Məhkəmə qərarları › İş №e-2(012)-1477/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1477/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1477/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 avqust 2023-cü il tarixli, MNR-401- 0068-23 saylı kredit müqaviləsinə əsasən 1480 manat əsas kredit borcu, 182,12 manat cərimə borcu olmaqla cəmi 1662,12 manat, həmçinin 36,62 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh ilə bağlanmış 02 avqust 2023-cü il tarixli, MNR-401-0068-23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 1620 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehin xx.xx.2023-cü il tarixinə 1480 manat əsas kredit borcu, 182,12 manat cərimə borcu olmaqla cəmi 1662,12 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli, MNR-401-0068-23 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh 12 ay müddətinə 1620 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixə 02 avqust 2023-cü il tarixli, MNR-401-0068-23 saylı kredit müqaviləsi üzrə 1480 manat əsas kredit borcu, 182,12 manat cərimə borcu olmaqla cəmi 1662,12 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin 02 avqust 2023-cü il tarixli, MNR-401-0068-23 saylı kredit müqaviləsinə əsasən hesablanmış 182,12 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək cərimə pulu 10 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 36,62 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 02 avqust 2023-cü il tarixli, MNR-401-0068-23 saylı kredit müqaviləsinə əsasən 1480 manat əsas kredit borcu, 10 manat cərimə borcu olmaqla cəmi 1490 manat, həmçinin 36,62 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar