Məhkəmə qərarları › İş №e-2(012)-1409/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1409/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1409/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 127,35 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(078)-173/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 150 manat, xx.xx.2022-ci il tarixində ödənilən 699 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 127.35 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən "xxxx" QSCyəödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 127.35 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vatında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı «X3 Azərbaycan» QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Mülki iş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 173/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 669.48 (altı yüz altmış doqquz manat qırx səkkiz qəpik) manat əsas borc, 29.92 (iyirmi doqquz manat doxsan iki qəpik) manat faiz borcu, 110.93 (bir yüz on manat doxsan üç qəpik) manat cərimə borcu, cəmi 810.33 (səkkiz yüz on manat otuz üç qəpik) manat məbləğində pul iddiaçı “X3 Azərbaycan” QSC -nin xeyrinə tutulsun. “X3 Azərbaycan” QSC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 3 (üç) manat və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5 (beş) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İşdə olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilədən görünür ki, bank məhkəmə qərarları üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli təhvil aktının surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 699 manat vəsait ödəmişdir. Büronun xidmət haqqı 104,85 manat (15%) təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC problemli işlər üzrə müştərilərdən yığdığı cəmi 14360,59-2154,08 manat vəsaiti "xxxx" QSC-yə ödəmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, «X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq "X3 Azərbaycan" QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 849 manat məbləğində pul vəsaitinə görə «X3 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 127,35 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xidmət haqqını ödəməsi barədə xəbərdar edilmişdir. Mədaxil qəbzindən görünür ki, «X3 Azərbaycan» QSC 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. İcra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. İcra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır (“İcra haqqında” Qanun 78.1-78.4). Məhkəmə hesab edir ki, icra sənədinin icrası üçün borcludan icra ödənişinin tutulması icra qurumunun səlahiyyəti daxilindədir. Həmin məbləğin borcludan tutulması üçün yeni məhkəmə qətnaməsi qəbul edilmir. İddiaçı bankla "xxxx" MMC arasında bağlanmış müqavilənin cavabdehə heç bir aidiyyatı yoxdur və həmin müqavilə üzrə ödənilən xidmət haqqı maddi zərər kimi qiymətləndirilə və cavabdehdən tutula bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Göründüyü kimi qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası ilə bağlı özəl şirkətlər tərəfindən hər-hansı xidmətlərin göstərilməsi nəzərdə tutulmamışdır və bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar