Məhkəmə qərarları › İş №e-2(012)-150/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-150/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-150/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsas və faiz borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsas və faiz borcunun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 2138 manat, faiz borcu 2860 manat olmaqla, cəmi 4998 manat məbləğində kredit borcunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Bakı filialı ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında 15 iyul 2013-cü il tarixli 42 saylı “Birgə borclularla” Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən heyvandarlıq məqsədilə Cavabdeh1 1200 (bir min iki yüz) manat, Cavabdeh3 1000 (bir min) manat və Cavabdeh2 1000 (bir min) manat illik 27 % olmaqla 24 ay müddətinə, toplamda 3200 (üç min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Birgə borclular qrupunun hər biri borcu qəbul etməyi, bu Müqavilədə göstərilən göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 27 % həcmində cərimə tətbiq edir. Cavabdehlər iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hazırda olan borcu əsas borc üzrə 2138 (iki min bir yüz otuz səkkiz) manat, faiz borcu üzrə 2860 (ikimin səkkiz yüzaltmış) manat olmaqla,cəmi 4998 (dörd min doqquz yüz doxsan səkkiz) manat məbləğində təşkil edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirdi ki, o bankdan kredit götürmək məqsədilə müqaviləni imzalasa da, ona heç bir pul məbləği verilməyib. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirdi ki, o bankdan kredit götürmək məqsədilə müqaviləni imzalasa da, ona heç bir pul məbləği verilməyib. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirdi ki, o bankdan kredit götürməyib. Heç bir müqaviləni imzalamayıb. Müqavilədəki imzalar da ona aid deyil. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 42 saylı birgə borclularla kredit müqaviləsi fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı – “Bank”, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 – “birgə borclular” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən heyvandarlıq məqsədilə Cavabdeh1 1200 (bir min iki yüz) manat, Cavabdeh3 1000 (bir min) manat və Cavabdeh2 1000 (bir min) manat illik 27 % olmaqla 24 ay müddətinə, toplamda 3200 (üç min iki yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2024-cü il tarixə olan borcu əsas borc üzrə 2138 manat, faiz borcu 2860 manat olmaqla, cəmi 4998 manat təşkil edir. Müqavilə üzrə cəmi 1872 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə borcunun olması və onu ödəməsi barədə xəbərdar edilmişdir. Bildiriş üzrə onun borcu əsas borc üzrə 2138 manat, faiz borcu 2860 manat olmaqla, cəmi 4998 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1002 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, xx.xx.2013-cü il tarixli, 42№-li Birgə borclularla Kredit müqaviləsinin 3-cü səhifənin sonundakı “Birgə borclular” qrafasında 2-ci sırada olan Cavabdeh3 adının qarşısındakı imzanın - Cavabdeh3 tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbələrə görə müəyyən etmək mümkün olmamışdır. Rəyin təsviri hissəsindən görünür ki, tədqiq olunan imzanı Cavabdeh3 imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, qrafik materialın azlığı, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın Cavabdeh3 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2024-cü il tarixli, 9/5157 saylı rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 42 saylı “Birgə borclularla” kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilmiş məbləğin kreditin təyin edildiyi tarixlərdən etibarən Qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı QSC BOKT-a olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2138 manat,faiz borcu üzrə 5507,66 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2138 manat, faiz borcu üzrə 5515,68 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2138 manat, faiz borcu üzrə 5549,36 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2138 manat, faiz borcu üzrə 5669,62 manat müəyyən edillmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi imzalanıb. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Cavabdeh3 mübahisəli müqavilədəki imzanın onun tərəfindən icra edilmədiyini iddia etsə də, o bu iddiasını sübuta yetirə bilməmiş, məhkəmə tərəfindən işin obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilsə də, ekspert həmin imzanın Cavabdeh3 tərəfindən icra olunub-olunmamasını müəyyən edə bilməmişdir. Bundan sonra Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş, bununla da ekspert rəyi ilə razı olub-olmaması araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (Mülki Məcəllənin mübahisəli hüquq munasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (Mülki Məcəllənin mübahisəli hüquq munasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Təsvir olunanlarla müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 42 saylı kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməyərək İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini tamamilə yerinə yetirməmişdir. İşdəki mötəbər sübutlardan görünür ki, yaranmış borc əsas borc üzrə 2138 manat, faiz borcu 2860 manat olmaqla, cəmi 4998 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehlər Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə mühasibatlıq ekspertizası üçün 100 manat, məhkəmə xətşünaslıq ekspertizası üçün 120 manat rüsum tələb olunur. İddia təmin edildiyi üçün ekspertiza keçirilməsi üçün tələb edilən rüsumlar da cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birlikdə birgə borclu müqaviləsi üzrə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, hər 3 cavabdehdən müştərək qaydada xx.xx.2013-cü il tarixli 42 saylı kredit müqaviləsi üzrə 2138 manat əsas borcu, 2860 manat faiz borcu olmaqla, ümumilikdə 4998 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməli, həmçinin ekspertiza keçirilməsi üçün tələb edilən cəmi 220 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iddia təmin olunmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 2138 manat və faiz borcu üzrə 2860 manat olmaqla, cəmi 4998 manat məbləğində pul İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. Ekspertiza keçirilməsi üçün tələb edilən cəmi 220 manat pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar