Məhkəmə qərarları › İş №e-2(012)-147/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-147/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-147/2025 10.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11736,82 manat məbləğində əsas bоrc, 1710,25 manat məbləğində faiz bоrcu və 890,27 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14337,34 manat məbləğində bоrcun və ödənilmiş 133,01 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2263,18 manat ödəniş etmiş və оnun iddiaçıya 11736,82 manat məbləğində əsas kredit bоrcu qalmışdır. Cavabdeh1 kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 257 gün üçün hesablanmış faiz borcu 1710,25 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 257 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 890,27 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər iştirak etməmişlər. Bununla belə, Cavabdeh1 məhkəməyə ərizə göndərərək, borc məbləği ilə razılaşmadığını bildirmiş, faiz və cərimə borcunun silinməsini xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 005A********** saylı (razılaşma) müqavilədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 005G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 borcverən İddiaçı QSC-dən xx.xx.2022-ci il tarixli 005A********** saylı (kredit razılaşması) kredit müqaviləsinə əsasən kredit götürməsinə zamin durmuş və “Zamin” ilə “Borcalan” həmin kredit müqaviləsi üzrə alınmış kreditin qaytarılmasında “Borcverən” qarşısında birgə cavabdehdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 11736,82 manat məbləğində əsas bоrc, 1710,25 manat məbləğində faiz bоrcu və 890,27 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14337,34 manat borcu vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli 9/6256 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 005A********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 16 yanvar 2024-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 13241,17 manat məbləğində müəyyən edilir, o cümlədən: -əsas borc üzrə 11783,35 manat, - faiz borcu üzrə 1457,82 manat. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Təsvir olunanlarla müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 005A********** saylı kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyini yerinə yetirməməsi səbəbindən xx.xx.2022-ci il tarixli 005G**********01 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 həmin kredit razılaşmasının təminatçısı- yəni zamin olaraq götürdüyü öhdəliyi pozmuşdur. Bank kredit müqaviləsi üzrə yaranmış borcu özünün maliyyə arayışı ilə əsaslandırmışdır. Lakin tərəflər arasında bu barədə mübahisə yarandığı üçün məhkəmə özünün müvafiq qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli 9/6256 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 16 yanvar 2024-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 13241,17 manat məbləğində müəyyən edilir, o cümlədən: -əsas borc üzrə 11783,35 manat, - faiz borcu üzrə 1457,82 manat. Məhkəmə ekspert rəyini mübahisə üzrə daha mötəbər və neytral sənəd kimi qəbul edir. Bununla belə, tələb edilən əsas borc rəydəki əsas borcdan az olduğuna görə məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından belə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 11736,82 manat məbləğində əsas bоrc və 1457,82 manat faiz borcu tutulmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 005A********** saylı kredit razılaşması üzrə hesablanmış 890,27 manat məbləğində cərimənin məbləği azaldılaraq 55,36 manat müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11736,82 manat əsas, 1457,82 manat faiz və 55,36 manat cərimə olmaqla, cəmi 13250 manat pul alınaraq İddiaçı QSC-yə qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 133,01 manat dövlət rüsumunun 130 manat hissəsinin əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11736,82 manat əsas, 1457,82 manat faiz və 55,36 manat cərimə borcu olmaqla, cəmi 13250 manat pul və ödənilmiş 130 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar