Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1272/2024 16.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 1645,68 ABŞ dolları əsas, 3589,81 ABŞ dolları faiz, 2796,62 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 236,67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8268,78 ABŞ dolları pulun və iş üzrə ödənilmiş 132,17 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, 11 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə illik 24% dərəcəsi ilə, 36 ay müddətinə 10200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-290005107 nömrəli, 11 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 378-14/02 saylı xx.xx.2016-cı il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı cəmi 5192,96 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh1 ümumi borcu 8268,78 ABŞ dolları təşkil edir. Bundan 1645,68 ABŞ dolları əsas, 3589,81 ABŞ dolları faiz, 2796,62 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 236,67 ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********641 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq ona dair tələb üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın zaminə dair hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********* nömrəli, 11 iyul 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, ilik 24 % tətbiq edilməklə 10200 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ZM-290005107 nömrəli, 11 iyul 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, ********* nömrəli, 11 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə Cavabdeh2 təminat vermişdir. İş materiallarında olan kredit və zaminlik müqavilələri üzrə bağlanmış 378-14/02 saylı xx.xx.2016-cı il tarixli əlavə sazişdən görünür ki, tərəflər kredit öhdəliyinin 5192,96 ABŞ dolları təşkil etməsini müəyyən etmişlər. Bu kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********174 saylı arayışdan görünür ki, ********* nömrəli, 11 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-yə 1645,68 ABŞ dolları əsas, 3589,81 ABŞ dolları faiz, 2796,62 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 236,67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8268,78 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-9/2357/202 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 11 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 LPO İddiaçı ASC olan borcu aşağıdaki kimi müəyyən edilir: 27 yanvar 2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə): əsas borc üzrə-2984,39 ABŞ dolları, faiz borcu üzrə-4129,39 ABŞ dolları. 29 noyabr 2023-cü il tarixə (sual üzrə tarixə): əsas borc üzrə- 2984,39 ABŞ dolları, faiz borcu üzrə-4129,39 ABŞ dolları, faiz borcu üzrə (5%lə)-423,62 ABŞ dolları. Qeyd edilir ki, 11 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. İşdə olan Cavabdeh1 problemli kreditlərinin kompensasiyası barədə məlumatdan görünür ki, onun xx.xx.2019-cu il tarixə LPO İddiaçı ASC olan 6552,23 manat borcundan 3754,57 manat hissəsi dövlət tərəfindən kompensasiya edilmiş, qalan 2797,65 manat hissəsi isə restrukturizasiya üçün təklif edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İş materiallarından görünür ki, bank tələbin məbləğini özünün verdiyi maliyyə arayışı ilə müəyyən etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, məlum kredit müqaviləsi üzrə yaranmış əsas borc 2984,39 ABŞ dolları, faiz borcu 4129,39 ABŞ dolları, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz borcu 423,62 ABŞ dolları təşkil edir. Bununla belə, işdən görünür ki, Cavabdeh1 problemli kreditləri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən dövlət tərəfindən kompensasiya edilmişdir. Belə ki bu barədə məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə LPO İddiaçı ASC olan kredit borcu məzənnəyə uyğun manata çevrilmiş, ümumilikdə 6552,23 manat borcundan 3754,57 manat hissə dövlət tərəfindən kompensasiya edilmiş, qalan 2797,65 manat hissə isə restrukturizasiya üçün təklif edilmişdir. Göründüyü kimi, bu məbləğ hazırki məzənnə ilə 1645,68 ABŞ dolları təşkil edir ki, hazırda tələb edilən əsas borca uyğundur. Məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəf borcludan yalnız bu məbləği tələb edə bilər, çünki borclunun problemli kreditinin bir hissəsini ödəmiş dövlət məhz bu məbləği restrukturizasiya edilməsi üçün hər iki tərəfə təklif etmişdir. Bu barədə tərəflər arasında borcun restrukturizasiyası ilə bağlı hər hansı müqavilə imzalanmadığından həmin məbləğə görə cavabdehdən faiz və ya cərimə, o cümlədən gecikdirilmiş vaxt üçün illik beş faiz tələb edilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının 2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın 6-cı bəndilə banklara tövsiyə edilmişdir ki: 1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İşdən, həmçinin görünür ki, iddiaçı kredit borcunun Cavabdeh1 ilə birlikdə onun öhdəliklərinə zamin durmuş digər Cavabdeh2 da tutulmasını tələb edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki işdə olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 iddiaçı tərəfindən yuxarıda qeyd edilən məbləğdə kredit verilmiş, o isə yaranmış öhdəliyi hissə-hissə xx.xx.2017-ci il tarixədək yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bu öhdəliyin müddəti sonradan tərəflərin razılaşdıqları əlavə sazişlə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi və xx.xx.2016-cı il tarixli sazişə əsasən Cavabdeh2 borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı qarşısında öz üzərinə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarından görünür ki, əsas öhdəliklərin müddəti xx.xx.2021-ci il tarixi göstərilmişdir. İddiaçı bank isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, müəyyən edilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2022-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi zamin kimi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə işin hallarını və işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 2797,65 manat pul tutularaq LPO İddiaçı ASC-yə verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 132,17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa, keçirilmiş ekspertizanın dəyəri 100 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 47,98 manat hissəsi Cavabdeh1 tutulub ləğv prosesində olan İddiaçı ASC-yə, 50 manat ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına, qalan 50 manat ekspertiza xərci isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2797,65 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 47,98 manat pul LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertizanın xərci kimi 50 manat pul Cavabdeh1, 50 manat pul isə LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1272/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1272/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver