Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1341/2022 29.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azəriqaz İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 583.2 manat əsas borc, 28.5 manat vəkil xərci və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 641.70 manat borcun tutularaq İddiaçı İBnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.05.2020-ci il tarixli 14/1963 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00363 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40021994 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 31.05.2020-ci il tarixli, ******* saylı akt əsasında 583.2 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 583.2 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 583.20 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Tərtər rayonunun Cəmilli kəndində yaşayır. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən ona məxsus olan torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsi iki hissəyə bölünməklə digər hissəsi onun həyat yoldaşına məxsusdur. Quraşdırılmış qaz sayğacı isə onun həyat yoldaşı Cavabdeh adınadır. Sayğac quraşdırılarkən Azəriqaz İB-nin əməkdaşı Z.Qasımov gələcəkdə torpaq sahələrinin bahalaşmasının istisna edilmədiyini qeyd edərək onun adına da sayğac quraşdırılmasını tövsiyyə etmiş və o, razılaşmışdır. Beləcə, akt tərtib edilmiş, sonradan, o və həyat yoldaşı Abşerona gəldikdə, məhkəmə bildirişi onlaraa təqdim olunmuş və barələrində cərimə hesablandığı bəlli olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş şəkildəki sayğac ona məxsus deyildir. Ona məxsus torpaq sahəsi iki hissəyə ayrıldığından torpaq sahəsinin bir hissəsində yaşayış yoxdur, digər hissəsində isə birmərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Sözügedən sayğac isə evdən 37 metr aralıda yerləşir. Bu səbəbdən də sayğaca müdaxilə olunması mümkün deyildir. İddiaçının iddia tələbləri ilə razılaşmadığından göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 08.05.2020-ci il tarixli, 14/1963 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -31.05.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent kodu **********00363 olan Cavabdeh məxsus Abşeron rayonu Hökməli qəsəbəsi ərazisinə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə etməsi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin nümayəndələri Z.Qasımovun, M.Mahmudovun imzaları ilə təsdiq edilmiş 31.05.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh sayğacdan kənar qeydiyyatsız təbii qazdan qeyri-qanuni istifadə etdiyindən təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmış, akt istehlakçı tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azəriqaz İB-nin 31.05.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 5832 m3 ödənilməsi, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq 31.05.2020-ci il tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********00363 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında 15.05.2020-ci il tarixdə Natek Enerji G-4 Mexanika tipli 40021994 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), aktlara əsasən hesablanmış abonentin 2020-ci ilə aid olan borcu 583.20 manat hesablanmış, ödəniş olaraq 2020-ci ildə 40 manat, 2021-ci ildə 224 manat ödəniş edilmişdir. -Mədaxil qəbzlərindən görünür ki, Azəriqaz İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 30 manat, vəkil xidmətinə görə cəmi 65 manat pul vəsaiti ödənilmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 1 (bir) ədəd fotoşəkildən və videogörüntüdən görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsində cavabdehə məxsus olan torpaq sahəsində hasara alınmış, bünövrəsi qoyulmuş sahədə birmərtəbəli fərdi yaşayış evi inşa edilmiş, qaz sayğacı evdən kənarda küçədə quraşdırılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Tərtər rayonu Cəmilli ərazi dairəsi Cəmilli kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). X5 tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş tədqiq edilmiş materiallarından və cavabdehin izahatından müəyyən edilir ki, abonentə məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə 31.05.2020-ci il tarixli, ******* saylı akt ilə bağlı qeyd edir ki, abonentdən ödənilməsi tələb olunan 583.20 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə Azəriqaz İB tərəfindən təqdim olunmuş 31.05.2020-ci il tarixli, ******* saylı aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, 31.05.2020-ci il tarixli, ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, X1 nümayəndələri tərəfindən istehlakçı barəsində 31.05.2020-ci il tarixli, ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, 31.05.2020-ci il tarixli, ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, 31.05.2020-ci il tarixli, ******* saylı aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Azəriqaz İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2020-ci il tarixli, ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Məhkəmə, mülki iş materiallarına əlavə olunmuş, sayğacların əks olunduğu ayrıayrılıqda olan 2 (iki) ədəd fotoşəkillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, abonent barəsində tərtib olunmaqla cərimə hesablanması ilə nəticələnmiş abonent saldosundan göründüyü kimi, abonent barəsində 583.20 manat cərimə məbləği hesablanmış, lakin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkildə və videogörüntüdə torpaq sahəsinin əks olunduğu ərazidə hasara alınaraq bir mərtəbəli fərdi yaşayış evi inşa edilmiş, quraşdırılmış qaz sayğacı evdən xeyli aralıda küçədə quraşdırılmış, beləliklə də hasardan kənarda küçəyə doğru çöl tərəfdə quraşdırılmış sayğacdan təbii qazdan qeyriqanuni istifadə edilməsi və nəticə etibarı ilə təbii qaza qanunsuz qoşulması, cərimə hesablanması mümkün deyildir. Azəriqaz İB-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 2-ci şəkildə əks olunmuş divarda quraşdırılmış qaz borusunun abonentə məxsus olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, bununla bağlı sübutetmə yükü daşıyan Azəriqaz İB-nin nümayəndəsi istinad etdiyi həmin halı, yəni sayğacın həqiqətən də abonentə məxsus olmasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, məhkəmə Azəriqaz İB-nin nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkli əsas sübut növü kimi nəzərə almır. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2020-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş abonent saldosu əsasında cavabdeh barəsində 583.20 manat cərimənin hesablanması müəyyən edilsə də, təbii qazdan istifadəyə görə sərfiyyatın məbləği hesablanmamışdır. Bu səbəbdən də, məhkəmə abonent saldosunu əsas sübut növü kimi qiymətləndirib nəzərə almır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbinin əsası kimi tədqiq olunmuş hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 65 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1341/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1341/2022
29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver