Məhkəmə qərarları › İş №e-2(012)-1299/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1299/2025

05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1299/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Mirfazil oğlunun sədrliyi, Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, İddiaçı2 qanuni nümayəndəsi, atası X1, İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi, atası X1 vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat- İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi, atası X1 cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdrarəsi və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi, atası X2 cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdrarəsi və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 avtonəqliyyat vasitəsinin yetirdiyi xəsarətdən sonra dəymiş maddi ziyana görə 10000 manat, mənəvi zərərə görə 5000 manat və vəkil ilə müqavilə bağlamaq üçün ödənilmiş 320 manat olmaqla cəmi 15320 manat pulun; İddiaçı2 avtonəqliyyat vasitəsinin yetirdiyi xəsarətdən sonra dəymiş maddi ziyana görə 12 000 manat, mənəvi zərərə görə 5000 manat və vəkil ilə müqavilə bağlamaq üçün ödənilmiş 320 manat olmaqla cəmi 17 320 manat pulun Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfütı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə təqsirili bilinərək Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən ona ittiham verilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas kimi “İttiham Aktı” nda qeyd edilir: Cavabdeh1 05 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfütı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdrarəsinə məxsus olan Yol Vərəqəsi əsasında idarə etdiyi “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsi istiqamətində hərəkətdə olarkən ehtiyyatsızlıqdan həmin istiqamətdə yolu keçən piyada İddiaçı1 və İddiaçı2 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq nəticədə İddiaçı1 sağ əng sümüyünün yerdəyişməyən sınığı, sol bayır topuğun və aşıq sümüyünün açıq qəlpəli yerdəyişən sınığı, sol aşağı ətrafın 1/3-nin 1,0x1,5 sm ölçüdə cırılmış didilmiş yarası,yumşaq toxuma və sümük deffekti ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa Az Ağır zərərvurmaya aid və İddiaçı2 isə politravma, sağ bazu, hər iki qasıq, oturaq, sağ bud, sol baldır, sümüklərinin, qabırğaların çoxsaylı sınıqları sınıqları, iki tərəfli pnevmatoraks, düz bağırsağın travmatik zədələnməsi, aralığın fleqmonası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa Ağır zərər vurmaya aid bədən xəsarətləri alması faktı və həmin faktla bağlı toplanmış ilkin yoxlama materialı olmuşdur. İstintaq araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də Cavabdeh1 05 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfütı İstehsalat- İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdraəsinə məxsus olan Yol Vərəqəsi əsasında idarə etdiyi “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsi istiqamətində hərəkətdə olarkən ehtiyyatsızlıqdan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yəni hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verərək manevrin təhlükəsiz olduğuna və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı,onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin istiqamətdə yolu keçən piyada İddiaçı1 və İddiaçı2 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq nəticədə İddiaçı1 sağ əng sümüyünün yerdəyişməyən sınığı, sol bayır topuğun və aşıq sümüyünün açıq qəlpəli yerdəyişən sınığı, sol aşağı ətrafın 1/3-nin 1,0x1,5 sm ölçüdə cırılmış didilmiş yarası,yumşaq toxuma və sümük deffekti ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa Az Ağır zərərvurmaya aid və İddiaçı2 isə politravma, sağ bazu, hər iki qasıq, oturaq, sağ bud, sol baldır, sümüklərinin, qabırğaların çoxsaylı sınıqları, iki tərəfli pnevmatoraks, düz bağırsağın travmatik zədələnməsi, aralığın fleqmonası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa Ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X12in Abşeron rayon şöbəsindən verilən 22 fevral 2024-cü il tarixli 24 TS nömrəli rəyindən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zaman aldığı xəsarətlərdən sonra xx.xx.2023-cü il tarixdə “X11”-ə müraciət etmiş və ona sağ əng sümüyünün yerdəyişməyən sınığı, sol bayır topuğun və aşıq sümüyünün açıq qəlpəli, yerdəyişən sınığı. Solaşağıətrafın aşağı 1/3-nin 7, 0 x l,5 sm ölçüdə cırılmış, didilmiş yarası, yumşaq toxuma və sümük deffekti ilə diqanozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində yüksək sürətlə hərəkət edən avtomaşının vurması nəticəsində bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X12in Abşeron rayon şöbəsindən verilən 22 fevral 2024cü il tarixli 23 TS nömrəli rəyindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən sonra xx.xx.2023-cü il tarixdə “X11”-ə müraciət etmiş və ona “Politravma Sağ bazu, hər iki qasıq, oturaq, sağ bud və sol baldır sümüklərinin, qabırğaların çoxsaylı sınıqları, iki tərəfli pnevmatoraks. Düz bağırsağın travmatik zədələnməsi, aralığın fleqmonası diqanozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində yüksək sürətlə hərəkət edən avtomaşının vurması nəticəsində bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Beləliklə də Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və əməlini etiraf edərək özünü təqsirli bilmişdir. Lakin özünü təqsirli hesab etməsinə baxmayaraq hadisə zamanı xəsarət alanlara heç bir maddi köməklik göstərəməyərək zərərçəkmiş şəxslərə vurduğu nə maddi nə mənəvi ziyanı ödəməməişdir. Lakin etdiyi cinayət hadisəsindən sonra yenə də avtomobil idarə edir. Ona görə də hesab edirik onun işlədiyi idarə də cavabdehlik daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Cavabdeh1 barəsində olan ********* nömrəli cinayət işi üzrə Abşeron Rayon Məhkəməsi (hakim Abusət Qasımov) xx.xx.2024cü il tarixdə 1(012)-677/2024 saylıi ttiham edici Hökm çıxartmışdır. Abşeron Rayon Məhkəməsinin (hakim Abusət Qasımov) xx.xx.2024-cü il tarixli, 1(012)-677/2024 saylı Hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 1 gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh1 cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmə, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Cavabdeh1 tutularaq dövlət nəfinə köçürülməsi, İş üzrə 01 ədəd disk cinayət işinin materiallarında, “Kamaz” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 istifadəsində saxlanılması nəzərə alınmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı2 qanuni nümayəndəsi, atası X2 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi, atası X1 vəkilinümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək qeyd etdi ki, cavabdehlərin indiyə kimi heç bir köməklik etməmişdirlər. Çoxlu dərman vəsaitləri alınmışdır, çekləri vardır, lakin reseptləri mövcud deyil. Tibb müəssislərində xeyli xərcləri çıxmışdır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 izahatında təqsirli olduğunu, lakin maddi imkanı olmadığı üçün iddiaçılara kömək edə bilmədiyini qeyd etdi. Cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat- İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin vəkili-nümayəndəsi Vəkil iddia tələbini onlara aid hissədə qəbul etmədiyini, iddia tələbi üzrə təmsil etdiyi Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin müştərək məsuliyyət daşımadığını bildirdi. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarıının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X14” X12 16872 saylı epikrizin surətindən görünür ki, İddiaçı1 sağ əng sümüyünün yerdəyişməyən sınığı, sol bayır topuğun və aşıq sümüyünün açıq qəlpəli yerdəyişən sınığı, sol aşağı ətrafın 1/3-nin 1,0x1,5 sm ölçüdə cırılmış didilmiş yarası,yumşaq toxuma və sümük deffekti ilə klinikaya xx.xx.2023-cü il tarixdə daxil olmuş, xx.xx.2023-cü il tarixdə yaranın İ=li cərrahi işlənməsi, xx.xx.2023-cü il tarixdə isə sol baldır sümüklərin lizarov aparatı ilə osteosintezi cərrahi əməliyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstəyə məsləhət verilərək, ambulator müalicəyə xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X12in Abşeron rayon şöbəsindən verilən 22 fevral 2024-cü il tarixli 23 TS nömrəli rəyindən görünür ki, İddiaçı2 xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən sonra xx.xx.2024-cü il tarixdə “X11”-ə müraciət etmiş və ona “Politravma Sağ bazu, hər iki qasıq, oturaq, sağ bud və sol baldır sümüklərinin, qabırğaların çoxsaylı sınıqları, iki tərəfli pnevmatoraks. Düz bağırsağın travmatik zədələnməsi, aralığın fleqmonası diqanozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində yüksək sürətlə hərəkət edən avtomaşının vurması nəticəsində bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X12in Abşeron rayon şöbəsindən verilən 22 fevral 2024-cü il tarixli 24 TS nömrəli rəyindən görünür ki, S.M.Hacıyev xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən sonra xx.xx.2023-cü il tarixdə “X11”-ə müraciət etmiş və ona sağ əng sümüyünün yerdəyişməyən sınığı, sol bayır topuğun və aşıq sümüyünün açıq qəlpəli, yerdəyişən sınığı. Sol aşağı ətrafın aşağı 1/3-nin 7,Oxl,5 sm ölçüdə cırılmış, didilmiş yarası, yumşaq toxuma və sümük deffekti ilə diqanozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində yüksək sürətlə hərəkət edən avtomaşının vurması nəticəsində bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-677/2024 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 1 gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh1 cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Cavabdeh1 tutularaq dövlət nəfinə köçürülməsi, iş üzrə 01 ədəd disk cinayət işinin materiallarında, “Kamaz” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 istifadəsində saxlanılması nəzərə alınması, cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınması, Cavabdeh1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X5 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına ödənilməsi hökm edilmişdir. - İşə əlavə edilən çoxsaylı satış çeklərindən görünür ki, müxtəlif tarixlərdə dərman vasitələri alınmışdır. - Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdrarəsinin xx.xx.2025-ci il tarixli, 77 saylı məktubundan, həmçinin Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 125/K nömrəli əmrdən görünür ki, vətəndaş Cavabdeh1 əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2024-cü il tarixli, 125/K nömrəli əmrlə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0009X0 nömrəli əmək müqaviləsi bildirişibdən görünür ki, Cavabdeh1 işə başlama tarixi xx.xx.2023-cü ildir. - Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 107 saylı məktubundan görünür ki, Kamaz markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin 05 dekabr 2023-cü il tarixində icbari sığortası olmayıb. - İcbari Sığorta Bürosunun xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı BAN nömrəsi XTC43253CA1176891 olan nəqliyyat vasitəsinə aid "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş PAZ**********2nömrəli sığorta şəhadətnaməsinin xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olduğu aşkarlanmışdır. Məhkəmə, ilk olaraq qeyd edir ki, iddiaçıların sağlamlığına az-ağır və ağır zərər vurulması Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-677/2024 saylı qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, həmçinin hesab edir ki, sağlamlığa az-ağır və ağır zərər vurulma ilə bağlı iddiaçılara mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1120.1-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəllənin 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Qeyd olunan plenum qərarında göstərilmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, MM-in 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı1 sağlamlığına az-ağır zərər vurulması, nəvəsi İddiaçı2 isə sağlamlığına ağır zərər vurulması onlarda yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində iri həcmli avtomobilin üzərlərinə gəldiyini görmək yaşlı qadın və azyaşlı uşağın stres və mənəvi sarsıntı keçirilməsinə səbəb olmuşdur ki, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə onlar təsəlli ala bilərlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına əsasən Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, mənəvi zərərə görə Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfütı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 müştərək qaydada İddiaçı1 xeyrinə 2000 manat, İddiaçı2 qanuni nümayəndəsi, atası X1 xeyrinə isə 3000 manat pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “İddiaçı1 avtonəqliyyat vasitəsinin yetirdiyi xəsarətdən sonra dəymiş maddi ziyana görə 10000 manat, İddiaçı2 avtonəqliyyat vasitəsinin yetirdiyi xəsarətdən sonra dəymiş maddi ziyana görə 12000 manat” hissəsində qismən təmin edilməlidir. “Tibbi sığorta haqqında” 28 oktyar 1999-cu il tarixli Azərbaycan Respublikası qanununun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Həmin qanunun 15-4.1.2-ci maddəsinə əsasən bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək sığortaolunanın hüququdur. Belə ki, iddiaçılar iddia ərizəsində müalicələr üçün böyük xərclər çəkdiyini bildirsələr də, bu tələbi ilə bağlı mötəbər sübutları (müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, başqasının qulluğuna dair rəsmi sənədlər) məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da heç bir sübut əldə edilməmişdir. Eyni zamanda yuxarıda sadalanan qanunvericilikdən aydın olur ki, bütün vətəndaşlar dövlət təminatı ilə icbari qaydada tibbi sığorta olunur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 idarə etdiyi və digər cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdrarəsinin balansında olan “Kamaz” markalı 01AC930 dövlət qeydiyyat nişanlı avtomobilin 05 dekabr 2023-cü il tarixində, yəni hadisə zamanı icbari srğortası olmamışdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 14.2.4-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz nisbətində ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Qanunun tələblərini nəzərə alaraq iddiaçlara dəymiş maddi ziyana görə Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfütı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 müştərək qaydada İddiaçı1 xeyrinə 1500 manat (5000 manatın 30 faizi), İddiaçı2 qanuni nümayəndəsi, atası X1 xeyrinə 1500 manat (5000 manatın 30 faizi) pul tututlmalıdır. Bu ondan irəli gəlir ki, nəqliyyat vasitəsi idarə edilən zaman icbari sığortası olmamış və bunun üçün məsuliyyəti hər iki cavabdeh daşıyır. Başqa sözlə, iddiaçılar əslində malik olmalı olduqları hüquqlarından məhrum olmuşdurlar. Məhkəmə eyni zamanda iddia tələbinin “vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş məbləğin cavabdehlərdən alınıb iddiaçılara ödənilməsi” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzlərdən görünür ki, hər iki iddiaçı vəkil xidmətinin göstərilməsi üçün 640 manat pul ödəmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hazırki işin konkret halları nəzərə alınmaqla göstərilən məbləği ağlabatan məbləğ hesab edərək, 640 manat (320+320) pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək İddiaçı1 xeyrinə maddi ziyana görə 1500 manat, mənəvi zərərə görə 2000 manat, hüquqi yardım göstərilməsi ilə bağlı 320 manat, İddiaçı2 qanuni nümayəndəsi, atası X1 xeyrinə maddi ziyana görə 1500 manat, mənəvi zərərə görə 3000 manat, hüquqi yardım göstərilməsi ilə bağlı 320 manat pul Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfütı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 müştərək qaydada tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçılar dövlət rüsumu ödəməkdən azad edildiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 106.4 manat dövlət rüsumu Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfütı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatdək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 xeyrinə maddi ziyana görə 1500 manat, mənəvi zərərə görə 2000 manat, hüquqi yardım göstərilməsi ilə bağlı 320 manat, cəmi 3820 manat pul Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfütı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 müştərək qaydada tutularaq ödənilsin. İddiaçı2 qanuni nümayəndəsi, atası X1 xeyrinə maddi ziyana görə 1500 manat, mənəvi zərərə görə 3000 manat, hüquqi yardım göstərilməsi ilə bağlı 320 manat, cəmi 4820 manat pul Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfütı İstehsalat- İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 müştərək qaydada tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfütı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 müştərək qaydada iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 106.4 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar