Məhkəmə qərarları › İş №e-2(012)-1443/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1443/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1443/2022 04.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə 04 may 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehİddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 583.2 (beş yüz səksən üç manat iyirmi qəpik) manat, təbii qazdan istifadəyə görə 366.5 (üç yüz altmış altı manat əlli qəpik) manat, 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 1045.1 (min qırx beş manat on qəpik) manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.04.2020-ci il tarixli 14/1620 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00252 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40016536 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Belə ki, 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 583.2 manat İddiaçı İBnə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2020-ci ilin aprel ayında 2021-ci ilin oktyabr ayına cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 366.5 manat təşkil edir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 583.2 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 949.7 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada göndərilmiş bildiriş qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.04.2020ci il tarixli, 14/1620 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşin materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* saylı sonuncu aktdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli kəndində (abonent kodu: **********00252) yaşayan istehlakçı Cavabdeh sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İşin materiallarında olan abonentin saldo cədvəlindən müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı İB-yə 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat ziyan dəymişdir, həmin ünvana sayğac 28.04.2020-ci il tarixdə quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 30 aprel 2020-ci il tarixdə İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abunə kodu - **********00252) təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə etməsi aşkar olunmuş, bununla əlaqədar 30.04.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya 583.2 manat cərimə hesablanmışdır. Aktdan görünür ki, əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Lakin iddiaçı cavabdehin sayğacdan əvvəl təbii qazdan istifadə etməsi ilə bağlı mötəbər sübutlarını iş materiallarına əlavə etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin 366,5 manat debitor borcu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməli, 366,50 manat debitor borcuna görə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, 19.01.2022-ci il tarixli ödəniş tapşırığına əsasən, "xxxx" MMC tərəfindən “İsmayılbəyli və Partnyorları” Vəkil bürosunun hesabına cəmi 1170 manat (19.01.2022, 11-28 saylı müqavilələr üzrə hər biri 55 order, 10 marka) ödənilmişdir. İddia qismən təmin edilidiyindən vəkil xərcinə görə 30 manat məbləğində pul vəsaiti ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 366,5 manat məbləğində debitor borcu, ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul və vəkil xərcinə görə 30 manat, cəmisi 416,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan X1 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar