Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1472/2022 25.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun saxlanılması tələbinə dair qarşılıqlı iddia ərizəsini və qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun saxlanılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Sadıqova (Qəribova) Aytən Məhəmməd qızının və 11.10.2017-ci il təvəllüdlü X1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 21 nömrəli evin, 77 nömrəli mənzilindən çıxarılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi və Sadıqova (Qəribova) Aytən Məhəmməd qızının qarşılıqlı iddia ərizənin təmin edilərək onun və övladı 11.10.2017-ci il təvəllüdlü X1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 21 nömrəli evin, 77 nömrəli mənzilinə istifadə hüquqlarının saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 155-ci maddəsinin tələblərinə cavab vermədiyindən qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 149.1 maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 155.1. maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3. maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmçinin, Mülki Prosessual Məcəllənin: 156.1. maddəsinə əsasən, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Hazırki qarşılıqlı iddia ərizəsinin məzmundan görünür ki, ilkin iddia ərizəsi üzrə Cavabdeh İddiaçı azyaşlı uşağı ilə birlikdə mənzildən çıxarılmasını xahiş etdiyi halda, İddiaçı isə həmin mənzilə istifadə hüquqlarının saxlanılmasını xahiş etmişdir. Göründüyü kimi, ilkin iddia ərizəsi üzrə cavabdeh ilkin iddianın qarşılıqlı ödənilməsinə yönəlmiş qarşılıqlı iddia ərizəsi verdiyi halda, həmin ərizəni müstəqil iddia ərizəsi şəklində verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin: 35.3. maddəsinə əsasən, qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib qarşılıqlı iddia ərizəsini qiymətləndirib belə qənaətə gəlir ki, qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, qarşılıqlı iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada mənzilə istifadə hüquqlarının saxlanılması tələbinə dair müstəqil iddia ərizəsi ilə və ya qanunvericiliyin tələblərinə əsasən, ilkin iddiaya birlikdə baxılması üçün həmin mülki iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun saxlanılması tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1472/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1472/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver