Məhkəmə qərarları › İş №e-2(012)-134/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-134/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-134/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 33620,67 manat əsas borcun, 2505,48 manat faiz borcunun, cəmi 36126,15 manat borcun və 198,38 manat dövlət rüsumunun əvəzinin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinin ilkin satış qiymətinin 75000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 36126,15 manat borcun və 198,38 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-3(103)-141/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına ayrılmış bəzi güzəştli kreditlər üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC-yə ötürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq "xxxx" ASC-nin Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 16 noyabr 2020-ci il tarixli, 32 saylı təhvil-təslim aktı əsasında "xxxx" ASC-dən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsinə əsasən ona filial tərəfindən iri buynuzlu mal-qara alışı, tövlə tikintisi və torpağın hazırlanması məqsədilə 36 ay müddətinə qaytarılmaq şərti ilə illik 7 %-lə 40000 manat məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Sumqayıt filialı ilə zamin olmuş şəxs Cavabdeh1 arasında 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, qeyd olan kredt müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsi ipoteka qoyulmuş və bununla bağlı "xxxx" ASC-nin Sumqayıt filialı ilə ipoteka qoyan Cavabdeh2 arasında 24 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşdür. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 75000 manat müəyyən edilmişdir. Kredit müqaviləsinə görə cavabdehə verilmiş kredit məbləği müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına əsas borcu 33620,67 manat, faiz borcu 2505,48 manat olmaqla, cəmi borcu 36126,15 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə, məhkəmədən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31120,67 manat əsas borcun, 2005,48 manat faiz borcunun, cəmi 33126,15 manat borcun və 189,38 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Cavabdeh2 məxsus Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinin ilkin satış qiymətinin 75000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Cavabdeh2 məxsus Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılıb satılması hesabına 33126,15 manat məbləğində pulun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra da, iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə, məhkəmədən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30220,67 manat əsas borcun, 1405,48 manat faiz borcunun, cəmi 31626,15 manat borcun və 189,38 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Cavabdeh2 məxsus Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinin ilkin satış qiymətinin 75000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Cavabdeh2 məxsus Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılıb satılması hesabına 31626,15 manat məbləğində pulun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 yaranmış kredit borcunun tezliklə ödəniləcəyini, buna görə onlara müddət verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" ASC tərəfindən iri buynuzlu mal-qara alışı, tövlə tikintisi və torpağın hazırlanması məqsədilə 36 ay müddətinə qaytarılmaq şərti ilə illik 7 %-lə 40000 manat kredit verilmişdir. Məbləğ kassa məxaric orderi imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan İddiaçı QSC BOKT-un xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsi üzrə həmin tarixə 33620,67 manat əsas borc, 2505,48 manat faiz borcu olmaqla, cəmi 36126,15 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, ipoteka hüququ dövlət qeydiyyatına alınmış, əmlakın ipoteka qoyulmasına ipoteka qoyanın arvadı tərəfindən razılıq verilmiş və ipoteka predmetinin dəyəri qarşılıqlı razılaşmaya əsasən 75000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 1035 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2023cü il tarixli bildirişdən müəyyən edilir ki, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi və bunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaları barədə Cavabdeh2 İddiaçı QSC BOKT tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı zaminlik müqaviləsindən görünür ki, 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan 16 noyabr 2020-ci il tarixli, 32 saylı təhvil-təslim aktından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-3(103)-141/2020 saylı qərarına uyğun olaraq "xxxx" ASC-nin Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/4606/2024 saylı rəyindən görünür ki, Cavabdeh2 rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 24 oktyabr 2022-ci il tarixinə (müqavilə müddətinin bitmə tarixə) "xxxx" ASC olan borcu 42411,91 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 38378,25 manat, faiz borcu üzrə 4033,66 manat. Qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 6100 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2022-ci il tarixə göstərildiyindən 6100 manat məbləğində ödəniş nəzərə alınmamışdır. İşdə olan “X1 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinin həmin tarixə likvid dəyəri 72000 manat təşkil edir. İş materiallarında olan İddiaçı QSC BOKT-un xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsi üzrə həmin tarixə 31120,67 manat əsas borc, 2005,48 manat faiz borcu olmaqla, cəmi 33126,15 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı QSC BOKT-un xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsi üzrə həmin tarixə 30220,67 manat əsas borc, 1405,48 manat faiz borcu olmaqla, cəmi 31626,15 manat məbləğində borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-ci maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, borcalan Cavabdeh2 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və borcverən "xxxx" ASC-yə (hazırda İddiaçı QSC BOKT) ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Kredit borcu üzrə tələb xeyli yüksək olduğundan məhkəmə müvafiq qərardadla mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/4606/2024 saylı rəyindən görünür ki, Cavabdeh2 rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 24 oktyabr 2022-ci il tarixinə (müqavilə müddətinin bitmə tarixə) "xxxx" ASC olan borcu 42411,91 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 38378,25 manat, faiz borcu üzrə 4033,66 manat. Qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 6100 manat məbləğində ödəniş aparılması da müəyyən edilir. Məhkəmə bu rəylə razılaşsa da, rəylə iddia ərizəsindəki borc məbləğləri arasında kəskin fərqin olmasına və MPM-nin 218.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, əsas və faiz borcu bankın tələb etdiyi məbləğdə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçıya tələbetmə hüququ ötürülmüş "xxxx" ASC və Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin razılaşma ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən iddia bu hissədə qismən təmin edilməli, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən 24 oktyabr 2019-cu il tarixli, 07/0001/KTK saylı kredit müqaviləsi üzrə 30220,67 manat əsas borc, 1405,48 manat faiz borcu olmaqla, cəmi 31626,15 manat məbləğində pul tutularaq İddiaçı QSC BOKT-ya ödənilməlidir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinin ilkin satış qiyməti barədə tərəflər arasında razılaşma olduğundan və bu qiymət “X1 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli hesabatı ilə müəyyənləşdirilən dəyərdən yuxarı olmaqla, iddiaçı tərəfindən qəbul edildiyindən həmin əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsində qeyd edildiyi kimi 75000 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, borcun ödənilməsi barədə tələb Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti olan Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə edilən pul borcun ödənilməsinə yönəldilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki işdə olan 24 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 bank tərəfindən 36 ay müddətinə, yəni 24 oktyabr 2022-ci ilədək qaytarılmaq şərti ilə illik 7 %-lə 40000 manat kredit verilmişdir. Digər cavabdehlə iddiaçı arasında həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı qarşısında öz üzərlərinə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarından görünür ki, əsas öhdəliyin müddəti xx.xx.2022-ci il tarixi göstərilmişdir. İddiaçı təşkilat isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Buna görə də Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Beləliklə, müəyyən edilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2023-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi zamin kimi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı QSC BOKT tərəfindən iddia ərizəsinin verilməsinə görə 199 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilidyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 189,38 manat hissəsi (tələb həcmində) Cavabdeh2 İddiaçı QSC BOKT-un xeyrinə tutulmalıdır. Bundan başqa, həmin cavabdehdən aparılmış ekspertiza və mütəxəssis tədqiqatlarının dəyəri kimi 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, 250 manat pul tutularaq “X1 Mərkəzi” MMC-nin hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 24 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 30220,67 manat əsas borc, 1405,48 manat faiz borcu olmaqla, cəmi 31626,15 manat məbləğində pul tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti təşkil edən Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 4,3901 ha torpaq sahəsinə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. İpoteka predmetinin likvid dəyəri 75000 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 189,38 manat hissəsi Cavabdeh2 İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. Cavabdeh2 aparılmış ekspertiza və mütəxəssis tədqiqatlarının dəyəri kimi 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, 250 manat pul tutularaq “X1 Mərkəzi” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar