Məhkəmə qərarları › İş №e-2(012)-1273/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1273/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1273/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması və həmin əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəmədiyi halda qalan məbləğin tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 87912,04 manat, faiz borcu 5237,44 manat, dəbbə borcu 97545,08 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 382,64 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2022-ci il tarixli, DENG-00031-01/22A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Digah Qəsəbə Ərazi Dairəsi, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında yerləşən yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 87912,04 manat məbləğində əsas borcu, 5237,44 manat məbləğində faiz borcu, 4395,6 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə, 97545,08 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 382,64 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2022-ci il tarixli, DENG-00031-01/22A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Digah Qəsəbə Ərazi Dairəsi, Digah Qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında 0,16 ha torpaq sahəsində yerləşən 117,30 kv. metr sahədən ibarət olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracda satılması və ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00031- 01/22A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 60 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 90000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2022-ci il tarixli DENG-00031- 01/22A saylı sonrakı alqı-satqı və ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh məxsus Digah Qəsəbə Ə/D, Digah Qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış sahəsinin "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və 2022-ci il tarixinə bazar dəyəri 145000 manat, likvid dəyəri 123000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdeh ilə arasında olan kredit müqaviləsinin 5-ci və ipoteka müqaviləsinin 3-cü bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 12 oktyabr 2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 87912,04 manat, faiz borcu 5237,44 manat, dəbbə borcu 4395,6 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 97545,08 manat təşkil edir. Qeyd edir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsinin müddəti bitməmişdir. Onlar əsas borcla bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizası barədə ekspert rəyi ilə, həmçinin əmlakın qiymətləndirilməsi ilə bağlı verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası barədə ekspert rəyi ilə razıdırlar. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyildir və iddia rədd edilməlidir. Belə ki, cavabdeh Əsgərov Mehdi-Əlizaman Zahir oğlu banka olan borcundan 15300 manatını artıq qaytarmışdır. Lakin iddiaçı bank "xxxx" ASC həmin ödənişləri nəzərə almayaraq, əsas kredit borcunu 87912,04 manat, faiz borcu 5237,44 manat, dəbbə borcu 4395,6 manat məbləğində hesablamışdır. Bildirir ki, ipoteka predmeti olan evin hazırda bazar dəyəri 200000 manat təşkil edir. İddiaçı "xxxx" ASC isə belə əsassız iddia verərək, cavabdeh Əsgərov Mehdi-Əlizaman Zahir oğlunun düşdüyü bu ağır vəziyyətdən istfadə edərək, cavabdehi mülkiyyətindən məhrum etmək istəyir. Cavabdeh Əsgərov Mehdi-Əlizaman Zahir oğlu borcun qaytarılmasından imtina etmir. Lakin bank cavabdeh Əsgərov Mehdi-Əlizaman Zahir oğlu tərəfindən ödənilən böyük məbləği gizlədərək, əsassız belə bir iddia verilmişdir. Bundan əlavə hesab edir ki, ekspertlərin rəyləri həqiqəti əks etdirmir. Belə ki, 29 dekabr 2022-ci il tarixli DEN-00031-01/22A saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən cavabdeh Əsgərov Mehti-Əlizaman Zahir oğlunun iddiaçı "xxxx" ASC-yə borcu həm əsas borc üzrə, həm də faiz borcu üzrə həddindən artıq şişirdilmişdir. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi də həqiqəti əks etdirmir. Belə ki, ekspertiza tədqiqatına təqdim edilən Digah Qəsəbə Ərazi İdarəsi, Digah Qəsəbəsi, Neftçi, ev 53 ünvanında yerləşən, 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 117,30 m2 olan orta təmirli fərdi yaşayış evinin mövcud orta bazar dəyəri rəydə qeyd edildiyi kimi, 110.250,00 (117,30 x 940,00 manat, likvid dəyəri təqribən (110.250,00-10%) 99.250,00 manat məbləğində ola bilməz. Həmin ərazidə həmin ölçüdə olan mənzillərin qiyməti xeyli yüksəkdir və hazırki müəyyən olunmuş əmlakın qiyməti realığı əks etdirmir. Qeyd edir ki, həmin ərazidə həmin ölçüdə olan fərdi yaşayış evlərinin torpaq sahələri də daxil olmaqla satış qiyməti 185000 manat və ya daha yüksək məbləğ təşkil edir. X10 Ərazi Dairəsi, Digah Qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında 0,16 ha torpaq sahəsində yerləşən 117,30 kv. metr sahədən ibarət olan fərdi yaşayış evini satmaq istədikdə iddiaçı bankın nümayəndəsi əvvəlcə razılaşmış, daha sonra isə onlardan həmin ünvanında yerləşən 0,16 ha torpaq sahəsinin 6 sotunun satılmasını istəmişdirlər. Odur ki, göstərilənlər əsasında o, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 117,30 kv.metr sahədən ibarət olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə X3 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, DENG-00031-01/22A saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Bank "xxxx" ASC (satıcı-ipoteka saxlayan) ilə Cavabdeh (alıcıipoteka qoyan) və X5 (satıcı) arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən X5 (satıcı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində, **********99-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 117,30 kv.metr sahədən ibarət olan fərdi yaşayış evini Cavabdeh (alıcı-ipoteka qoyanın) mülkiyyətinə vermiş, Cavabdeh (alıcı-ipoteka qoyan) isə xx.xx.2022-ci il tarixli, DEN- 00031-01/22A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini Bank "xxxx" ASC-yə (satıcı-ipoteka saxlayana) ipotekaya qoymuşdur. İpoteka predmetinin satış qiyməti 145000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 117,30 kv.metr sahədən ibarət olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 117,3 kv.metr sahədən ibarət olan fərdi yaşayış evinin Bank "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyü dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bank "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, RİED 2023/4389 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə banka əsas borc məbləği 87912,04 manat, ümumi faiz borcu 5237,44 manat, dəbbə borcu 4395,6 manat olmaqla, cəmi 97545,08 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci, 385.1-ci, 421.1-ci, 421.2-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2-ci, 445.2.1-ci, 445.2.2-ci, 448.1-ci, 448.2-ci maddələri, həmçinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı şirkətin nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilmiş və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi xx.xx.2022-ci il tarixli, DENG-00031-01/22A saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1273/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/3185 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh tərəfindən Bank "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 87965,32 manat, faiz borcu üzrə 5075,06 manat olmaqla cəmi 93040,38 manat məbləğində müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024cü il tarixli, 9/31xx-xx/3032 saylı ekspert rəyinə əsasən Digah Qəsəbə Ərazi Dairəsi, Digah Qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 117,30 m2 olan orta təmirli fərdi yaşayış evinin mövcud orta bazar dəyəri təqribən 110250,00 (117,30 x 940,00 man) manat, likvid dəyəri təqribən (110.250,00- 10%) 99250 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsi üzrə hesablanmış 4395,6 manat məbləğində cərimə borcu 500 manat məbləğində olmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı Bank "xxxx" ASC iddia ərizəsində xx.xx.2022ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsi üzrə 87912,04 manat əsas borc, 5237,44 manat faiz borcu tələb etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/3185 saylı rəyinə əsasən isə xx.xx.2022-ci il tarixli, DEN- 00031-01/22A saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 87965,32 manat, faiz borcu üzrə 5075,06 manat müəyyən edilmişdir. Ekspert rəyində əsas məbləğ daha yüksək olduğundan və bununla bağlı iddiaçı təşkilat tərəfindən artırılma verilmədiyindən,lakin faiz məbləğ azaldığından Cavabdeh xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsi üzrə 87912,04 manat əsas borc, 5075,06 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 93487,1 manat borc tutularaq Bank "xxxx" ASC-yə ödənilməlidir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, Bank "xxxx" ASC-nin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş Digah Qəsəbə Ərazi Dairəsi, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında 0,16 ha torpaq sahəsində yerləşən 117,30 kv. metr sahədən ibarət olan fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin borc tələbinə yönəldilməsinin qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa iş materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DENG-00031-01/22A saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Digah Qəsəbə Ərazi Dairəsi, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında 0,16 ha torpaq sahəsində yerləşən 117,30 kv. metr sahədən ibarət olan fərdi yaşayış evi 145000 manat qiymətləndirilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024cü il tarixli, 9/31xx-xx/3032 saylı ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 99250 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələb həmin hissədə mücərrəd olduğundan, həmçinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti tələb olunan pul məbləğindən çox olduğundan həmin hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 382,64 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024cü il tarixli, 9/3185 saylı məhkəmə-mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci və 20 avqust 2024-cü il tarixli, 9/31xx-xx/3032 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN- 00031-01/22A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsi üzrə 87912,04 manat əsas borc, 5075,06 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 93487,1 manat borc, 382,64 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Tutma xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Digah Qəsəbə Ərazi Dairəsi, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında 0,16 ha torpaq sahəsində yerləşən 117,30 kv. metr sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, həmin ev hərracda satılsın və ipoteka predmetinin ilkin satış qiyməti 99250 (doxsan doqquz min iki yüz əlli) manat müəyyən edilsin. İddia tələbi ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində rədd edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/3185 saylı məhkəmə-mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci və 20 avqust 2024-cü il tarixli, 9/31xx-xx/3032 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar