Məhkəmə qərarları › İş №e-2(012)-1475/2023

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-1475/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1475/2023 22.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 91.8 manat vurulmuş zərər, hüquqi xidmət və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmasına görə 100 manat və ödənilmiş 30.4 manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 222.2 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərinin göstərilməsi məqsədilə “Televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixdə TR 057 saylı və xx.xx.2011-ci il tarixdə TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətti çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Arayışa əsasən, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 77 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən, ünvan 2 ünvanı 2014-cü ildən cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2012-ci il tarixdə həmin ünvanda yaşayan Edqar Nəbiyev ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən, mənzil “KATV 1” xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, abonent son ödəməsini xx.xx.2013-cü il tarixədək etmiş və həmin ünvandan xx.xx.2013-cü il tarixdə 23.7 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firması və “KATV 1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə həmin tarixdə 4773N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Akt tərtib edilənədək həmin ünvan üzrə mənzilə sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. Beləliklə də, qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni, kabel şəbəkəsinə baxış keçirilməsə idi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Bu səbəbdən də, qanunsuz qoşulma nəticəsində yaranmış borc cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək mülki işə cavabdehin iştirakı olmadan baxılmaqla yekun məhkəmə aktı olaraq qiyabi qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmiş və bu barədə xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 238.1. maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" hüquq firmasının, KATV-1, Rabitə Nazirliyinin əməkdaşları tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2013-cü il tarixli, 4773N saylı aktdan görünür ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və nəticədə, aktı imzalatmaq mümkün olmadan akt qapının kandarına yerləşdirilmişdir. -İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri M.Cəlal küçəsi 37 saylı evin, 40 saylı mənzilinə 4773 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2015-ci il tarixdə həmin binaya baxışı keçirilmişdir. -İddiaçı MMC-nin (KATV-1) xx.xx.2022-ci il tarixli arayışından məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 37 saylı evin, 40 saylı mənzilində yaşayan Edqar Nəbiyev arasında bağlanmış KATV-1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən, xx.xx.2012-ci il tarixdə bu ünvan KATV-1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2013-cü il tarixədək isə son ödəməsini edərək xx.xx.2013-cü il tarixdə 23.7 manat borc ilə şəbəkədən ayrılmışdır. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki iş üzrə göstərilən hüquqi xidmətə görə 100 manat ödənilmişdir. -77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 378 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr, M.Cəlal küçəsi, 37 saylı evin, 40 saylı mənzili 2014-cü ildən Cavabdeh məxsusdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Camalov X1 rayonu, Saray qəsəbəsi, R.Nəbiyev küçəsi, 24 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Paşayev küçəsi, 37 saylı evin, 40 saylı mənzilinin sahibi Cavabdeh xx.xx.2013-cü il tarixdə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmaqla iddiaçıya ziyan vurması aşkar edilmiş və bu barədə aidiyyəti qurumların səlahiyyətli nümayəndələri tərəfindən həmin tarixli 4773N saylı akt tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa vurulan ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl mülki hüquq pozuntusu adlanır və belə pozuntu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, mülki iş materiallarına əlavə olunmuş arayış və iddia ərizəsinin məzmunundan müəyyən olunduğu kimi, iddiaçının kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində sonuncu dəfə baxışın keçirildiyi xx.xx.2015-ci il tarixdən aktın tərtib olunduğu xx.xx.2015-ci il tarixədək olan müddət ərzində 306 gün müddət üçün hər günə 0.3 manat maddi ziyan hesablanmaqla ümumilikdə, cəmi 91.8 manat ziyanın dəyməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddia ərizəsi bu hissədə təmin edilərək cavabdehdən iddiaçının xeyrinə vurulmuş ziyana görə 91.8 manat pul vəsaiti tutularaq ödənilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş ödəniş məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verib qanununvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh kabel televiziyasına qanunsuz qoşulması nəticəsində vurulmuş ziyana görə 91.8 manat, ödənilmiş dövlət rüsumuna görə 30.4 manat və hüquqi xidmətə görə ödənilmiş 100 manat olmaqla, ümumilikdə, cəmi 222.2 manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5. maddəsinə əsasən, işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 238, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh kabel televiziyasına qanunsuz qoşulması nəticəsində vurulmuş ziyana görə 91.8 (doxsan bir manat səksən qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 30.4 (otuz manat qırx qəpik) manat və hüquqi xidmətə görə ödənilmiş 100 (yüz) manat olmaqla, ümumilikdə, cəmi 222.2 (iki yüz iyirmi iki manat iyirmi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar