Məhkəmə qərarları › İş №e-2(012)-141/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-141/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-141/2024 07.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinə əsasən yaranmış borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7741,2 manat məbləğində əsas borcun, 1342,44 manat məbləğində faiz borcunun, 106,68 manat məbləğində cərimə borcunun, cəmi 9190,32 manat borcun və 113 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 21% olmaqla 8200 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin hüquqi şəxslərin qeydiyyatı barədə reyestrdən çıxarış əlavə edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən, əsas borc hissəsində qəbul etdiyini bildirdi. O qeyd etdi ki, 8200 manat kredit götürmüş, bundan 3000 manata yaxın ödəniş etmişdir. Onun bu qədər faiz və cərimə borcu ola bilməz. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan xx.xx.2022-ci il tarixdə imzalanmış CC/27166/85/10 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 21% hesablanması şərti ilə 60 ay müddətinə 8200 manat məbləğində kredit verilmişdir. İşdə olan 3020 saylı xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə imzalanmış CC/27166/85/10 saylı kredit sazişinə əsasən ona verilmiş 8200 manat krediti İddiaçı ASC-dən qəbul etmişdir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə imzalanmış CC/27166/85/10 saylı kredit sazişinə əsasən onun İddiaçı ASC-yə 7741,2 manat məbləğində əsas borcu, 1342,44 manat məbləğində faiz borcu, 106,68 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9190,32 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən (pretenziya) görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə imzalanmış CC/27166/85/10 saylı kredit sazişinə əsasən onun İddiaçı ASC-yə 7741,2 manat məbləğində əsas borcu, 1238,48 manat məbləğində faiz borcu, 106,68 manat məbləğində cərimə borcu vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 9/9666/2023 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli CC/27166/85/10 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 9.082,01 manat məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə-7740,90 manat; faiz borcu üzrə-1341,11 manat. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi (saziş) bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, borcu yaranmışdır. Bank bu borcu özünün xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə əsaslandırmışdır. Lakin mübahisənin daha obyektiv həll edilməsini nəzərə alan məhkəmə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli CC/27166/85/10 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 9.082,01 manat məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə-7740,90 manat; faiz borcu üzrə- 1341,11 manat. Məhkəmə ekspertin həmin rəyini əsas borcun tutulması üçün daha mötəbər sübut hesab edir və yaranmış əsas borcun məhz bu məbləğdə olması qənaətinə gəlir. Bununla belə, işdən görünür ki, bank kredit müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyinə görə Cavabdeh xx.xx.2023-cü il tarixdə pretenziya göndərmiş və hesab etmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə imzalanmış CC/27166/85/10 saylı kredit sazişinə əsasən onun İddiaçı ASC-yə 7741,2 manat məbləğində əsas borcu, 1238,48 manat məbləğində faiz borcu, 106,68 manat məbləğində cərimə borcu vardır. Müqavilə üzrə tutulmalı faiz borcunun məbləğini məhkəmə həmin bildirişdə göstərilmiş məbləğdə müəyyən edilməsini daha məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 106,68 manat cərimə azaldılmalı və 5,62 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 7740,90 manat əsas borc, 1238,48 manat faiz borcu, 5,62 manat cərimə borcu olmaqla, cəmi 8985 manat pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 113 manat dövlət rüsumunun 109,85 manat hissəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda, ekspertizanın xərci kimi tələb edilən 100 manat vəsait isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7740,90 manat əsas borc, 1238,48 manat faiz borcu, 5,62 manat cərimə borcu olmaqla, cəmi 8985 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109,85 manat dövlət rüsumuna görə pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh ekspertiza xərci olaraq 100 manat pul utularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar