Məhkəmə qərarları › İş №e-2(012)-1344/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1344/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1344/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4570,51 manat əsas, 741,14 manat faiz, 80,93 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5392,58 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 74,33 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 56 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 5488 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 24 dekabr 2024-cü il tarixinə 4570,51 manat əsas, 741,14 manat faiz, 80,93 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5392,58 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, onun iddiaçı "xxxx" KB ASC-yə 6157 manat məbləğində borcu olmuş, hər ay borc üzrə 152 manat ödəniş etməsi nəzərdə tutulmuşdur. Daha sonra o, banka borca görə 2024-cü ilin dekabr ayı, 2025-ci ilin yanvar və fevral ayları üçün ödənişlər edərək həmin məbləği 4496 manata endirmişdir. Qeyd edir ki, o, borcuna görə banka ödənişlər edəcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 589nkXRD/22 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 56 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 5488 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 589nkXRD/22 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 24 dekabr 2024-cü il tarixinə 4570,51 manat əsas, 741,14 manat faiz, 80,93 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 5392,58 manat borcu vardır. İş materiallarında olan 27 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 589nkXRD/22 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 27 mart 2025ci il tarixinə 4570,51 manat əsas, 125,72 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 4696,23 manat borcu vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci və 448.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 589nkXRD/22 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2022-ci il tarixli, 589nkXRD/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Bundan başqa iddiaçı şirkət iddia tələbində Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4570,51 manat əsas, 741,14 manat faiz, 80,93 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5392,58 manat borc tutulmasını xahiş etsə də iddia ərizəsi verildikdən sonra Cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla, cavabdehin nə qədər borcu olması barədə maliyyə arayışının təqdim edilməsi ilə bağlı iddiaçı şirkətə sorğu verilmiş, sorğu əsasında məhkəməyə təqdim edilmiş 27 mart 2025-ci il tarixli maliyyə arayışında Cavabdeh sözügedən kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 27 mart 2025-ci il tarixinə 4570,51 manat əsas, 125,72 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 4696,23 manat borcu olduğu göstərilmiş, buna baxmayaraq iddiaçı şirkət iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaya maliyyə arayışında qeyd edilmiş borc məbləği əsas götürülməklə qiymət verilməli, Cavabdeh 4570,51 manat əsas, 125,72 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 4696,23 manat məbləğində vəsait iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 74,33 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4570,51 manat əsas, 125,72 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 4696,23 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,33 manat tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar