Məhkəmə qərarları › İş №e-2(012)-149/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-149/2023

10.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-149/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 1179,50 manat pulun, ödənilmiş 31,79 manat dövlət rüsumunun əvəzinin və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən X2 məxsus mənzil "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən su axması nəticəsində həmin ünvanda yerləşən 157 saylı mənzilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar 75 saylı mənzil komunal istismarı sahəsinin məsul şəxsləri tərəfindən 03 may 2019-cu il tarixində akt tərtib olunmuşdur. Müstəqil sığorta eksperti tərəfindən tərtib olunmuş qüsur aktına əsasən ünvan 3 ünvanında yerləşən X2 məxsus mənzilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1429,50 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 05 mart 2020-ci il tarixli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən dəymiş ziyana görə əmlakın dəymiş ziyan üzrə müqavilə əsasında 250,00 manat azadolma çıxılmaqla 1179,50 manat məbləğində sığorta ödənişinin zərərçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, qeyd edilən ünvanda o yox, oğlu yaşayır. Sığorta şirkətinin pul ödədiyi qonşunu tanımır və ona zərər vurmayıb. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də 25000 manat dəyərində daşınmaz əmlakn icbari sığortası növündə sığortalanmış X2 məxsus ünvan 4 ünvanındakı 2 saylı mənzilinə xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi zamanı 1429,50 manat dəyərində ziyan dəymiş, 1179,50 manat sığorta ödənişinin məbləği mənzilin təmiri üçün X1 hesabına köçürülmüşdür. - xx.xx.2020-ci il tarixli CPİ-211/2020 saylı ödəniş tapşırığının surətindən görünür ki, X1 hesabına Paşa Sığorta ASC tərəfindən sığorta ödənişinin məbləği olaraq 1179,50 manat köçürülmüşdür. - xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 (yeni qaydalarla ünvan 4 ünvanındakı 2 saylı mənzil) X1 mülkiyyətindədir. - “Binəqədi-M” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X1 müraciətinə əsasən ünvan 3-a baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə həmin binanın Cavabdeh məxsus 162 saylı mənzilindən axan su nəticəsində X2 məxsus 157 saylı mənzilinə zərər dəymişdir. - "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinə dair P 20028 saylı, xx.xx.2020-ci il tarixli rəyinin surətindən görünür ki, ünvan 3-ə dəyən zərərin məbləği 1429,50 manat təşkil edir. - "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş məktubdan görünür ki, sığorta şirkəti ödənilmiş 1179,50 manat sığorta məbləğinin 15 gün müddətində ödənilmədiyi təqdirdə subroqasiya qaydasında məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8664-9/9498 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan sənədlərə istinad edilməklə xx.xx.2020-ci il tarixində baş vermiş su sızma hadisəsi nəticəsində X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, 143 В saylı evin 157 saylı mənzilinə dəymiş ziyanın ümumi məbləğinin 1429,5 manat məbləğində olduğu müəyyən olunmuşdur. Mülki iş materiallarından görünür ki su sızma nəticəsində mənzilin əyşalarına deyil, tikinti konstruktiv elementlərinə ziyan dəymişdir. Odur ki, məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə tədqiqat aparılmamışdır. - Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsində nəzərdə tutulmuş təqsirli ənəl törədən şəxs tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, 143B saylı evin Cavabdeh məxsus 162 saylı mənzilindən axan su nəticəsində X2 məxsus 157 saylı mənzilə zərər dəymişdir. Hadisə “Binəqədi-M” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin xx.xx.2020-ci il tarixli arayışı ilə təsdiq edilmişdir. Müəyyən edilmişdir ki, baş vermiş sığorta hadisəsi nəticəsində X2 məxsus mənzilə 1429,50 manat dəyərində ziyan dəymiş, azadolma məbləği çıxıldıqdan sonra qalan 1179,50 manat pul xx.xx.2020-ci il tarixli ödəniş tapşığırına əsasən ödənilmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış mənzilə görə edilmiş sığorta ödənişi məbləğinin cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq 1179,50 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində də dəymiş ziyanın məbləği 1429,50 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş hadisə nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq ekspert rəyi və qüsur aktı ilə müəyyən edilmiş 1179,50 (1429,50-250) manat pul vəsaitinin cavabdehdən tutulmasını əsaslı hesab edərək, iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31,79 manat dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti isə cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1179,50 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 31,79 manat pul və 0,40 manat bank xidməti xərci tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar