Məhkəmə qərarları › İş №e-2(012)-131/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-131/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-131/2024 28.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 68000 manat (40000 ABŞ dolları ekvivalentində) pulun və ödənilmiş 325 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə uyğun olaraq 68000 manat (40000 ABŞ dolları ekvivalentindı) pul vəsaiti xx.xx.2022-ci il tarixinə qədər qaytarmaq şərti ilə borc qismində verilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixində müqaviləyə dəyişiklik edilməsi ilə bağlı tərəflər arasında saziş bağlanmış və cavabdeh həmin pul vəsaitini xx.xx.2021-ci il tarixinədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günə qədər həmin pul vəsaitini qaytarmamışdır. Ondan dəfələrlə pul vəsaitinin qayratmasını tələb olunsa da, imkanının olmadığı bildirərək müxtəlif bahanələr gətirmiş, iddiaçının müraciətləri nəticəsiz qalmışdır. Bundan əlavə, Cavabdeh iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş, o, pul vəsaitini qaytarmayacağı halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh məktuba məhəl qoymamış 68000 manat (40000 ABŞ dolları ekvivalentində) pul vəsaitini qaytarmamışdır. Bunanla da sübut olunur ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuş, ona maddi zərər yetirilmişdir. İddiaçı tərəfindən poçt vasitəsilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 saylı qərardadından xx.xx.2022-ci il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək işə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-1467/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılması, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 saylı qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş 24 fevral 2022-ci il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-942/2022 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və şikayət Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İddiaçı nümayəndəsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 saylı qərardadından xx.xx.2022-ci il tarixində şikayət vermiş və ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 saylı qərardadından şikayət verilməsi üçün müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 saylı qərardadı ilə İddiaçı nümayəndəsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsi qərara alınmışdır. Mülki iş 14 iyun 2022-ci il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1565/2022 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 1467/2022 saylı qərardadı və həmin qərardad əsasında çıxarılmış Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbulu məsələsinə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1565/2022 saylı qərardadında göstərmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Abşeron rayon bölməsinin 18 yanvar 2022-ci il tarixli, 07 nömrəli arayışından görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh ünvan 1 ünvanında faktiki yaşayan, məcburi köçkün kimi keçir. Birinci instansiya məhkəməsi isə cavabdehin məcburi köçkün kimi səlahiyyətli orqan olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən harada rəsmi qeydiyyata alınmasına düzgün hüquqi qiymət verməmiş, “rəsmi qeydə alınma” anlayışı üzrə səhv nəticəyə gəlmişdir. Buna görə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 nömrəli qərardadı və həmin qərardad əsasında çıxarılmış şikayətin təmin edilməməsinə dair xx.xx.2022-ci il tarixli 2(012)-1467/2022 nömrəli qərardadı ləğv edilmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin araşdırılması əsasında müəyyən olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş səmnədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Daha sonra Abşeron Rayon Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)- 1565/2022 saylı qərardadındakı nümayiş etdirdiyi hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər elektron kabinet vasitəsi ilə verilmədiyindən geri qaytarılmalıdır. Bundan sonra tərəfimizdən xx.xx.2022-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yenidən Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş Abşeron Rayon Məhkəməsi 2(012)- 5246/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə yenidən iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Həmin sənədlərin yenidən geri qaytarılmasına səbəb iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına istinad etmiş, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsini rəhbər tutaraq ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməsini əsas gətirmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndinin tərəblərinə riayət olunaraq borcluya yazılı bildiriş göndərilmiş və daha sonra xx.xx.2022-ci il tarixində notarius tərəfindən aparılan icra qeydi açılmışdır. Həmin icra qeydi xx.xx.2022ci il tarixində icraya yönəldilmiş və icraata başlanılmışdır. İcra məmuru tərəfindən borclunun əmlak vəziyyəti yoxlanılmış, xəbərdarlıq edilmiş, izahatlar alınmış, borclunun məcburi gətirilməsi və axtarışı haqqında qərarlar qəbul edilmişdir. Hətta xx.xx.2023-cü il tarixində borclu barəsində inzibati xata haqqında protokol tərtib olunmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona 500 manat cərimə məbləğində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Bu tədbirlər nəticəsində isə borclu bir manat belə ödəniş etməmişdir. Borclu barəsində icra tədbirlərinin bir qismi həyata keçirilsə də, icra sənədi üzrə sərt icra tədbirlərinin (borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, borclunun cinayət məsuliyyətinə cəlb edilməsi və s.) görülməsi mümkün olmamışdır. Belə ki, həmin tədbirlər yanız borclu məhkəmə qərarlarını icra etmədiyi halda həyata keçirilir. Hal-hazırda isə icra vərəqəsi məhz notarius tərəfindən acılmış icra qeydi olduğundən həmin tədbirlərin görülməsi mümkün deyildir. Ona görədə hesab edilməlidir ki, cavabeh Cavabdeh borcun tutulması, hərtərəfli və tam zəruri icra tədbirlərinin görülməsi, eyni zamanda borcun ödənilməsi məqsədilə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. xx.xx.2022-ci il tarixli icra qeydi icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, borcdan müəyyən hissə ödənilib və yalnız 10-15000 manat borc ödənilməmiş qalmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia müqavilənin ləğv edilməsi hissəsində aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci ilədək qaytarmaq şərtilə 68000 manat (40000 ABŞ dolları ekvivalentində) pulu faizsiz olaraq Cavabdeh borc vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli sazişin surətindən görünür ki, tərəflər kreditin geri qaytarılma vaxtının xx.xx.2021-ci il tarixdə müəyyən edilməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2022-ci il tarixli qeyddən görünür ki, Bakı şəhəri 11 saylı notariat ofisi kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh borc verilmiş 68000 manat pulun tutulması barədə icra qeydi vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 11 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Abşeron rayon icra və probasiya şöbəsində icra məmuru icra icraatına başlamışdır. İşdə olan Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri 11 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydi tələbkarın ərizəsinə əsasən geri qaytarılmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında borc münasibətləri olmuş və Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2022-ci ilədək qaytarmaq şərtilə 68000 manat (40000 ABŞ dolları ekvivalentində) pulu faizsiz olaraq Cavabdeh borc vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli sazişlə tərəflər kreditin geri qaytarılma vaxtının xx.xx.2021-ci il tarixdə müəyyən edilməsi barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən məlum kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh borc verilmiş 68000 manat pulun cavabdehdən tutulması barədə icra qeydi verilmişdir. Bakı şəhəri 11 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Abşeron rayon icra və probasiya şöbəsində icra məmuru xx.xx.2022-ci il tarixli qərarla icra icraatına başlamışdır. Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2023cü il tarixli qərarı ilə Bakı şəhəri 11 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydi tələbkarın ərizəsinə əsasən geri qaytarılmışdır. Bunları nəzərə alan iddiaçı hesab edir ki, notarius tərəfindən verilmiş “İcra qeydi” geri qaytarılmalıdır ki, o, həmin borcun cavabdehdən məhkəmə qaydasında tutulmasını tələb edə bilsin. Məhkəmə mövcud mübahisənin həlli və iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə görə, icra qeydləri icra sənədi hesab olunur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci bəndinə görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırda İsmayılov X1 Aqil Kamil oğluna qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 68000 manat (40000 ABŞ dolları ekvivalentində) pulun və ödənilmiş 325 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti əvvəlcə xx.xx.2022-ci ilədək, sonradan tərəflərin razılaşmasına əsasən xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Müqavilə üzrə tərəflər razılaşmışlar ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır (müqavilənin 7-ci bəndi). İşdən görünür ki, müqavilə üzrə borcun tutulması barədə müvafiq notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli icra qeydi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İşdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun məbləği və onu qaytarılması barədə Cavabdeh xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərmiş, bununla bağlı məhkəmədən kənar qaydada öz iradə ifadəsini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsaslanaraq belə hesab edir ki, İddiaçı iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş hesab edilir və bununla bağlı məhkəmədə iddia qaldırmağa zərurət yoxdur. Belə olan halda, məhkəmənin qənaətinə görə tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə tələb əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış əqd ləğvetmənin həyata keçirilməsinin ümumi formasına uyğun ləğv olunduğundan İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması barədə tələbə gəldikdə isə məhkəmənin eyni tarixli qərardadı ilə iddianın bu hissəsi üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar