı ödənilmədiyi halda Fuad Əliyevin evin tikintisini həyata keçirib başa çatdırması reallığı əks etdirmir. -xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsinə görə 4 saylı vəkil bürosunun hesabına 300 manat pul vəsaiti ödəmişdir. -xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı dövlət rüsumunun ödənilməsinə görə 83 manat pul vəsaiti ödəmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsi, 103 saylı evdə, Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 1-ci keçid, dalan 2, 3 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar ilə Cavabdeh etirafı əsasında iddiaçıya 6000 manat borcunun qalması öz təsdiqini tapmışdır. Cavabdeh borcun qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh Abşeron rayon Polis idarəsində xx.xx.2022-ci il tarixdə yazılı izahatı etiraf kimi qəbul edilərək işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Mülki iş materiallarından göründüyü kimi, 6000 manat borcunun olmasına dair cavabdehin izahatı onun iradə ifadəsi əsasında yazılmışdır. İddiaçı məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etsə də, cavabdeh ona qarşı iddia tələbinə dair öz hüquqlarının müdafiə etməsi üçün şərait yaradılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, hər hansı bir münasibət göstərməmişdir. Belə olan halda, cavabdeh “iddianı etiraf etməsi” münasibətini yaratmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, iddiaçının izahatı, şahid ifadəsi, həmçinin, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsasında cavabdehin iddiaçıya 6000 manat borcunun olması, həmin pul vəsaitini şəxsən iddiaçıdan təhvil alması, təqdim edilən pul müqabilində iddiaçıya verdiyi vədinə əməl etməyərək evin təhvil verilməsini təmin etməməsi öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 83 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat pul vəsaitinin də tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh borca görə 6000 (altı min) manat, ödənilmiş dövlət rüsumuna görə 83 (səksən üç) manat, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 6383 (altı min üç yüz səksən üç) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar